Modern.az

"Sağ əlimiz o biri partiyaların başına..."

"Sağ əlimiz o biri partiyaların başına..."

Reportaj

4 İyun 2010, 20:05

VHP-nin yeni ofisindən reportaj Vətəndaş Həmrəyliyi Partiyası (VHP) iyunun 4-də n özünün Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədəki yeni-6 mərtəbəli ofisinin təqdimatını keçirib. Təqdimat olmazdan öncə redaksiyadan tapşırıq aldım ki, VHP-nin yeni ofisindən reportaj hazırlayım.

Yollandım tanımadığım ünvana. Metronun “Xətai” stansiyasının yaxınlığında “Turan”ın əməkdaşı Tofiq Türkellə yol yoldaşı oldum. Sözügedən ünvana taksi ilə getməli olduq. Ancaq sürücü bizi partiyanın qərargahından xeyli aralıda düşürüb, gözdən “itdi”. Səbəb də qərargaha gedən yolların hələ hamar olmaması idi. Qumlu və əyrü-üyrü yollar bizi partiyanın ofisinə apardı. Yol boyu partiyaya gedən  yolun bərbad olması ilə bağlı aramızda azca qeybət kimi, bir şey də oldu. Nəhayət, VHP-yə çatdıq. Göydələnlərin əhatəsində yerləşən 6 mərtəbəli binanın qarşısında  bizi xidmətçi xanım qarşıladı. O, bizə pilləkənləri göstərib, işarə etdi ki, yuxarı qalxaq. Biz də ayaqlarımızın qumunu-tozunu şırpıb qalxdıq üzü yuxarı... Binanın içi yaxşı təmir edilsə də, hələ ki, bəzi yarımçıq işlər qalır.

4-cü mərtəbədə partiya əməkdaşları ilə qaşılaşdıq. VHP funksioneri Samir Əsədli bizi öz otağına dəvət etdi. Təxminən yarım saata yaxın tədbirin başlamasını gözlədik.

VHP-də “Bütöv Azərbaycan ocağı”

Saat 14:00-da hamı bir nəfər kimi  6-cı mərtəbəyə - “Bütöv Azərbaycan ocağı” mətbuat zalına qalxdı. Burada da yarım saat gözlədikdən sonra mətbuat konfransı keçirildi. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı yeni ofis barədə tədbirə toplaşanlara ümumi məlumat  verdi: “Biz bir il yarımdı çox kiçik bir ofisə yığışmışdıq. Ancaq gördüyünüz kimi, bu ofisimiz çox geniş və rahatdır. Bu binada 5 təşkilat-VHP və onun qəzeti, DAK və onun orqanı olan “Bakı-Təbriz jurnalı” və “Azərbaycan dil qurumu” İctimai Birliyi fəaliyyət göstərəcək. Düzdür, binada görüləsi işlər hələ var. Təmir tam başa çatmayıb”. 

S.Rüstəmxanlı yeni ofisin  tikintisinə xərclənən vəsaiti əvvəlcə açıqlamaq istəməsə də, jurnalistlərin təkidindən sonra deməli oldu: “Bu ofis bizə 300 min manata başa gəlib. Təbii ki, bu cür partiya binası ilk dəfə VHP-yə qismət oldu. Bu da siyasi partiyaların müstəqilliyinə rəvac verən hadisədir. Bu vəsaitin bir hissəsi VHP-nin öz daxili imkanları və partiya üzvlərinin yaxın adamları hesabına toplanıb, bir hissəsi isə kreditə götürülüb. Mən yavaş-yavaş həmin krediti ödəməyə başlamışam. Şükürlər olsun ki, ofisin tikintisi üçün torpağı dövlətdən alarkən hər hansı problemlə üzləşmədim. Qərargahın yerləşdiyi torpağı da dövlət qiymətinə aldım”. 

Daha sonra Sabir Rüstəmxanlı xarici ölkələrdə baş tutan səfərləri və görüşləri barədə geniş məlumat verdi.

 

Qaranlıq və işıqlı otaqlar

Mətbuat konfransı başa çatdıqdan sonra VHP sədri tədbir iştirakçılarını öz otağı ilə tanış etdi. Sədrin otağı qaranlıq olsa da çox komfortlu şərait vardı. Bir tərəfdə Sabir müəllimin kitab rəfi, modern mebel dəsti və s.

Sədrin otağına toplaşanlar ona təbriklərini ünvanlayıb, yavaş-yavaş binanı tərk etməyə başladılar. Mənsə qonaqlar gedəndən sonra bina “sakinləri” ilə qısa və tələm-tələsik söhbətləşməyi qərara aldım. Yazacağım reportaj üçün.

 

Əvvəlcə dəvət olunduğumuz otaqdan başladım. Yəni VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədlinin otağından. Otaqda səliqə-səhman vardı. Sədrin otağından fərqli olaraq Samir bəy otağına lampa taxmaqla buranı işığa qərq eləmişdi. Sonradan apardığım müşahidələrdən bildim ki, sədrlə təşkilat şöbəsi müdirnin otağı tam da olmasa, “full” düzəldilib.

 

Sonra VHP gənclər təşkilatının sədri Pərviz Həsənov və onun müavini Ceyhun Nəbiyevlə tanış olduq. Onlar yeni ofisə köçdükləri üçün çox məmnun olduqlarını dedilər. Ancaq VHP-çi gənclərin rəhbəri və müavini öz işləri barədə məlumat  verə bilmədilər. Səbəbini isə onunla izah etdilər ki, yeni seçiliblər, hələ hər şey irəlidədir. Y

eni ofisə gətirilən köhnə ənənə

Mətbuat və informasiya otağı da bir az səliqəyə salınmışdı. Otaqda bir kreslo olsa da, əslində burada 3 nəfər əyləşir. Mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlu, əməkdaşlar Talıb Əhədov və Nəsimi Şərəfxanlı.

Onlar da yeni ofisə köçməkdən razı qalmışdılar. Ancaq Anar Mahmudoğlunun bir narazılığı vardı. Dedi: “Belə də iş olar?! Köhnə ofisdə də, təzədə də mənim otağım siqaret çəkmək yeri olub. Bura gələndə sevinmişdim ki, canım oradan qurtardı. Amma...”.

Nə deyə bilərdim, məsləhətim odur ki, “NO SMOKİNG!” yazıb, otağınızın qapısına vurasınız.

VHP-nin sədr aparatının yerləşdiyi otaq dəhlizin sonunda idi. Burada sədrin müşaviri Bəhmən Sultanlı və onun işçiləri Yusif Salmansoyla Azər Canıyev oturur. Bəhmən müəllim otağında olsa da, digərləri işə gəlməmişdilər.

 

Narazılar...

Dünya Azərbaycanlıları Konqresinin ofisi müvəqqəti olaraq 4-cü mərtəbəyə “deportasiya olunub”. Əslində DAK-ın ofisi birinci mərtəbədədir. Sadəcə orada təmir işləri başa çatmadığından qurumu müvəqqəti olaraq yuxarıda məskunlaşdırıblar. DAK-ın təşkilat sədri Samir Turan, onun müavini Fuad Turan və mətbuat xidmətinin rəhbəri Real Cəfərli ilə də ayaqüstü söhbətləşdik. Yeni ofisə köçdüklərinə görə, sevincdən gözləri gülən işçilərlə yanaşı, kədərlənən də varmış.

Samir Turan yeni ofisə köçdükləri üçün çox pis olduğunu dedi: “Bizim təşkilat heç istəmirdi bura köçsün. Çox narazıyam. Adam burada sıxılır. Çünki köhnə ofisimiz şəhərin mərkəzində idi”.

Partiyanın “Vətəndaş Həmrəyliyi” adlı qəzetinin redaksiyasına da baş çəkdim. Qəzetin baş redaktoru İbrahim Quliyev və əməkdaşı Zakir Əvəzoğluna 2 otaq verilsə də, hələ ki, birində qərar tutublar. Onların da narzılığı vardı: “Biz yeni ofisə adaptasiya olunmamışıq. Yəqin ki, qısa müddətə hər şeyə alışarıq. Ancaq yenə də köhnə ofis mərkəzdə idi. Bircə problem ondadır ki, şəhərin mərkəzindən çox uzaq düşmüşük”.

 

VHP sədrinin beynəlxalq və ictimai-siyasi əlaqələr üzrə müşaviri Arif İsmayılov da şikayətçilər sırasında idi. Amma o, başqa şeydən şikayətçiydi: “Görürsüz də, nə gündədir mənim otağım?! Hamısı Samirin günahı üzündəndir. Öz otağını səliqə-sahmana salıb, ancaq mənim otağımın düzəldilməsinə imkan vermir”.

 

“İşçilər doğru fikirləşmir”

 

Narazı tərəflərin şikayətini dinləyib, qarşı tərəfin fikrini də öyrəndim. VHP sədri Sabir Rüstəmxanlı işçilərinin doğru düşünmədiyini dedi: “Biz köhnə ofisə gedəndə də vaxt itirirdik. Ora mərkəzdə olduğundan müəyyən tıxaclar olurdu. Amma bura gəlmək çox rahatdır. Bir azdan bizim binanın yanına Ukrayna və Belarusun səfirlikləri də köçəcək. Burada “AMAY” ticarət mərkəzi də yerləşir. Həmçinin, burada 200 nəfərlik qaçqın şəhərciyi də salınacaq. Bura həm diplomatik, həm də ticarət mərkəzlərinin yerləşdiyi yerdir. Düzdür, hələ ki, ətrafımız xarabalıqdır. Hələ bizim binamızda da yarımçıq işlər qalır. Əsas odur ki, başımızın üstündə çardaq var. Əlbəttə ki, bunların hamısı yavaş-yavaş düzələcək. Bir neçə ildən sonra bura şəhərin ən gur yerlərindən birinə çevriləcək”.

 

Qeyd etdiyim kimi, Sabir Rüstəmxanlının otağı  5-ci mərtəbədə yerləşir. Həmçinin Ali Məclisin sədri Rafiq Manaflı və katib Vasif Həsənlinin otağı da bu mərtəbədədir. VHP-çi Elçin Məlikovun da sevincinin həddi-düdudu yox idi.

Partiya sədrinin müavinləri Fəzail İbrahimli və Nurəddin Mehdixanlı ilə görüşümüz baş tutmasa da, otaqlarına baş çəkə bildim. Amma baş çəkməsəm ondan yaxşı idi. İçəridə səliqəsizlik hökm sürürdü. Yəqin tezliklə düzəldərlər.

Bu Vətəndaş Həmrəyliyi Partiyasının yeni qərargahında görüb-eşitdiklərim və tələsik yazdıqlarım. Sonda VHP-yə "mübarəkdir" deyək. Bir də Sabir müəllimin dediyi kimi, sağ əlləri o biri partiyaların başına...

 

Partiyanın qərargahına aparan tozlu-qumlu yol...

 

Bu da VHP-nin yeni özəl mülkü.

 

"Bura köçməsəydik, təmir başa çatmayacaqdı".

 

Mətbuat konfransı keçirilir.

Samir Əsədli otağında səliqə-səhman yaratmışdı.

 

Qonaqlar sədrin otağı ilə tanış olurlar.

 

Bura VHP-çilərin yeməkxanası olacaq.

 

"Vətəndaş Həmrəyliyi" qəzetinin redaksiyası.

 

"Biz mərkəzdən bura köçməyi istəmirdik"

 

VHP-çi gənclərin rəhbərləri.

 

"İşçilərimin narazılığına heç bir əsas yoxdu".

 

Tort qonaqlığı.

 

Açılışa toplaşan partiya üzvləri.

Günay Musayeva

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi