Modern.az

Yeni benzin markaları haradan alınır? - Yanacaqdoldurma şirkətlərindən AÇIQLAMA

Yeni benzin markaları haradan alınır? - Yanacaqdoldurma şirkətlərindən AÇIQLAMA

7 Aprel 2014, 16:13

Aprelin 1-dən etibarən ölkədə Avro-4 standartları tətbiq olunmağa başlayıb. Hökumət bu addımla ətraf mühitə buraxılan zəhərli qazların qarşısını müəyyən qədər almağa çalışır. Beləliklə, Azərbaycanda Avro-3 standartını tətbiq etmədən birbaşa Avro 4 standartına keçib. Bu isə o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək.

Bütövlükdə, Avro-4 standartı havaya buraxılan dəm qazın həcmində azaldılmasına hədəflənib. Minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro-3 standartında 2 qramdırsa yeni standartda bu cəmi 1 qramdır. Yəni Avro-4-ün tətbiqindən sonra yanacaqdoldurma məntəqələrində standartlara cavab verən benzinin satışına başlanıldı. Təbii ki, yeni “Premium Avro-95” və “Super Avro-98 markalı benzinlər Azərbaycanda istehsal olunmadığından həmin yanacaq ölkəyə xaricdən idxal olunur.

Modern.az yanacaq doldurma məntəqələrinin sözügedən markalı benzinin hansı ölkədən alması ilə maraqlanıb.

Azpetrol Ltd-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov hazırda “Premium Avro-95”-i Rusiyadan aldıqlarını bildirdi. Onun sözlərinə görə, “Super Avro-98” markalı benzin isə alınmır. “Hələlik onun istehsalı yoxdur”. Şirkət sözçüsü onu da bildirdi ki, gələcəkdə həmin markalı yanacağın Rumıniyadan alınması nəzərdə tutulub. 

“LUKOYL-Azərbaycan” QSC-nin mətbuat xidmətindən isə qeyd etdilər ki, hazırda şirkətə məxsus yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzin müvəqqəti olaraq 80 qəpiyə  satışı davam edir. “LUKOYL-Azərbaycan” QSC-ə məxsus yanacaqdoldurma məntəqələrində satılan bütün növ benzinlər Bakı Neft Emalı zavodu tərəfindən istehsal olunmuş məhsullardır.

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu