Modern.az

Balın möcüzəsi

Balın möcüzəsi

İqtisadiyyat

8 Aprel 2014, 01:57


Hələ Qədim Misirdə balı yalnız qiymətli qida məhsulu kimi deyil, həm də müalicəvi və kosmetik vasitə kimi qiymətləndiriblər. Bal qədim zamanlardan dünyanın əksər yerlərində xalq təbabətində istifadə olunub.

Balın tərkibinə onlarla müxtəlif vacib elementlər daxildir. Bu qida məhsulunun təxminən 70-75 faizi qlükoza və fruktozadır. Bundan əlavə balın tərkibində insan orqanizmi üçün çox vacib mikroelementlər-kalium, kalsium, natrium, nikel, qalay, manqan, xrom, fosfor, silisium, alümin, maqnezium, dəmir, titan, mis, kobalt, molibden, vanadium, gümüş, litium, fermentlər-diastaza, katalaza, invertaza və s. var. Həmçinin bal C, K, E, B qrupu və digər vitaminlərlə də zəngindir. Onun tərkibində zülal, amin turşuları-lizin, histidin, arginin, aspargin, qlutamin və insan orqanlarının fəaliyyətinin normallaşmasında və sağlamlığının möhkəmlənməsində vacib rol oynayan digər turşular var. Lakin elementlərin bu cür kompleksi yalnız arıların yuvalarında saxlanılmış, nəmi 18 faizdən artıq olmayan yetişmiş balın tərkibində olur. Belə bal şam qapaqları ilə örtülmüş arı pətəklərində olur.

Bal ən yaxşı pəhriz və müalicə məhsuludur, maddələr mübadiləsinin pozulmasının profilaktikasında və müalicəsində böyük rol oynayır.

Bal sinir sisteminin funksional vəziyyətində fəal iştirak edir, qan damarlarının normal nüfuz etməsini yaxşılaşdırır, qan yaranmasını stimullaşdırır.

Balın tərkibində olan askorbin turşusu və karotin orqanizmin infeksiyalara qarşı müqavimətini yüksəldir, anticismlərin əmələ gəlməsini stimullaşdırır. Bundan əlavə karotinin, askorbin turşusunun və suda həll olunan tiaminin birləşməsi gözlərin adaptasiyasına kömək edir, görmə qabiliyyətini artırır və rəng hissiyatının sahəsi genişlənir. Bal həm də mikrob əleyhinə təsirə malikdir.

Balın yüksək dad və qida xüsusiyyətləri onun qida dəyərini müəyyənləşdirir. Onun tərkibində qaraciyərin asan mənimsədiyi qlükozanın və fruktozanın olması, onu bu orqanın müxtəlif xəstəlikləri zamanı-infeksion hepatit, qaraciyər sirrozu, xalesistopatiya və s.-də əvəzolunmaz edir.

Bal həzm yolları orqanlarının selikli qişasını qıcıqlandırmır və yüksək enerji dəyərinə malikdir (balın 100 qramında-300 kilokalori var). Şəkərli diabetdən əziyyət çəkənlər və öz rasionun kalorili olmasına diqqət yetirən insanlar bu faktı nəzərə almalıdırlar.

Çoxillik təcrübə əsasında böyüklərə gündə 70 qrama qədər, uşaqlara isə meyvə və tərəvəz şirələri, çay, süd, mineral su ilə birgə 40 qrama qədər bal yemək məsləhət görülür. Bu miqdarı gün ərzində bir neçə hissəyə bölüb qəbul etmək lazımdır, çünki belə halda orqanizminiz daha çox mikroelement və vitamin mənimsəyəcək.

Balla müalicənin bəzi adamlarda mənfi nəticəsi də ola bilər. Ona görə də bal qəbul etməzdən əvvəl onun gözlərinizin yaşardığına, öskürəyə, gözlərinizin qızarmasına, səpgiyə, qarının işləməsinə səbəb olub-olmadığını araşdırın. Bunun üçün böyüklər 1 çay qaşığı bal yesələr, 1 yaşdan yuxarı olan uşaqlar yarım çay qaşığı balla qarışdırılmış su içsələr kifayətdir.

Ev şəraitində ən müxtəlif xəstəliklərin, məsələn, həzm yolları orqanlarının, düz bağırsağın xəstəlikləri, xoraların, civzələr, yanıqlar və donmaların, impotensiyanın və bir çox digər xəstəliklərin proflilaktikası üçün balın əsasında xeyli müalicəvi məhlullar hazırlamaq olar.

Soyuqdəymə zamanı balı südlə qarışdırıb içmək xəstəliyi aradan qaldırır.

Balın möcüzəvi əhəmiyyətlərindən biri ürək əzələlərinin gücləndirilməsi xüsusiyyətinə malik olmasıdır.

Balla nar şirəsinin qatışığından alınan məhlul görmə qabilliyyətini yaxşılaşdırır. Alınan məhlulu sürmə kimi gözə çəkmək kifayətdir.

Baldan kosmetik vasitə kimi istifadə edildikdə vaxtsız yaranan üz qırışlarının qarşısını almaq olar. Dərinin təravətli görünməsi üçün bal ən yaxşı vasitədir. O cümlədən bal saşlara da müsbət təsir göstərir.

Balı sağlamlıq və uzunömürlülük eliksiri də adlandırırlar. Yüksək kalorili məhsul olduğuna görə o orqanizmin sərf etdiyi enerjini yaxşı bərpa edir.

Təsadüfi deyil ki, dietoloqlar balı müxtəlif orqanların və sistemlərin fəaliyyətlərinin funksional pozulmaları zamanı məsləhət görürlər. Bal insan üçün çox vacib və gigiyenik qida məhsuludur, onun tərkibində demək olar ki, bakteriya yoxdur.

Bal idmanla və fiziki işlə məşğul olan insanlar üçün çox qiymətlidir. Ağır fiziki işlərdən sonra gücü tez bərpa edir. Fiziki və əqli yorğunluğu götürmək üçün 20-25 qram bal qarışdırılmış su içmək kifayətdir.

Balın möcüzəsi, insan sağlamlığı üçün faydaları bunlarla bitmir. Onun əvəzolunmaz qida məhsulu kimi əhəmiyyətini bilmək istəyirsinizsə baldan müntəzəm istifadə edin. Bal yeyin həyatınız da bal kimi şirin olsun.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı