Modern.az

Parlamentdə iqtidar-müxalifət söhbətləri..

Parlamentdə iqtidar-müxalifət söhbətləri..

8 İyun 2010, 14:02

Bu gün Milli Məclisin növbədənkənar iclasındakı müzakirələr zamanı Seçki Məcəlləsi, "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlarla bağlı müxtəlif təkliflər səsləndirilib. Müxalifətçi deputatlat iqtidar, iqtidar deputatları isə müxalifət əleyhinə fikirlər səsləndirblər.

Modern.az-ın məlumatına görə, millət vəkili Arzu Səmədbəyli çıxış edərək bildirib ki, aztəminatlı insanların maaşlarının artırılması çox vacibdir: “Həmçinin büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların da maaşları artırılmalıdır. Əgər bu gün inkişafdan danışırıqsa onda niyə aztəminatlı insanların maaşları artırılmır?”.

 

Vitse-spiker Bahar Muradova çıxışında Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara toxunub: “Burada bəzi müxalifət nümayəndələri  bildirirlər ki, Seçki Məcəlləsinin müddəaları demokratik seçkini təmin etmir. Mən bunun əksinə demək istəyirəm ki, məcəllə demokratik seçkini özündə tam təmin edir. Yerlərdəki seçki qurumları da bu məsələnin öhdəsindən gələ bilirlər. Sadəcə olaraq Seçki Məsələsindən narazı olanlar buna qarşı çıxırlar. Seçki Məcəlləsi elə bir sənəddir ki, onu gündə dəyişmək olmaz. Ancaq onun daim yenilənməsinə ehtiyac var. “Siyasi partiyalar haqqında” qanuna gəlincə, demək istəyirəm ki, təbii ki, biz də bu qanuna dəyişiklik edilməsini istərdik. Ancaq məsələ orasındadır ki, seçki öncəsi bu məsələ necə qarşılanacaq? Hesab edirəm ki, seçkidən sonra bu məsələyə baxmaq olar”.

Millət vəkili Pənah Hüseyn Türkiyə-İsrail arasında olan gərginliyə münasibət bildirib: “Biz insanlıq və qardaşlıq naminə İsrailin gəmidəki insanları öldürməsi və əsir götürməsi ilə bağlı Milli Məclis adından bəyanat verməliyik. Mən spiker Oqtay Əsədova müraciət edərək bildirirəm ki, bununla bağlı mütləq sənəd qəbul etməliyik”. P.Hüseyn Azərbaycanda batmış əmanətlərin qaytarılması məsələsinə də toxunub: “Bu gün ölkədə əhalinin sosial problemləri kifayət qədərdir. Bu bizim son iclasımızdı. Sessiya başa çatdıqdan sonra birdə bura toplaşmayacağıq. Ona görə də biz bu məsələlərin həllinə çalışmalıyıq. Büdcəyə dəyişikliklə əlaqədar toplantıda hökumət nümayəndələri də iştirak edəcək. Bununla bağlı mən təklif edirəm ki, insanların banklarda olan əmanətləri ilə bağlı məsələ də müzakirə edilsin”.      

Millət vəkili Fəzail Ağamalı da İsrail dövlətinin vandalizm nümayiş etdirməsindən danışıb: “Mən də təklif edirəm ki, Milli Məclis İstrail vəhşiliyini pisləyən bəyanat qəbul etməlidir”. F.Ağamalı həmçinin Mərkəzi Seçki Komissiyasında olan boş otaqlardan birinin onun partiyasına verilməsini də xahiş edib.

Millət vəkili Əli Əhmədov çıxışında YAP-la bağlı səsləndirilən fikirlərə münasibət bildirib: “Mən bu gün başqa mövzularda danışacaqdım. Ancaq əvvəlcə YAP-ın ünvanına daş atanlara fikirimi çadırmaq istəyirəm. Mən müxalifətçilərə demək istərdim ki, seçkiöncəsi işlərinin daha da səmərəli olaması üçün vaxtlarını boş keçirməsinlər. Gedib seçicilərinin problemləri ilə maraqlansınlar. Onlarla işləsinlər. Seçkinin nəticəsini xalq bilir. Ona görə də çalışıb, xalqla işləmək lazımdır. Dünyanın heç bir yerində seçkilərin nəticələri seçki komissiyalarının üzvləri ilə əlaqələndirilmir. Nədənsə bizdə müxalifət partiyaları hesab edirlər ki, seçkilərin nəticələri seçki komissiyalarının üzvlərindən asılıdır. Sadəcə bu insanlar özlərini gündəmə gətirmək istəyirlər. Bu isə mümkün deyil”.

 

I vitse-spiker Ziyafət Əsgərov müxtəlif illərdə keçirilmiş seçkilərlə bağlı statistikadan danışıb: “2009-cu ildə bələdiyyə seçkilərində namizədliyini verənlərdən 54,98%-i YAP, 35,99%-i bitərəflər, 1,03 %-i siyasi mənsubiyyətini göstərməyən insanlar olub”. Z.Əsgərovun sözlərinə görə, həmin seçkilərə qatılan namizədlərin cəmi 8-10%-i 28 partiyanın nümayəndəsi olub. “İndi özünüz nəticə çıxarın”-deyən Z.Əsgərovun sözlərinə görə, bu statistika YAP-dan başqa, digər partiyaların siyasi həyatda olmamasının gpstəricisidir.

 

Z.Əsgərov daha sonra 2008-ci il prezident seçkiləri ilə bağlı danışıb: “Həmin seçkilərlə bağlı cəmi 60 şikayət daxil olub. Onlar da yerlərdən olub. Bu onu göstərir ki, Azərbaycanda insanlar seçkilərdən artıq şikayət etmirlər. Sadəcə bəzi insanlar bu məsələdən xal qazanmaq istəyirlər. Onların məqsədi də seçkini pozmaqdır. Mən müxalifətin seçki ərəfəsindəki fəaliyyətini də qiymətləndirirəm. Bəzi tələbələr imtahana 5 gün qalmış kofe içirlər ki, yatmayıb, dərs oxusunlar. Bu zaman da onların təzyiqləri qalxır. Bax, müxalifətin də fəaliyyəti bu cürdür. Bu seçkinin yükü iqtidarın boynuna düşür. Biz imkan verməyəcəyik ki, seçkilər pozulsun”. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir