Modern.az

Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR

Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR

Media

13 Aprel 2021, 10:36

Vətən göylərində şəhid olmuş vətənpərvər… 13 aprel tarixi onun ad günüdür...

O, nəhs ildə, nəhs gündə dünyaya gəlmişdi – çox sevdiyi Azərbaycan şairləri Müşfiqi, Cavidi amansız ölümün qoynuna atan 1937-ci ildə, aprelin 13-də. Ancaq özünü və başqalarını da inandırmağa çalışırdı ki, nə 13, nə də 37 onun üçün nəhs deyil. Zarafatla deyirdi ki, 13 də, 37 də bütün nəhsliklərini onun dünyaya gəldiyi günə kimi eləyib qurtarmışlar və daha nəhslik “taqətləri” qalmayıb. Və daim həyata nikbinliklə baxar, ətrafındakılara da nikbinlik aşılamağa çalışardı. Ancaq həyat ona nikbinliklə yanaşmadı...


Modern.az
saytının bu yazısında məşhur jurnalist Osman Mirzəyevdən bəhs olunur...

...Osman Mirzəyev ilk uşaqlıq illərində təyyarəçi olmaq, göylərə uçmaq, uca ənginliklərə baş vurmaq arzusu ilə yaşayırdı. Bu istəyini Ulu Tanrıdan müqəddəs bir dilək kimi hamıdan gizli saxlayırdı. Lakin ədəbiyyata, incəsənətə olan böyük həvəslə 12-13 yaşlarında həmyaşıdı, sonralar Azərbaycanın çox sevilən sənətkarı olmuş Xaıq artisti Həsən Turabovla birgə Bakının teatr dərnəklərindən birinə yazılmış, hətta bir tamaşada rol da oynamışdı. Bu, 1951-ci ildə olmuşdu. Tamaşadan bir-neçə gün sonra məhəllədə kimsə özündən böyük qardaşı Mirzəyə xəbər vermişdi ki, “gözün aydın, Osman teatr çıxardır”. Bunu eşidən Mirzə evə gələrək, balaca Osmana hirslənmiş və ona yüngül bir şillə vuraraq, bakılıların dediyi kimi, bu “mütrüb iş”dən birdəfəlik əl çəkməyi tapşırmışdı. Bundan xəbər tutan ataları, şəhərin sayılıb-seçilən adamlarından olan, elmə-təhsilə hörmətlə yanaşan Mirzəhüseyn kişi, oğulların içində “sonbeşik” sayılan Osmanı vurduğuna görə Mirzəni məzəmmət edərək demişdi: “heç belə oğula da əl qaldırarlar?”.  Bu xoşagəməz, kövrəldici epizodu sonralar – Osman müəllim Qarabağ səmasında vurulduqdan sonra xəstəliyi daha da ğüclənmiş Mirzə müəllim yataqda ikən böyük ürək ağrısı ilə, göz yaşları içərisində xatırlamalı olmuşdu... Və dönə-dönə təkrarlayırdı ki, “kaş, ona əl qaldırdığım yerdə qolum qırılaydı...”


...Osman Mirzəyev hələ orta məktəbdə oxuyarkən təkcə öz istedadı ilə deyil, səmimiyyəti və istiqanlılığı ilə də yaşıdlarından seçilirdi. Böyük qardaşı, respublikamızın tanınmış və çox ciddi, həm də prinsipial, Azərbaycanpərəst jurnalistlərindən olan böyük qardaşı İmran Mirzəyevin yolu ilə getmək arzusu ilə Bakı Dövlət Universitertinin jurnalistika fakültəsini bitirdikdən sonra gənc Osman o dövrün populyar qəzetlərindən olan “Molodyoj Azerbaydjana”, daha sonralar isə “Vışka” qəzetində çalışmışdı. Yazılarında daim xalqı düşündürən, narahat edən məsələlərə toxunması, mövzulara özünəməxsus tərzdə orijinal yanaşması, cəmiyyətdə baş verən neqativ hadisələr və faktlarla bağlı barışmaz mövqeyi onu oxuculara da, qələm yoldaşlarına da sevdirmişdi.


Rusdilli mətbuatda çalışmasına baxmayaraq, çoxlarından kəskin fərqli və açıq-açığına milliliyi, azərbaycanlı təəssübkeşliyi ilə seçilən, “Vışka” qəzetinin daha çox rus və ermənilərdən, digər millətlərdən olan jurnalist korpusunu azərbaycanlı gənclər hesabına yeniləşdirmə siyasəti yeridən və bəzən gizli, bəzən də açıq narazılıqlara baxmayaraq, bunu əməli olaraq qətiyyətlə həyata keçirən qardaşı, ötən əsrin 60-70-ci illərində qəzetin baş redaktoru olmuş İmran Mirzəyevin başladığı missiyanı Osman müəllim uğurla davam etdirirdi. Məhz onun təşəbbüsü ilə həmin qəzetin nəzdində yaradılmış “Rabkor” (“fəhlə müxbir”) jurnalistika məktəbi əslində güclü bir Osman Mirzəyev məktəbi idi. Jurnalistikanın əsaslarından dərs dediyi Bakı Dövlət Universitetində olduğu kimi, “Rabkor” dinləyiciləri içərisindən də o, ən istedadlı, yaradıcılıq həvəsli azərbaycanlı gəncləri böyük jurnalistikaya hazırlayır, onların ən qabiliyyətlilərini, perspektivlilərini respublikanın qəzet və jurnallarına müxbir kimi tövsiyə edir və daim onları öz müəllim diqqətində saxlayır, lazımi kömək və qayğısını əsirgəmirdi.



Osman Mirzəyevin öz xalqına olan məhəbbətinin nəticəsi idi ki, məşğələ apardığı “Rabkor” klubunun 30-40 nəfərinin əksəriyyəti rus və erməni olsa da, nəticə etibarilə o, redaksiyaya azərbaycanlı gənclərin işə qəbul olunmasına nail olurdu. Ədalət naminə demək lazımdır ki, azərbaycanlıların necə səmimi və sədaqətli olduqlarını bilən və buna görə də xalqımıza, həm də şəxsən Osman müəllimə xüsusi rəğbət hissi olan baş redaktor Gennadi Qluşkov öz müavinin kadr seçiminə daim hörmətlə yanaşardı (hətta o, 1981-ci ildə “Vışka”ya işə düzəldiyimin səhərisi günü redaksiya tərəfindən verilən vəsiqəm mənim və başqa birisinin ehtiyatsızlığı, səhvi ucundan tam yararsız hala düşdüyünə görə o vaxtın ciddi qayda və tələblərinə görə məni cəzalandırmaq əvəzinə Osman müəllimin “tələbəsi” olduğumu da nəzərə almaqla “demaqoq rus jurnalistlərin” bu haqda bilməməsini tapşıraraq, yeni vəsiqə vermişdi). Məhz Osman müəllimin təşəbbüsü və səyi ilə 1970-80-ci illərdə o dövrün gənc jurnalistləri Mədinə Həsənova (indi “Vışka” qəzetinin baş redaktoru), Şamil Məcidov (“Azerbaydjanskiye izvestiya” qəzetinin redaktoru), Nəcəf Nəcəfov (“Azadlıq” qəzetinin yaradıcısı və ilk redaktoru), Rauf Talışinski (“Exo” qəzetiunin baş redaktoru), Azər Mürsəliyev (indi Moskvanın mərkəzi mətbuatında çalışır), Laçın Allahverdiyeva (“Assa-İradə” agentliyinin şöbə müdiri) və digərləri  “Vışka” qəzetinin aparatına işə gotürülmüşdülər.


Bir dəfə - 1983-cü ildə mən redaksiyanın tapşırığı ilə “Lenin komsomolu”nun  yaranığı günlə bağlı gənclərin əmək həyatını əks etdirən yazı hazırlamalı idim. Seçim – Sumqayıt Sintetik kauçuk zavodu idi. Orada həqiqətən əməksevər və qabaqcıl olan bir komsomolçu qızın ağır və zəhərli iş şəraitində necə çalışdığını, nişanlı olsa da, bənizinin necə vaxtsız solduğunu, xəstə görkəmdə olduğunu görüb, çox kəskin bir tənqidi yazı hazırladım.  “Komsomolun ad günü” üçün belə bir yazının Mərkəzi Komitənin qəzetində verilə biləcəyinə ümid etməsəm də, əsəblərimi kağıza tökməkdən də özümü saxlaya bilməmişdim. Yazının geri qaytarılacağını düşünürdüm. Gözlədiyimin əksinə olaraq, Osman müəllm gəncliyə qayğı ilə bağlı Sovet sisteminə cəsarətli ittihamlarıma haqq qazandıraraq, materialı orijinal bir yazı kimi redaktora təqdim etmişdi. Sensasiya və “yuxarılarda” narazılıq doğuracağına baxmayaraq, onun bütünlüklə, həm də elə əvvəcədən tərifli material kimi yer ayrılmış 1-ci səhifədə, lap yuxarı başda dərc edilməsinə nail olmuşdu. Qəzet çıxan gün redaksiyaya “yuxarıdan” edilən hücumları Osman müəllim özünün mübariz mövqeyi və müdrikliyi ilə bütünlüklə dəf edə bilmişdi.



Osman Mirzəyev yalnız jurnalist missiyasını yox, həm də və ilk növbədə vətənpərvərlik missiyasını daşıyırdı. O, xalqını sevən, vətənpərvər bir oğul kimi ermənilərin Qarabağ iddialarından hələ xeyli əvvəl də Vətənin ayıq-sayıq bir oğlu kimi  Azərbaycanın milli-mənəvi sərvətlərinin keşiyində son dərəcə ayıq-sayıq dayanırdı.  Yadımdadır ki, hətta bir dəfə həyasız bir erməni qadının tarixi keçmişimizə qarşı saxtalaşdırma və təxribat cəhdinin də qarşısını vaxtında və qətiyyətlə ala bilmişdi. Belə ki, 80-ci illərin ortalarında, necə olmuşdusa, redaksiyamıza çox kələ-kötür, ancaq yazılarının getməsi üçün hər kəsə süni mehrıbanlıq göstərməyə çalışan 40-45 yaşlarında  bir erməni qadın jurnalist “dadanmışdı”. Açığı,  ilk vaxtlar hansı millətdən olduğunu bilməyərək, “Corabova” adlandırdığım (çox sonralar bilmişdim ki, o da murdar qonşularımızdan imiş) o qadın - Sofa Zorabova mənimlə də rastlaşanda “irişirdi”. Sən demə “dərdi” varmış. Bir gün mənə yaxınlaşıb bir-neçə şəkil və yazı təqdim edərək, xahiş etdi ki, onu çapa hazırlayım.  Doğrusu, daşnak agentinə oxşayan bu erməninin təqdim etdiyi şəkillərdəki daş büt və heykəlcikləri birinci dəfə idi ki görürdüm və Kəlbəcərdən hazırladığı yazıda “xaçkarlar” deyə nəyə işarə etdiyini başa düşə bilməmişdim. Sabahısı günü yazı ilə bağlı fikrini öyrənmək və məsləhətini almaq üçün Osman müəllimə yaxınlaşdım. O, heç yazıya baxmamış, şəkilləri görən kimi “bunları o həyasız Zorabova verib?” dedi və onun ünvanına bərk hirsləndi:


- Axı, hələ 3-4 ay əvvəl ona demişdim ki, bu yazı qəzetdə getməyəcək. İndi də sənin vasitənlə bu yazının çapına çalışır? Onun ayağı bir də buralara dəyməsin!


Sən demə, o qadın sətiraltı mənalarla həmin “xaçkar” heykəlciklərin ermənilər tərəfindən yaradıldığını iddia etməklə Kəlbəcərin də qədim erməni məskəni olduğunu sübut etmək və bunu məhz Azərbaycanın rusdilli qəzetində çap etdirməklə nail olmaq istəyirmiş. Osman müəllimin vətənpərvər sayıqlığı nəticəsində belə bir ideoloji təxribatın qarşısı qətiyyətlə alındı.


O zamanlar “sosializm” adlandırılan cəmiyyətdə və onun ideyaları altında yaşasaq da, Osman müəllim daxilən o cəmiyyətlə barışa bilmir, özünün müəllimi olmuş görkəmli şairimiz, vaxtilə yalnız “Şəki fəhləsi” qəzetində çap olunmuş, sonradan qadağan edilmiş, işğalçı Rusiya imperiyasına ittihamlarla meydan oxuyan “Gülüstan” poermasının müəllifi Bəxtiyar Vahabzadə, Universitet illərindən dostluq etdiyi Xəlil Rza, görkəmlı tarixçi alım, sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovla tez-tez görüşür, onlarla söhbətlər aparır, qəzet üçün onların müsahibələrini hazırlayırdı. O, vətənimizin bu cür mübariz, vətənpərvər oğulları ilə fəxr edirdi. SSRİ-nin Kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri, bütün kosmonavtların uçuşdan qayıtdıqdan sonra ilkin olaraq raport verdikləri Azərbaycanlı general-leytenant, Lenin mükafatı laureatı Kərim Kərimovla da kosmodromda (sovet sisteminin bir-çox qadağalarını çətinliklə də olsa dəf edərək) görüşüb, ondan ilk olaraq intervü alan, onu doğma xalqımıza daha yaxından tanıdan azərbaycanlı jurnalist də məhz Osman Mirzəyev olmuşdu. 



Osman müəllim həm də olduqca sadə və təvazökar bir adam idi, tabeliyində olan jurnalistlərlə və bütün digər işçilərlə daim səmimi münasibət saxlayır və onlara imkanı daxilində hər cür diqqət və qayğı göstərirdi. Bir dəfə “Vışka” qəzetinin 50 illik yubileyi ərəfəsində redaksiyanın üş əməkdaşına, o cümlədən Osman Mirzəyevə “Azərbaycanın Əməkdar jurnalisti” fəxri adının verilməsi nəzərdə tutulmuşdu. Bundan xəbər tutan Osman müəllim kuratoru olduğu şöbənin müdiri, “dağıstanlı balası” Faiq Zəkiyevin adının olmadığını bildikdə fəxri addan imtina etmək qərarına gəlir. O, “yuxarılara” bildirir ki, əgər redaksiyanın ən yaxşı, istedadlı və məhsuldar jurnalistlərindən olan, orijinal üslubda yazılmış yazıları ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmış Faiq Zəkiyevə də həmin fəxri ad verilməzsə, bu adı ondan əvvəl almağı özünə rəva bilmir. Onu fikrindən daşındırmağa çalışsalar da, alınmır. Axırda Mərkəzi Komitə Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bir qəzetin 4 əməkdaşına eyni zamanda “Əməkdar jurnalist” adının verilməsinə razı olur. 


1986-87-ci illərdə Azərbaycan televiziyasına demokratiklik və aşkarlıq, xalqla səmimi ünsiyyət, inam və etibar ab-havası gətirmiş “Dalğa” verilişinin lik aparıcısı kimi də Osman Mirzəyev geniş xalq kütlələrinin dərin hörmət və rəqbətini qazanmışdı. Məhz həmin verilişlərdən sonra xalqla onun dilində danışmağı bacaran görkəmli bir jurnalist kimi o, Prezident Aparatının Mətbuat xidmətinin rəhbəri təyin edilmişdi... Ancaq harda və hansı vəzifədə işləməsindən asılı olmayaraq, Osman müəllim öz mənafeyi, öz yaxşı yaşayışı naminə heç bir təmənnada olmamış, ömrünün sonuna kimi mərd və məğrur yaşamışdı. Hətta 1991-ci ilin noyabrında əqidə dostları – Azərbaycanın müstəqilliyi uğrunda mərd mübarizlər İsmət Qayıbov, Tofiq İsmayılov, Məhəmməd Əsədov və digər vətən oğulları ilə birlikdə Qarakəndə köməyə tələsərkən Qarabağ səması üzərində vertolyotda vurulub, şəhid olduqdan sonra Osman müəllimin ailəsinə başsağlığı verməyə gələn Ayaz Mütəllibov heç cür inana bilmirdi ki, Mirzəyevlərin 5 nəfərlik ailəsi on illərlə iki darısqal otaqda yaşayıb. (Ədalət naminə demək lazımdır ki, çox keçmədən – ölümündən sonra onun ailəsinə yaşadıqları ərazidə geniş otaqlı mənzil verildi).


Osman Mirzəyev və bütün 20 Noyabr şəhidləri bu Vətən yolunda, Qarabağ uğrunda qurban getdilər. Xalqımız onları daim ehtiramla yad edir. Bircə qalır... qisas almağımız. Onu qiyamətə saxlayacağıqmı?.. Gecikdik, çox gecikdik...





Rəhman Orxan,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.
e-mail:  [email protected]

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi