Modern.az

Vəsiyyətnamə olmadıqda miras kimlərə çatmalıdır?

Vəsiyyətnamə olmadıqda miras kimlərə çatmalıdır?

İqtisadiyyat

25 Aprel 2014, 12:35


Gündəlik həyatımızda insanların vərəsəliklə bağlı problemlərinə tez-tez rast gəlirik. Belə ki, əgər ölən şəxs heç bir vəsiyyətnamə qoymursa, bir çox hallarda mərhumun qohumları , yaxınları arasında mirasın kimə çatması ilə bağlı mübahisələr olur, suallar yaranır.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili bu barədə məlumat verib. Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində bu məsələyə aydınlıq gətirilir.

“Belə ki, Mülki qanunvericilikdə vərəsələr növbəlilik prinsipi ilə bölünür. (vəsiyyətnamə olmadıqda) Birinci növbəyə ölən şəxsin uşaqları və ya onun ölümündən sonra doğulmuş uşaq,  arvad (ər) , valideynlər aiddirlər. Qeyd etməliyəm ki, həmçinin, övladlığa götürən şəxslər valideynlərə, övladlığa götürülənlər də övladlığa götürən şəxsin uşaqlarına bərabər tutulurlar. İkinci növbədə ölənin bacıları və qardaşları çıxış edir.  Ölənin bacısı və ya qardaşı uşaqları isə o zaman vərəsə sayılırlar ki, miras açılan zaman vərəsə olan valideynləri sağ olmasın. Onlar bu zaman valideynlərinə çatmalı olan miras payına bərabər olaraq miras alırlar. Üçüncü növbədə isə, həm ana tərəfdən , həm də ata tərəfdən nənə və baba, nənənin atası və anası, babanın atası və anası iştirak edirlər. Nənə və  babanın atası-anası da o zaman vərəsə sayılırlar ki, miras açılan zaman ölən şəxsin nənəsi və babası sağ olmasın. Dördüncü növbədə xalalar, bibilər, dayılar və əmilər çıxış edirlər. Nəhayət beşinci növbədə isə, xala uşaqları və bibi uşaqları. Dayı uşaqları və əmə uşaqları , onlar sağ olmadıqda isə onların uşaqları çıxış edirlər” – deyə hüquqşünas qeyd edib.



“Burada bir önəmli faktı xüsusi  olaraq vurğulamaq istəyirəm ki, əvvəlki növbənin vərəsələrindən, heç  olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yeni, bu o deməkdir ki, tutaq ki, birinci növbədə olan qohumlardan bir nəfər olduqda belə digər, sonrakı növbədə olan şəxslər bu mirasdan pay almaq hüququndan məhrum olurlar. Bütün miras həmin bir nəfərə çatmalıdır. Əgər bir növbə üzrə bir neçə şəxs mövcuddursa, məsələn, ölən şəxsin həm  uşağı, həm arvadı, həm də valideynləri sağdırsa onda ümumi miras payı onlar arasında bərabər bölünməlidir.”

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi