Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov aprelin 25-də Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Modern.az-ın xəbərinə görə, qəbuldan öncə nazir Ziya Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə birgə mərhum president Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsinin önünə gül-çiçək dəstələri düzüb, ona hörmət və ehtiramlarını bildiriblər. Nazir rayon Mədəniyyət evində qəbula gələn Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nəqliyyat naziri görüşdə vətəndaşların səsləndirdiyi təklif, müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.