Modern.az

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə seminar-müşavirə keçirib

 FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə seminar-müşavirə keçirib

6 May 2014, 15:02

Respublikamızda   insanların təhlükəsiz yaşamasına göstərilən qayğı hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında müşahidə edilən  gerçəklikdir.   Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərdiyi dövr  ərzində insanların təhlükəsizliyinin, o cümlədən yanğından mühafizə olunmasınını daha da etibarlı təmin  etmək istiqamətində  bir sıra mühüm işlər həyata keçirilib,  ölkənin  maddi sərvətlərinin yanğından qorunmasını  daha etibarlı təmin etmək  üçün qabaqlayıcı tədbirlərin əhatəsi genişləndirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə  bir sıra təsirli  tədbirlər görülüb.

Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzində  saxladığı   vacib  sahələrdən biri də dənli və texniki  bitkilərin  yanğından qorunması,  biçin vaxtı, məhsulun daşınması və emalı  dövründə yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin  Gəncə şəhərində, Yevlax və Ağdam rayonlarından sonra  Qəbələdə «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi seminar-müşavirədə də məhz dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Şmal-Qərb  bölgəsini əhatə edən   rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə  olunub.

Seminar-müşavirədə DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb. Qeyd olunub ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması  səbəbindən   2013-cü ildə  ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub.  Yem məhsullarının yanması nəticəsində  739 min   manat, texniki və paxlalı bitki əkilmiş   sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı  zəhmətkeşlərinə  231 min  manat maddi ziyan dəyib. 

Seminar müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə  və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin  yanğın təhlükəsizliyini  təmin etmək geniş müzakirə obyekti olub. Meşələrin yanğın təhlükəsizliynin  təmin olunması ilə əlaqədar  bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə toxunalaraq qeyd edilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası müəssisələri tərəfindən meşə və meşə zolaqlarının müvafiq normativlərə uyğun olaraq   yanğından müdafiə sistemləri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə tam şəkildə təchiz  edilməsi,  meşə və meşə zolaqlarındakı müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması, meşə və meşə  zolaqlarının zəruri texnikalarla - avtomobil, traktor, buldozerlərlə   təmin edilməsi, yanğına qarşı təbliğat işinin aparılması kimi vacib məsələlərə diqqət artırılmalı, meşə sahələri,  meşə yolları və digər yerlərlə həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasına, FHN-nin vəzifəli şəxslərinin göstərişlərinin, qərarlarının, digər qanuni tələblərinin icrasına daha ciddi münasibət bəslənilməlidir.

Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilib,  “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri”, “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında mühazirələr dinlənilib.

Tədbirdə yanğınların statistikası və təhlilinə istinad edilərək  yanğınların baş verdiyi yerlərdə  ilkin  yanğınsöndürmə  vasitələrinin  olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə   etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və  ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsaal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat verilib.

Müşavirədə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunulraq qeyd olunub ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin ounması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına  əməl etməlidirlər. 

Sonda dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən   plakatlar   seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş  yanğın texniki sərgi  və video-stend nümayiş etdirilib.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı