Modern.az

Həkimlik Məcəlləsi ilə bağlı imzatoplama kampaniyası

Həkimlik Məcəlləsi ilə bağlı imzatoplama kampaniyası

Qarabağ

17 İyun 2010, 16:36

Azərbaycan Həkimlər Assosiyasiyası (AHA) ölkə vətəndaşlarına və tibb işçilərinə müraciət qəbul edib. Modern.az-a daxil olan müraciətdə bildirilib ki, tibb işçilərinin səmərəli fəaliyyəti, səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasında xüsusi rol oynayan tibb kadrlarının  professionallığı, tibbi etika, deontologiya ,tibbi hüquq və mənəvi- psixoloji  amillərin  vəziyyətində ciddi çatışmazlıqlar qalmaqdadır. “Respublikanın ali və orta tibb təhsili ocaqlarında, həmçinin səhiyyə orqanları və müəssisələrində qeyd olunan problemlərin həlli çətin olduğundan və müxtəlif səbəblərdən ləngiyir. Nəticədə tibb kollektivlərində mənəvi-psixoloji mühit və pasient (xəstə)- təbib münasibətləri pozulur, səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyəti, səviyyəsi, mədəniyyəti azalır. Həkimlik peşəsinin nüfuzdan düşməsi  tibb işçilərinin mənəvi və maddi  sarsıntılarına, xəstələrin  isə əziyyətlərinin artmasına səbəb olur. Hazırda həkimlərin ən az maaş alaması acınacaqlı faktdır”.

Azərbaycan Həkimlər Assosiasiyası (AHA) qeyd olunan problemlərin həllinə yardım məqsədi ilə “Həkimlik peşəsinin əsasları haqqında” Qanun layihəsi (Həkimlik Məcəlləsi) hazırladığını qeyd edib. AHA-nın sədri Qalib Əliyev bildirib ki, layihədə həkimlərin cəmiyyətdə rolu, sosial vəziyyəti, məsuliyyəti, peşə toxunulmazlığı, tibb işçilərinin davranışı, pasiyentlərlə və onların qohumları ilə münasibətləri,   pasiyentlərin əsas hüquqları, tibbi yardım və xidmətlərin təhlükəsizliyi, tibbi işçiləri və təşkilatların pasiyentlərə vurduğu ziyana görə mülki-hüquqi məsuliyyət yaradan əsaslar qeyd olunub. Onun sözlərinə görə, tibb işçiləri tərəfindən layihəyə dəstək üçün imzatoplama kompaniyası başlanıb. “Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə görə 40 min imza toplamış vətəndaşlara qanunvericilik təşəbbüsü verilir. Bu konstitusiyon hüquqlarınızdan istifadə ederək Azərbaycan Respublikasının Həkimlik Məcəlləsinin layihəsini dəstəkləməklə Milli Məclisə təqdim olunmasında iştirak edə bilərsiniz. Bu məqsədlə ad, atasının adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmiş vərəqləri imzalamaqla dəstək verməyinizi rica edirik. Toplanılmış imza vərəqələrini Bakı şəhəri 1065 Q.Şərq küçəsi, 6/6 ünvanına göndərə və yaxud AHA-nın yerli nümayəndələrinə təqdim edə bilərsiniz”-deyə Qalib Əliyevin ölkə ictimaiyyətinə müraciətində bildirilib.

Modern.az                                                                    

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!