Modern.az

"Reket" nəşrlər Mətbuat Şurasından əfv diləyir

"Reket" nəşrlər Mətbuat Şurasından əfv diləyir

17 İyun 2010, 19:18

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının və Şuranın tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu»nun birgə iclası keçirilib.

 

Modern.az xəbər verir ki, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru, komissiya və qrupun rəhbəri Vüqar Rəhimzadə bildirib ki, milli mətbuatın 135 illiyinin respublikada miqyasında keçirilməsi ilə bağlı ölkə Prezidenti müvafiq sərəncam imzalayıb. Yubileylə əlaqədar MŞ-yə çoxsaylı müraciətlər daxil olmaqdadır. Müraciətlərin bir qismi Şura tərəfindən «reket nəşr» elan olunaraq «qara siyahı»ya salınmış qəzet və jurnalların təsisçiləri və baş redaktorlarındandır. Onlar öz fəaliyyətlərində dönüş yaradacaqlarını və bundan sonra «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə sayğısız yanaşmayacaqlarını bildirərək Şuradan «qara siyahı»dan çıxarılma ilə əlaqədar müvafiq ölçü götürməyi xahiş edirlər. MŞ İdarə Heyəti sonuncu iclasında bu müraciətlərin dəyərləndirilməsini «apellyasiya qrupu»na həvalə etmişdi. Bunun əsasında Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar «qara siyahı»dakı KİV-lərin bir qisminin bağışlanaraq oradan çıxarılması üçün yeni prinsip və şərtlərin müəyyənləşdirilməsi dayanıb. 

 

İclasda qrupun üzvlərindən millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas məsələ ətrafında fikir və mülahizələrini səsləndiriblər. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb. İclasda həmin prinsip və şərtlər dəqiqləşdirilib. Bunların əsasında milli mətbuatın yubileyi ərəfəsində hansı KİV-lərin «qara siyahı»dan çıxarılacağı və ya orada saxlanılacağı bəlli olacaq. Ümumilikdə son qərar isə MŞ İdarə Heyəti tərəfindən veriləcək. Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir