Modern.az

Parlament jurnalistləri deputat İlyas İsmayılovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat İlyas İsmayılovu necə xarakterizə edirlər?

22 İyun 2010, 11:11

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat İlyas İsmayılov barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?     

 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Milli Məclisin ən yaşlı və ağsaqqal deputatlarındandır. O, aktiv olmasa da, aradabir müzakirələrdə öz mövqeyini ortaya qoyur. Həmişə öz hörmətini qoruyub, saxlayır. İlyas müəllim populizmi sevməsə də, qanunvericilik bazası ilə bağlı sanballı təkliflərlə çıxış edir. Mətbuat nümayəndələri ilə münasibətində bir problem görməmişəm. Seçicilərinin problemi ilə maraqlanıb-maraqlanmadığı barədə məlumatsızam”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “İlk növbədə onun savadlı və peşəkar hüquqşünas olduğunu demək istərdim. Milli Məclisin fəal millət vəkillərindən olduğunu demək çətindir. Çünki seçiciləri ilə işləməsini və öz təşəbbüsü ilə hansısa bir təkliflə çıxış etməsinin şahidi olmamışam. Parlamentin iclaslarında çox az hallarda çıxış edir. Jurnalistlərlə münasibətinə gəlincə, onu demək istərdim ki, o, yeganə müxalifət partiyasının sədridir ki, jurnalistlərlə çox uzaq məsafədədir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Məmmədov: “Təcrübəli insandır. Mən onu deputat olmazdan öncə də tanıyırdım. Fikrimcə, İlyas müəllim partiya sədri və müxtəlif sahələrdə işlədiyi zamanlar daha aktiv idi. Onun bu aktivliyi millət vəkili olduqdan sonra bir o qədər də nəzərə çarpmır. Milli Məclisdə çox az hallarda çıxış edir. Müzakirələrdə daha çox hüquqi aspektlərdən çıxış edir. Seçicilərinin hansısa bir probleminə toxunması ilə bağlı ciddi məqamları görməmişəm. Jurnalistlərlə münasibətdən imtina etmir. Mənə elə gəlir ki, İlyas müəllim parlamentdə özünü narahat hiss edir”.

 

“Yeni Azərbayycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “İlyas İsmayılovu çox sakit deputat hesab edirəm. Baxmayaraq ki, dövlət vəzifələrində çalışıb. Milli Məclisin müzakirələrində də fəal iştirak etmir. Jurnalistlərlə münasibətində problem yoxdur. Mətbuata açıq insandır. İstər iqtidar, istərsə də müxalifətin keçirdiyi tədbirlərdə aktiv iştirak edir. Seçicilərinin qayğısına qalıb-qalmaması  barədə məlumatım yoxdur”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Parlamentin aktiv olmayan millət vəkillərindən biridir. Guya Milli Məclisdə müxalifəti təmsil edir. O, ancaq hüquqi və prokurorluqla bağlı məsələlərdə çıxış edir. Əlavə vaxtlarda çox susqundur. Əksər qanun layihələrinin müzakirəsində iştirak etmir. Jurnalistlərlə münasibəti pis deyil. İstənilən vaxt ondan müsahibə almaq olar. Amma belə, quru millət vəkilidir”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Milli Məclisin ağsaqqal deputatlarından biridir. Hər zaman öz ağıryanalığını qoruyur. Sırf öz sahəsinə - hüquqi məsələlərə dair çıxışlar edir. Ancaq onun cari məsələlərlə bağlı çıxışlarına təsadüf etməmişəm. Jurnalistlərlə münasibəti normaldır. Həmişə onlara qarşı diqqətlidir. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm”.

 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Əvvəla İlyas İsmayılov həddindən artıq mədəni, təvazökar və savadlı bir insandır. O, peşəkar siyasətçi olmaqla yanaşı, həm də peşəkar hüquqşünasdır, hüquq üzrə elmlər doktorudur. İlyas müəllim zamanında hüquq-mühafizə sistemində böyük vəzifələrdə- baş prokuror, ədliyyə naziri vəzifələrində və digər məsul işlərdə çalışıb, deyərdim ki, bu işlərdə də özünün təmizliyi, işgüzarlığı, obyektivliyi ilə seçilib, ad-san qazanıb. Doğrusu, İlyas müəllim parılamentə seçiləndə onun istər cari məsələlərin, istərsə də qanun layihələrinin müzakirələrində daha fəal və aktiv şəkildə iştirak edəcəyini gözləyirdik, amma bu, ötən müddət ərzində nədənsə bir o qədər özünü biruzə vermədi. Görünür bunun bizə bəlli olmayan tərəfləri də var. Jurnalistlərlə münasibətlərinə gəlincə, o, mətbuata kifayət qədər açıq və jurnalistlərlə normal münasibətləri olan siyasətçilərdən, millət vəkillərindəndir. Arzu edərdim ki, İlyas müəllim bu çağırış parlamentin heç olmazsa son 3-4 iclasında fəallıq nümayiş etdirsin və əgər yenidən parlament seçkilərinə qatılaraq növbəti dəfə deputat mandatı əldə edərsə, bu dəfə daha aktiv, daha fəal olsun”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Parlamentin III çağırış deputatları sırasında passiv deputatlardan biridir. Kifayət qədər güclü hüquqşünas olmasına baxmayaraq qanunvericilik yaradıcılığında heç bir qeyri-adi təklifi ilə yadda qalmayıb. Hətta qanun yaradıcılığı sahəsində də bitərəf mövqe tutur. Onun parlamentdə təmsil olunub-olunmaması parlamentin işinə heç bir təsir göstərmir”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Yaxşı kişidir. Səmimi insandır. O, vaxtilə rspublika prokuroru və ədliyyə naziri olub. Onu tanıyanlar hər zaman qeyd edirlər ki, o, işində rüşvətsiz işləyib. Çalışıb ki, vicdanlı fəaliyyət göstərsin. Onun bu dövr fəaliyyətini uğurlu hesab etmək olar. İlyas İsmayılov ölkənin siyasi həyatında da aktivlik nümayiş etdirib. Düzdür, bu aktivlik indi nəzərə çarpmır. Millət vəkili kimi bir o qədər də fəal olmasa da, qeyi-fəal deputat da saymaq omaz. O, çalışır ki, hər zaman insanların problemlərini Milli Məclisdə  qaldırsın. Onun deputat seçildiyi Tovuz rayonunda seçiciləri arasında da ciddi nüfuzu var. Jurnalistlərlə münasibəti də normaldır”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Mətbuata gələndən İlyas İsmayılovu yaxından  tanıyıram. Onunla dəfələrlə həmsöhbət olmuşam. Amma bir vaxtlar mətbuata açıq olan insandan indi əsər-əlamət belə qalmayıb. Xüsusilə deputatlıq fəaliyyəti dövründə çox passiv fəaliyyəti ilə seçildi. Ola bilsin prokurorluq sistemindəki fəaliyyətini davam etdirsəydi, daha da faydalı olardı. Milli Məclisdəki fəaliyyətindən heç özü də razı deyil. Bir zamanlar siyasi düşərgədə fəal olan şəxs gözlənilənləri doğrultmadı. Bəlkə də bu, onun təbiətindən irəli gəlir. Biz onu həm də tez küsən insan kimi tanıyırıq. “Yeni Müsavat”a küskünlüyü hələ də davam edir. Ancaq mənim fikrimcə, ictimai-siyasi sferada işləyən insan daha geniş ürəkli olmalıdır. Hər məsələni ürəyinə salmamalıdır. Milli Məclisin qocaman deputatıdır. Ona uğurlar arzu edirik”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “İlyas İsmayılov savadlı hüquqşünas, ziyalıdır. Parlamentin işində bir o qədər fəallığı ilə seçilmir, yalnız hüquqi məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur. Növbəti seçkilərə qatılacaqsa, ona uğurlar arzulayıram. Jurnalistlərlə normal münasibəti var. Seçicilərlə necə işləməsindən xəbərim yoxdur”.   “Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “İlyas İsmayılov rəsmi bölgüdə müxalifəti təmsil edir. Təəssüf ki, deputat seçildikdən sonra faktiki olaraq onun müxalifətçiliyindən əsər-əlamət qalmayıb. İstər parlamentdə, istərsə də parlamentdən kənarda onun müxalifətçilik mövqeyi müşahidə edilmir. Ancaq əvvəllər fəallıq nümayiş etdirirdi. O, bu 5 ildə parlament tribunasından istifadə edə bilmədi. Çox nadir hallarda çıxış etdiyinin şahidi olduq. Daha çox hüquqi məsələlərlə bağlı öz mövqeyini bildirir. İlyas İsmayılovun passiv millət vəkili olmasına baxmayaraq ona çox böyük hörmətim var. Jurnalistlərlə münasibətində problem görməmişəm”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Hesab edirəm ki, onun işi parlamentə gəlib, oturub-getməkdən başqa bir şey deyil”.

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “İlyas İsmayılov bu 5 ildə deputat kimi Milli Məclisdə fəallıq nümayiş etdirə bilmədi. Hansı ki, ictimai-siyasi xadim, partiya sədri kimi ondan gözləntilər çox idi. Maraqlıdır ki, hansısa səbəbdən İlyas İsmayılov parlament tribunasından ölkədə baş verən bu və ya digər məsələlərlə bağlı münasibət bildirmək istəmədi. Heç seçicilərinin qarşılaşdıqları çətinlikləri də parlamentdə qaldırmadı. Sanki Tovuz-Qazax-Ağstafa camaatının heç bir problemi yox imiş. İlyas İsmayılov çox nadir hallarda qanun layihələrinin müzakirəsində çıxış edib. Onu da deyim ki, həmin çıxışlarında hüquqşünas kimi düzgün irad və təkliflər səsləndirib.

Bəzi seçicilərindən onun barəsində narazılıq eşitmişəm. Ümumilikdə seçiciləri ilə necə işləməsi barədə bir söz deyə bilmərəm. Parlament jurnalistləri ilə münasibət qurmaqda maraqlı görünmür”.

Günay Musayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu