Modern.az

“Qarabağ savaşında unudulmuş qəhrəmanımız ermənilərin “Arabo” taborunu Çingiz xan taktikası ilə darmadağın edib” - MÜSAHİBƏ

“Qarabağ savaşında unudulmuş qəhrəmanımız ermənilərin “Arabo” taborunu Çingiz xan taktikası ilə darmadağın edib” - MÜSAHİBƏ

14 İyun 2014, 01:20

Araşdırmaçı Cəlaləddin Qasımov böyük sərkərdənin sirlərindən danışdı

 “Ərəb tarixçisi İbn əl-Əsir monqol yürüşləri haqda yazırdı: “Əgər kimsə desə ki Allah Adəmi yaradandan bəri yer üzü belə fəlakət görməyib, haqlı olardı”. Çin alimi Yelusika isə Çingiz xana “Sən at üstündə ölkələri işğal edə bilərsən, amma əsla at üstündə ölkələri idarə edə bilməzsən” demişdi”. Bunları Modern.az saytına Azərbaycanda ilk dəfə Çingiz xan barəsində yazılan “Çingiz xanın xəzinəsi” kitabının müəllifi, araşdırmaçı Cəlaləddin Qasımov deyir.

C.Qasımovun sözlərinə görə, bu kitab nəşr olunduqdan sonra tariximizin daha bir sirri aşkar edilib. Bir dağın içindən gedən gizli qapıların sökülməsi nəticəsində aşkar edilən sarayda  axtarışlar davam edir. Yazar “Çingiz xanın xəzinəsi” kitabında dağın içində daha 4 sarayın olduğunu bildirir. C.Qasımovla müsahibəni təqdim edirik.

 - Əvvəlcə o dövrdə monqolların həyat tərzinə və müharibə taktikasına nəzər salardınız...

 - Monqollar qədim dövrdən vəhşi heyvan ovu ilə məşğul olduqlarından bu, onların həm də bir döyüşçü kimi formalaşmasına səbəb olmuşdu. Monqolların gücünə bələd olan Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Ərazisi və əhalisi durmadan böyüyən monqol qəbilələrini zəiflətmək ücün başqa monqol qəbilələrinə dəstək verərək, monqol qəbilələrini bir-biri ilə döyüşməsinə şərait yaradaraq bu xalqı öz nəzarətləri altında saxlayırdılar. Çinlilər Çingiz xanın (Temuçin) atası Yesiqey Bahadura da bir neçə dəfə dəstək olmuşdular. Nəticədə isə o, tatarlarla və merkillərlə müharibədə qələbə çalmışdı. Monqol qanunlarına görə, gücün varsa, hər nə istəsən ala bilərsən. Bu qanunu əsas götürən monqollar bir-birinin qəbilələrinə basqın edərək kisiləri öldürür, arvad-uşaqlarını əsir alıb qul kimi işlədir, var-dövlətlərinin, heyvan sürülərinin sayını artırırdılar. Özünün tərəfdaşlarını çoxaltmaq məqsədilə müxtəlif nəsillərdən və qəbilələrdən qulluğa götürmək bu çöl bozqırının əsas qanunu idi. Temuçin 1155-ci ilin fevral ayında Onon çayının sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəlmişdi. Temuçin 9 yaşında olanda tatarlar onun atası Yesiqey Bahaduru zəhərləmisdi. Yesuqey Bahadurun tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək ona tabe olmayacaqlarını bildirdilər. Həmin qəbilə başçıları Temuçinin anasını və uşaqlarını atıb getdilər. Bu da azmış kimi başsız qalmış ailənin mal-qarasını da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat keçirmək məcburiyyətində qaldı. Quş, balıq, yeraltı yuvalarda yaşayan kiçik gəmirici heyvanlar ovlamaqla birtəhər dolanırdılar. Temuçinin anası Oelun çox ağıllı qadın idi. Bozqırın qanunlarına görə, dul arvad mal-mülk sahibi ola bilməzdi. Temuçinin anası Oelun isə ərə getməmiş, uşaqlarını böyütmüşdü. Temuçini vaxtilə atası Yesuqey Bahadurun dostunun qızı Börtə ilə nişanlamışdı. Temuçin böyüyür və Börtə ilə evlənir. Səhərisi gün taycutlar tərəfindən onların yurduna basqın edilir. O, ilk dəfə taycutların əlindən möcüzə nəticəsində sağ qurtarmışdı. İkinci dəfə də mərkitlərin köçəbəyə qəfil hücumu zamanı düşmən əsirliyindən yaxa qurtara bilmişdi. Börtə əsir alınmışdı. Çingiz xan isə qaçaraq aradan çıxa bilmişdi. Vaxtilə Temuçinin atası Yesuqey Bahadur anası Oeluni taycutların əlindən zorla almışdı. İndi onlar öz qisaslarını alırdılar. Temuçin vaxtilə atası Yesuqey Bahadurla qardaşlıq etmiş Toğrul xandan kömək istəyir. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Çin dövləti öz köçəri qonşularını zəiflətmək üçün onlar arasında daim nifaq salır və daxili qarışıqlıq törədirdi. Çin imperatoru biləndə ki yeritdiyi siyasət nəticəsində şimal-şərqdəki tatarlar merkikləri zəiflətmək üçün Toğrul xana müraciət ediblər, ondan bu təkliflə razılaşmamasını istədilər. Çinlilərin təklifinə razılıq verməyən Toğrul xanın yardımı ilə Çingiz xan arvadını geri almağa müvəffəq oldu. Temuçin arvadı Börtənin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına şübhə ilə yanaşırdı. O, Börtəyə demişdi ki, əgər uşaq oğlan olsa - öldürəcək, qız doğulsa - yaşayacaq. Börtə Temiçinin anasından kömək istəmişdi. Temuçin ilki olan oğlunu öldürmək istəyəndə anası Oelun onun qarşısını kəsdi. O, Temuçinə demişdi: “Sən uşaq olanda qardaşını öldürmüşdün. İndi də öz oğlunu öldürmək istəyirsən. Niyə axı?” Temuçin anasına belə cavab vermişdi: “Mən qardaşımı məhz səni təhqir etdiyinə görə öldürmüşəm. O, mənə elə hey deyirdi ki, sən Yesuqey Bahadurun oğlu yox, tatarların oğlusan, sənin atan tatarlardır”.

Məlumdur ki, Temuçinin anası Oeluni də toy gecəsi tatarlar qaçırmışdılar. Yesuqey Bahadur Oeluni 4 aydan sonra tatarlardan müharibə apararaq, geri qaytaranda Oelun artıq hamilə idi. Çingiz xanla qardaşlarının arasında hər zaman buna görə mübahisələr düşürdü. Söhbət əsnasında Temuçin anasi Oelundən əslində kimin oğlu olduğunu soruşdu. Oelun Temuçinə cavabında belə dedi: “Onu sən özün sübut edəcəksən. Atan Yesuqey Bahadur səni öldürmədi, əgər sən Bahadır oğlusansa, oğlunu öldürmə. Əksinə, ad ver ogluna”. Temuçin oğluna Cuçi adını qoymusdu. Bu sözün mənası monqol dilində “gözlənilməz qonaq” deməkdir. 

Temuçin atasının ölümündə günahkar olan tatarlardan qisas almaq üçün yaxşı fürsətin yetişdiyini bildiyindən Toğrul xandan dəstək istəyir. Özü isə Toğrul xanın müttəfiqi kimi müharibədə fəallıq göstərir. Tatarlar darmadağın edilmiş, qəbilə öz müstəqilliyini birdəfəlik itirmişdi. Tatarlar monqolların tabeliyinə keçmişdi. Temuçinin yeganə qatı düşməni naymanlar olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı.

 - Çingiz xanın döyüş taktikası necə idi? 

- Çingiz xandan təqribən 100 il sonra Çingiz xanın ədalətini onun soyundan olan Böyük Teymur yenidən dünyaya hakim qılacaqdı. Böyük Teymur özünü Çingiz xan soyuna aid edirdi. O da Çingiz xanın orduda verdiyi qanunları öz ordusuna şamil və tətbiq edərək qələbələr çalmışdı. Çingiz xanın ən əsas uğurlu döyüş taktikasından tarixdə bir çox sərkərdələr istifadə edərək uğurlar qazanıblar. Bu, tələ-döyüş taktikası idi.
Hətta bizim I Qarabağ savaşında da Çingiz xanın həmin bu uğurlu döyüş taktikasından istifadə edərək ən uğurlu qələbə qazanılıb. Mən bu komandana “unudulmuş komandan”, qazanılmış qələbəyə də “unudulmuş qələbə” deyərdim. Bu qələbəni unudulmuş qəhrəmanımız, Gəncə taborunun komandiri Mehman Ələkbərov qazanıb. Çingiz xanın qələbəsinin sirlərindən birinə görə, o, ordusundan 30 minlik ən təcrübəli süvari, oxatan döyüşçülərini düşmənin üstünə göndərir. 30 minlik ordunun hər bir əsgəri birdən ox atanda və 30 min ox havaya birdən qalxanda adətən gün işığının qabağı tutulurdu. Monqol əsgəri düşmənin üstünə basqın edərək, sonra özlərini qorxub qaçırmış kimi göstərərək geri çəkilib qaçardılar. Onlar qaçarkən arxaya çevrilib düşmənə tərəf ox atmağı bacarırdılar. 30 min ordu beş hissəyə bölünürdü. 70 klometrə kimi qaçar, monqol ordusunun əsas hissəsi isə qabaqda gözləyirdi. Düşmən ordusunu beş hissəyə böləndən sonra 70 kilometr at belində durmadan qaçan ordu yorularaq taqətdən düşərkən qarşısına birdən ordu çıxırdı. Beləcə, monqollar yorulmuş, taqətdən düşmüş düşməni asanlıqla məhv edirdilər.

Eyni tələ əməliyyatını Qarabağ müharibəsində Gəncə taborunun komandiri Mehman Ələkbərov da həyata keçirib. Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi.
“Arabo” taboru Manvel Eqizaryan tərəfindən Suriya, Livan, Fransa, ABŞ və sovet-Əfqanıstan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət idi və Avropanın ən güclü muzdlu taborlarından biri sayılırdı. 29 iyun 1992-ci ildə 123-cü rotanın 2-ci Gəncə taborunun komandiri Mehman Ələkbərov və kəşfiyyat rotasının komandiri Vaqif Həmidov Ağdərənin Həsənqaya kəndinə erməni silahlı qüvvələrini mühasirəyə aldılar. 171 nəfər şəxsi heyətə malik olan, ən müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 2-ci Gəncə taboru tərəfindən tamamilə məhv edildi. Taborun komandiri Eqizaryan hər şeyini atıb cəmi 3 nəfərlə qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin qırağında qaldı. Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan “Arabo” taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq panikaya düşdü və məhv edildi. Ən müasir silahlarla silahlanmış, böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı adi atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşurdu. Xocalı soyqırımında qaddarlığı ilə ad çıxaran erməni taborundan bir nəfər də sağ saxlamadılar. Manvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının birbaşa təşkilatçısı olub. Onun taboru amansızlığı ilə tanınırdı. Ermənilər bu taborun məhvini 1994-cü ilə qədər gizlədirdi. Lakin 1994-cü ildə Manvel Eqizaryan taborun məhv edildiyini etiraf etdi.

 
A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı