Modern.az

Bülənt Uğur: "Azərbaycandan bir insanla belə problemim olmadan gedirəm"

Bülənt Uğur: "Azərbaycandan bir insanla belə problemim olmadan gedirəm"

Media

30 İyun 2010, 12:36

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğur bir neçə gündən sonra diplomatik fəaliyyətini başa çatması üzündən ölkəmizi tərk edəcək. Yola çıxmağa hazırlaşan Bülənt Uğur Modern.az saytının suallarını cavablandırıb.

- Bülənt bəy, Siz jurnalistlərin yaddaşında daha çox onları Türkiyəyə göndərən şəxs kimi qalmısınız. Bu yolu tutmağınızın səbəbini aşıqlaya bilərsinizmi?

- İndi söyləyəcəyim bəzi məsələlər var. Bunlardan birincisi, bizim Türkiyəyə göndərdiyimiz azərbaycanlı jurnalistlərlə bağlıdır. 5 illik fəaliyyətim ərzində bizim böyük elçiliklərimiz, müşavirliklərimiz, təmsilçilərimiz və Kıpr təmsilçiliyi ilə birlikdə müxtəlif məsələlərlə bağlı Türkiyənin bir sıra şəhərlərinə, Qüzey Kıprıs Türk Cümhuriyyətinə, Brüsselə 154 jurnalist göndərmişik. Biz istədik ki, orada nələr edilir, nələr ediləcək, bu barədə sizlər də bilgili olasınız. Bizdə media ilə bağlı rəsmi qurum var. Belə bir qurumun burada da oluşması yönündə bir çalışma etdik. Bununla bağlı bir seminar keçirdik. Sonra da bir qrup jurnalisti, özəlliklə Mətbuat Şurası üzvlərini Türkiyəyə göndərdik ki, o mövzuda təhsil alsınlar. Həmçinin sizin də içində olduğunuz təşkilatlararası əlaqələr quruldu. Türkiyə Qəzetçilər Federasiyasının Mətbuat Şurası, “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə, Alanya Qəzetçilər Cəmiyyətinin Parlament Jurnalistləri Birliyi ilə əlaqələri yaranıb. Əlaqələr indi də davam edir. Elə bizim də məqsədimiz bu əlaqələri təşkil etməkdir. İlk təşkildən sonra zatən onlar bu əlaqləri davam etdirəcəklər. Məsələn, Parlament Jurnalistləri Birliyi çox gözəl işlər qurur və bu da məni şad edir. Ayrıca ildə iki-üç dəfə mövzu seçərik, gündəmə uyğun olaraq da bir qrup jurnlaisti Türkiyəyə göndərib, müxtəlif rəsmilərlə reportajlar hazırlamalarına imkan yaradırıq. Bu əlaqələr media ilə iş birliyinin artmasına yönlənib. Həmçinin, mediaların bir-birinə yaxınlaşması da bu məqsədə daxildir. Bu, birinci işimiz. İkinci, mən xoşuma gələn bir mövzunu ifadə etmək istəyirəm. Zərdabı Mətbuat Mərkəzi mənə bir mükafat vermişdi. Səfirliklər içərisində media ilə ən yaxşı işlədiyimizə görə. Jurnalist Qadınlar Birliyi yenə belə bir  birincilik mükafatı ilə bizi mükafatlandırıb. Bunlar bizim üçün şərəfverici işlərdir. Demək ki, gördüyümüz işlər də izlənilir. Həqiqətən elədir. Biz burada müxtəlif problemləri, mətbuat problemlərini yaxından izləyib, mümkün olduqca həll etməyə çalışırıq. Bir də özəlliklə mətbuatla əlaqəli diqqətimi çəkən bir neçə söz söyləyəcəm. Həllini tapmalı olan problemlər var. Məsələn, bir kəsdən müsahibə alarkən vaxtında müsahibə yerində olmalısan və ya gəlmədən öncə müsahibə üçün görüş almalısan. Bunlar toplumumuzun gərəyidir. Bunun xaricində davrandığın zaman Qərb ölkələrində buna fəqli gözlə baxarlar. Yazar sayından daha önəmlisi müxbir sayıdır. Yazar deyəndə biz Türkiyədə öz fikirlərini yazan insan nəzərdə tuturuq, müxbir isə gedib xəbəri alan jurnalist anlaşılır. Müxbirlərin içərisində araşdırmacı jurnalistlər mütləq olmalıdır. Sadəcə, verilən informasiya ilə iş bitmir.  Jurnalist öz araşdıramasını da etməlidir. Amma mən bunun tərəfdarıyam ki, oxucunun yönləndirilməsinə gərək yoxdu. Oxucuya xəbəri ver, oxucu öz beyinində analiz edib, özü yönlənsin. Yəni adamı bir tərəfə istiqamətlədirməyə gərək yox. Mən yazar sayının çoxluğuna qarşıyam. Burada çox deyil, ancaq Türkiyədə bu çoxdur. Türkiyədə həmən-həmən hər bir futbol klubun ayrı yazarı vardır. Bu baxımından Türkiyəyə yaxınlaşma meyli var. Halbuki, yaxınlaşmasanız, sizin istiqamət daha gözəldir. Yəni sən oxucuya sadəcə xəbəri ver. Yöləndirməyə qalxma. Bir başqa məsələni də qeyd edim. 4-cü qüvvət olmanın əsl gərəyi məslək ola bilmə və məslək ola bildikdən sonra dayanışmandır. Sən məsləki anlamında mütləq bir yerdə olmalısan ki, 4-cü hakimiyyət olasan. Azərbaycan mətbuatında bölünmə olmamalı, birlikdə hərəkət edilməlidir. Bunu mən tövsiyyə edirəm. 5 illik fəaiyyətim dövründə çoxlu sayda toplantılar düzənlədik. O toplantılarda müxtəlif fikirlər söylənildi, o fikirlərdən çox yararlandıq. Bununla yanaşı bir ziyarətə ev sahibliyi etdik. Bunları saydıqca qurtarmaz. Həmçinin çox sayda dost qazandıq.

- Özünüzlə də bağlı bilgi verin.

- Mən Elazığlıyım. Elazığ Almas İldırımın yaşadığı şəhərdir. O, Sovet bolşevik təzyiqindən qaçaraq Türkiyədə Elazığıda yaşayıb. Orada bir göl olub, adı olmayıb. Almas İldırım o zaman cümhur başqanına məktub yazıb, deyib ki, “burada bir göl var, adı da yoxdur. Mən vətənimi özlədim, Xəzəri özlədim. Bu gölə Xəzər adı verə bilərikmi?”. Bunun da nəticəsi olaraq o gölə Xəzər adı verilir. Bundan sonra Elazığ ilə Azərbaycan arasında əlaqələr daha da istiləşir. Almas İldırım minlərcə insan yetişdirib. Onun yetişdirdiyi insanlar da insanlar yetişdirir. Zatən bizdə millətini sevən çox insan yetişmişdi. Dilimiz, ləhcəmiz Azərbaycan ləhcəsi ilə eynidir. Burada heç özümü qərib hiss etmədim. Dillimiz, adətlərimiz eynidir. Mənim Azərbaycanla əlaqəm çox daha fərqli, çox daha içdən və səmimidir. Bunu bir insan olaraq söyləyirəm, bir diplomat olaraq deyil. Mən burada 5 il boyunca Azərbaycan mətbuatını quruluş ildönümünə qatıldım. Bu il də 135 illiyi olacaq, ona da qatılmaq istərdim. Amma qismət olmadı. Mən ilk gəldiyim il bir arzuda bulunmuşdum ki, inşallah 5-ci il mən getmədən qabaq Qarabağ problemi həll olunar, “Qarabağda bir toplantıda bu söhbətləri edərik” deyə düşünmüşdüm. Qismət olmadı, amma inşallah bu problem həll olunduqda mən nə olursa olsun gələcəm, oradakı o toplantıya qatılacam. Öncədən Azərbaycan mətbuatının 135 illiyini təbrik edirəm. Daha yüksək səviyyələrə gələcəyinə inanıram. Çünki 135 illik bir keçmiş kiçik, bəsit keçmiş deyil. “Molla Nəsrəddin” jurnalının, Həsən bəy Zərdabinin mətbuatın inkişafı üçün çox böyük xidmətləri olub.

- Bülənt bəy, 5 il əvvəl Azərbaycana gəlmisiniz. Maraqlıdır, Azərbaycana nə gətirdiniz və Azərbaycandan nə aparırsınız?

- Türk insanı Azərbaycanı sevir. Azərbaycan deyincə, türk insanının içi sevgi ilə dolur. Mən də Azərbaycana bu duyğularla gəldim . Ayrıca mən Almas İldırımın yaşadığı Elazığdan gəldim. Gəldiyimdə zənn etdim ki, öz ölkəmə gəlmişəm. İndi də gedərkən öz ölkəmdən gedirəm. Gələrkən əsas məqsədim xidmət etmək idi. Sadəcə, burada fikrim yalnız Türkiyənin mətbuatla əlaqaləri ilə bağlı diplomat kimi işləmək deyil, Azərbaycanın mətbuatı ilə Türkiyə mətbuatının əlaqələr yaratmasına yardımçı olmaq idi. Gedərkən götürdüyüm ən önəmli şey dostluqlardı. İçimdə Azərbaycanın daha da böyüyən sevgisidir. Azərbaycan mətbuatının nümayəndələri ilə çox gözəl dostluqlar qurduq. Bir-birimizə yardımçı olduq. Bir insanla belə problemim olmadan gedirəm. Mənim üçün ən böyük qazanc budur.

- Buradan getdikdən sonra daha çox nə üçün darıxacaqsınız?

- Mən hətta Türkiyəyə məzuniyyətə gedəndə bura üçün darıxırdım. Amma həmişə qəlbim sizinlə olacaq. Hər fürsətdə də gəlməyə çalışacam. Orada sizin artıq Bülənt Uğr adlı missioneriniz olacaq. O, hər zaman sizlərlə birlikdə  xidmət etməyə hazır olacaq.

- Azərbaycan mətbuatını Türkiyə mətbuatı ilə müqayisə edəndə, nələr çıxır ortaya?

- Azərbaycan mətbuatı sovet dövründə fərqli bir dönəm yaşayıb. Dolayısı ilə o dönəmi xaric tutduğunuz zaman o dönəmi milli mətbuatın formalaşmasında bir boşluq dönəmi olaraq görürəm. 1991-ci ildən bu tərəfə baxdıqda Azərbaycan gənc, Türkiyə isə 90 illik bir Cumhuriyyətdir. 90 illə 19 il arasında böyük fərq var. Ancaq sizin inkişafınız o qədər sürətlidir ki, məncə sizin gördüyünüz işlər Türkiyə mətbuatının bu gün olduğu o nöqtəyə siz 90 ilə varmadan da daha öncə qazana biləcəksiniz. Bu, bəlkə dövrün, texnologiyanın işidir. Ancaq sizlərin də fəaliyyətinin burada çox böyük rolu var. Biz zatən Tükiyə ilə Azərbaycan mətbuatının səviyyəsini bilirik. Burada texnoloji, maddi imkanlar çox fərqlidir. Bu həm də iqtisdiyyatla da əlaqəlidir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, rəqabət gücləndikcə reklam bazarı böyüyəcək. Bu zaman da media vasitəsilə reklamlar veriləcək, qəzetlər çoxlu pul qazanacaq. Çoxlu pul qazandıqda yüksək səviyyəli qəzetlər çıxacaq, daha çox oxunacaq. Bunlar bir-birilə bağlıdır.

- Siz həm də bütün türk ölkələrinin məbuatının yaxınlaşmasına çalışdınız. Nə əldə edə bildiniz?

- Bu, zaman tələb edir. Bu, bir günlük, bir illik iş deyil. Bizlər bu günə qədər zamandan bəlkə də bir az geridə qalmışıq. Çünki mətbuatın birgə işləməsi bir çox mövzunun önünü açacaqdı. Bu müxtəlif səbəblərdən edilməyib. Bizdə bir söz var: nəsə etmək heç nə etməməkdən daha yaxşıdır. Biz bir nöqtədən, öncə Azərbyacan-Türkiyə mediasından başladıq. O birilərini gözləmədik. Gücümüz buna çatdı. Birincisi seminarlar, toplantılar təşkil etdik, ikincisi bunları Türkiyədə də düzənləcəyik. Üçüncüsü, sadəcə Azərbaycanla Türkiyə ilə deyil, digər türk dövlətlərini də bu işə cəlb etmək lazımdır. Türk dövlətlərinin media birliklərini yaratmaq istiqamətində media zirvəsi təşkil edilməlidi. Güclü təşkilatlar olduğu zaman güclü birliklər formalaşır. İnşallah bu, baş verəcək. Mən bunu başlatdım. Əslində sonunclandırmaq istərdim, amma  zaman çatmadı.

- Azərbaycandakı türkçü düşüncələrlə bağlı da fikrinizi almaq isərdik...

- Günümüz dünyasında şovinist düşüncələrə yer yoxdur. Sən öz kimliyinlə əlaqədar olaraq bir-birinə dəstək verməlisən. Latın Amerika ölkələrinin, Afrika ölkələrinin biriliyi var. Biz də türk birliyi formalaşdırarıq. Bu zaman arxanda bir güc olur. Bunun üçün bu gərəklidir.

- Bayaqdan rəsmi işlərinizdən danışdıq. Qeyri-rəsmi işləriniz barədə nə deyə bilərsiniz?

- Azərbaycanın bütün rayonlarını gəzdim. Çoxlu dostlar qazandım. Boş zaman buraxmamağa çalışdım. Boş zaman insanın ən pis düşmənidir. Məndə boş zaman olduğu zaman özümə bir iş icad etdim. Əgər arxamızda yaxşı bir izlər buraxdıqsa, bunun təməl səbəbi bir az daha çox çalışmaqdır. Gəzməklə yanaşı, idmanla da məşğul olurdum. Tennis oynayırdım, qolumu sındırdım indi oynaya bilmirəm. Yaxşı bilyard, voleybol oynayıram. Ancaq təəssüf ki, voleybol komandası qura bilmədim. Kitab çox oxuyuram. O zatən mənim yaşantımın bir parçasıdır. Özəlliklə müasir dövr, gündəm mövzularla bağlı kitablar oxuyuram.

- Ümumiyyətlə, burada fikrinizdə gerçəkləşdirə bilmədiyiniz başqa hansı məqamlar oldu?

- Mən bir şeyi kafama qoydumsa bir an öncə yerinə yetirmək istəyirəm. Amma hə şeyin bir zamanı var. Sadəcə sənin istəmənlə əlaqəli deyil.

- Sizi əvəzləyəcək şəxs kim olacaq?

- İyulun 2-də onun ilk iş günü, mənim isə son günüm olacaq. Bu insanı da tanıyırıq. Genel müdirlikdən dəyərli bir arkadaşımızdı. Adını demirəm. Özü gələndə biləcəksiniz.

- Geri döndükdən sonra hansı işlə məşğul olacaqsınız?

- Mən Ankaraya Genel Müdirliyə qayıdacam. Orada da nə vəzifə verəcəklərsə, mən də çalışacam.  Hara uyğun bilsələr,  orada işləyəcəm. İndiyə qədər də belə olub. Yəni etiraz etmək yoxdur.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu