Modern.az

QHT-lərimizdən nə gözləyək?

QHT-lərimizdən nə gözləyək?

Qarabağ

30 İyun 2010, 17:08

“Hə, axırda bu da dolanmağın yolunu tapdı. Özünə bir təşkilat yaradıb,  qrant yeməyə başlayacaq”. Adətən bizdə yeni yaranan QHT haqqında xəbərlərə məhz bu cür yanaşırlar. Nədənsə, ölkəmizdə qeyri-hökumət təşkilatların işinin yalnız qrant alıb “yeməkdən”, yəni heç bir iş görmədən onun pulunu havaya sovurmaqdan ibarət olduğunu düşünürlər.

 

Lakin son illər bu düşüncə tərzində bir qədər dəyişiklik yaranıb. Artıq üçüncü sektor nümayəndələrinə yalnız qrant udan qurumlar kimi yox, demokratiyanın bərqərar olmasına yardımçı olan, ən azından buna cəhd göstərən bir təşkilat kimi baxırlar.

Əslində isə güclü QHT bütün cəmiyyətin həyatını dəyişə bilmək iqtidarında olmalıdır. Bir sıra xarici ölkələrə baxsaq, bu cür misalları asanlıqla görə bilərik. Uzağa getməyək, elə Gürcüstan və Ukraynada demokratik dəyişikliyə səbəb olan hərəkatın əsası QHT-lər tərəfindən qoyulmuşdu. Demokratik ölkələrdə isə qeyri-hökumət təşkilatlarının nüfuzu hansısa siyasi partiya, dövlət qurumundan daha çoxdur. İndi əksər Avropa ölkələrində vətəndaş cəmiyyəti hakimiyyətə can atan partiyalardan deyil, müxtəlif və çoxsaylı QHT-lərdən, peşəkar və digər spesifik xüsusiyyətlər ətrafında toplaşan birliklərdən ibarətdir. Qərb ölkələrində əvvəllər sırf hökumətin səlahiyyəti hesab edilən xeyli məsələlər var ki, tədricən onlar QHT-lərin maraq və fəaliyyət dairəsinə keçməkdədir.

3 nəfərin işlədiyi QHT bütün bölgəni ayağa qaldırdı

 

Amerikada isə adi bir qurumun – cəmi 3 nəfərin işlədiyi bir QHT-nin bütün bölgənin iqtisadiyyatını yaxşılaşdırdığının şahidi olmuşdum. Bir neçə il əvvəl Ohayo ştatında səfərdə olarkən bizi burdakı 3 vilayət yolunun əsas federal yolla kəsişdiyi bir yerə apardılar. Bu yerdə qəribə heç nə yox idi. Tipik Amerikan mənzərəsi – çoxlu ticarət mərkəzləri, ucuz və keyfiyyətli mallar, kafe və restoranlar, əyləncə yerləri də öz yerində. Burada adam əlindən tərpənmək mümkün deyildi. Sonradan elə həmin ərazidə yerləşən bir QHT ofisində - Ticarət Alyansında qonaq olduq. Bu, ən son model texniki avadanlıqla təchiz edilmiş kiçik bir ofis idi. Görüş zamanı məlum oldu ki, sən demə, bu yolayrıcının inkişaf edib gəlir gətirən yerə çevrilməsi məhz qonağı olduğumuz Alyansın sayəsində baş tutub. QHT-də işləyən 3 nəfər oturub plan cızıblar, müxtəlif təkliflər hazırlayıblar. Burada qurulacaq mərkəzlər üçün güzəştli vergi tariflərinin tətbiqinə nail olublar. Bundan sonra ticarət mərkəzləri tikilib, daha sonra tanınmış brendlər bu yerə axışmağa başlayıb. Bir neçə ilin içində bu bölgədə əməlli-başlı inkişaf gedib. 3 nəfərlik QHT bölgədə yaşayanların rifah halının yüksəlməsinə səbəb olub.

 

Hər cür QHT-lərimiz var

 

Bu, Amerikadakı QHT-nin gördüyü işdir. Əslində, bu sahədə neçə əsrlik təcrübəsi olan Amerika ilə ölkəmizi müqayisə etmək bir qədər düzgün olmazdı. Amma orası da var ki,  Azərbaycanda mövcud QHT-lərin əksəriyyəti öz potensialından istifadə etmir, üzərinə götürdüyü məqsəd və məramları həyata keçirməyə cəhd göstərmirlər. Bizdə qeydiyyatı olan, amma işi görünməyən təşkilatlar çoxdur. Bunu sübut etmək üçün qeydiyyatdan keçən QHT-lərin  siyahısına baxmaq kifayətdir. Burada qəribə adlara da rast gəlinir. Məsələn, bir qurum belə adlanır –  Azərbaycan Respublikası, MDB Ölkələri və İqtisadi Məkana daxil olan digər Ölkələrin Müəssisələri və digər Sahibkarlıq Strukturları Arasında Əməkdaşlıq Əlaqələndirmə Şirkəti. Bundan əlavə, “Novruz” Heyvandarlıq İctimai Birliyi, “Səbuhi” Heyvandarlıq-Toxumçuluq İctimai Birliyi, “Leyla” Aqroxidmət İctimai Birliyi kimi adam adları ilə adlandırılan, amma kənd təsərrüfatına aid olan QHT-lər də var. Siyahıda Azərbaycan Respublikası Haqq-Ədalət İctimai Təşkilatı adlı QHT də var. Səhv etmiriksə, indiyə qədər bu adlı QHT-lərin fəaliyyəti ilə bağlı hansısa məlumat keçməyib.

QHT-lər qanunu Hökumətə alternativ sənədlər

 

Təbii ki, üzdə olan, əməli iş görən qurumlar da az deyil. Bu gün Azərbaycanda elə QHT-lər var ki, onlar hökumətin müxtəlif sahələrdəki dövlət proqramlarına alternativ hesabatlar hazırlayır, ciddi sənədlərin ortaya qoyulmasında dövlətə yardımçı olurlar. Dövlətlə vətəndaş arasında əsas əlaqə vasitəsi, körpü kimi qiymətləndirilən qeyri-dövlət qurumları hüquqların müdaifəsindən tutmuş yoxsulluğun aradan qaldırılmasına kimi bir çox sahələrdə aktiv işləyirlər. Sirr deyil ki, gender bərabərliyi, məişət zorakılığı, insan alveri qurbanlarının müdafiəsinə dair qanunlar məhz bu sahədə fəaliyyət göstərən QHT-lərin təkidi sayəsində qəbul edilib.

 

Azərbaycanda bir sıra koalisiya və assosiasiyaların fəaliyyəti daha təqdirəlayiqdir. Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan Uşaq Hüquqları üzrə QHT Alyansı, Gənclər Təşkilatlarının Milli Şurası ciddi fəaliyyət göstərir. Azərbaycan üçün çox həssas bir sahə - korrupsiya ilə mübarizədə də öz sözünü deyən QHT birlikləri var. Artıq neçə illərdir ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin apardığı araşdırmalar, hazırladığı hesabatlar beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir.

Jurnalistlər üçüncü sektorda da fəaldır

 

Yeri gəlmişkən, hazırda  aktiv QHT-lər sırasında məhz jurnalistlərin yaratdığı və işlədiyi qurumlar daha çoxdur. Elə qurumlar var ki, onlar media sahəsində demokratik dəyərlərin inkişafı, söz azadlığının təminatı və möhkəmlənməsi üçün xeyli işlər görürlər. Məsələn, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Media Hüququ İnstitutunun hazırladığı qanun layihələri əsasında artıq Milli Məclisdə 3 qanun qəbul edilib. Parlament Jurnalistləri Birliyi isə əsl vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yayılması istiqamətində layihələr həyata keçirib. Məhz QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bu ilin aprelində, qondarma erməni soyqırımı ərəfəsində Türkiyənin bir neçə şəhərində erməni terrorunu anladan foto-sərgi təşkil olunub. Bu tədbir Türkiyədə yerli və oradakı xarici media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

 

“Maliyyə vacib faktordur”

 

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirli hesab edir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün  şəffaf  maliyyə çevrəsinin  geniş olması vacib faktordur: “İctimai  təşkilat maliyyə vəsaiti  üçün  yalnız  Prezident  yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasına üz tutmamalıdır. Digər nazirliklərin, şirkətlərin  bu işə qoşulması  zəruridir. Və həmin qurumlar öz tanışına,  özünə yaxın olan təşkilata  necə gəldi deyil, daha şəffaf, səmərəli şəkildə, innovativ layihələrə vəsait ayırması  Azərbaycan cəmiyyətinin, dövlətinin xeyirinə olar. Gərək hansısa bir sahə üçün nazirliklərə vəsait ayrılanda  keçirilən tenderdə qeyri-hökumət təşkilatlarının da iştirakı nəzərdə tutulsun”. Ə.Bəydəmirli hesab edir ki, maliyyənin  əhatə dairəsi genişləndikcə,  şəffaflıq, məsuliyyət və ən əsası QHT-nin effektiv fəaliyyəti artar və paralel olaraq görülən işlərin səmərəsi hiss olunar.

 

Azərbaycandan olan QHT-lər beynəlxalq aləmdə də tanınırlar. Bir çox qurumlarımız xaricdə tsis edilən birliklərin, koalisiyaların üzvüdür. Bəzi Azərbaycan QHT-ləri Avropa Şurasında məşvərətçi, hətta iştirakçı statusunu da alıblar. Qeyd edək ki, Avropa Şiurasında  400-ə yaxın qeyri-dövlət qurumu bu cür statusa malikdir. Bu QHT-lərin daxil olduğu tematik qruplar ilk mənbədən informasiya almaq,  hökumətlərarası komitələrdə işləmək, hətta baş katib üçün memorandum hazırlamaq, AŞ PA-nın, AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında çıxış etmək imkanına malikdirlər. 

Seçkidə QHT-lər də fəallaşacaq

Hazırda ölkə növbəti parlament seçkisi ərəfəsindədir. Azərbaycan üçün tarixi önəm daşıyan bu prosesin ədalətli keçməsinə çalışan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti də aktivləşməyə başlayıb. Çünki vətəndaşların seçkidə fəal iştirakının təmin olunması seçki və insan haqları məsələləri üzrə ixtisaslaşmış çoxsaylı qeyri-hökumət təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Hələlik Azərbaycanda QHT-lərin beyinlərdə inqilab yaratdığını,  cəmiyyətin həyatında köklü dəyişikliyə səbəb olduğunu demək çətindir. Amma bu təşkilatların həyata keçirdiyi layihələr az da olsa, bəzi qrup insanların təfəkküründə dəyişiklik yaradıb, xeyli maarifləndirmə işləri görülüb.

QHT-ləri tənqid edənlər də, onlarnı işini bəyənənlər də yzlnız bir məsələdə yekdildilər – onların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Hazırda Azərbaycanın QHT sektorunda 10 mindən çox insan çalışır. Lakin getdikcə bu rəqəmin artacağı gözlənilir. Burada  tanınmış hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Helsinki Fondunun yaradıcısı Marek Novitskinin bir deyimini xatırlatmaq yerinıə düşərdi. Cənab Novitski deyirdi ki, demokratiyanın çoxdan mövcud olduğu ölkələrdə insanlar başa düşüblər ki, birgə olsalar, daha yaxşı mübarizə apara bilərlər. O, çox vaxt "Grass Roots Activity" (ot köklərinin aktivliyi) misalını çəkirdi. Deyirdi ki, ot kökü çox zəifdir, onu qoparıb atmaq asan başa gəlir. Amma otlar çox olub yaylaq əmələ gətirsə, torpağın altında kökləri bir-birinə qarışsa, onda onlardan heç birini dartıb çıxartmaq mümkün olmayacaq. Yəni əgər QHT-lərin sayı çox olarsa, vətəndaşlar öz haqlarını daha yaxşı qoruyar, daha az problemlərlə üzləşərlər.

Fərəh Sabirqızı

 

Yazı Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılmasına həsr olunmuş jurnalistika müsabiqəsinə təqdim olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir