Modern.az

Jurnalistlər niyə kredit ala bilmir?

Jurnalistlər niyə kredit ala bilmir?

5 İyul 2010, 12:30

İyulun 22-də Azərbaycan mətbuatının 135 yaşı tamam olur. 135 yaşlı Azərbaycan mətbuatının bugünkü nümayəndələri bir çox sosial-iqtisadi problemlərdən əziyyət çəkirlər. Doğrudur, dövlət bu və ya digər mənada jurnalistlərin problemləri ilə bağlı müəyyən addımlar atır, amma bunlar əsas sosial məsələlərin aradan qalxması üçün yetərli deyil.

Cəmiyyətin güzgüsü hesab edilən media və onun sükanı arxasında əyləşənlərin problemlərinin həllində, dövlətlə yanaşı digər strukturların da ən azı dəstək göstərmələri lazımdır. Təəssüf ki, bizlər bütün sahələrin işıqlandırılmasında və onların uğurlarının cəmiyyətə obyektiv çatdırılmasında canla-başla çalışsaq da, onlar media işçilərinin problemlərinə biganə yanaşırlar. Bu sahələrdən biri də bank sektorudur. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları cəmiyyətin bir sıra təbəqələrinə (təhsil, tibb işçiləri və s.) güzəştli kreditlər ayırsalar da, jurnalistləri bu kateqoriyaya aid etməkdən çəkinirlər. Amma nəzərə almırlar ki, jurnalistlər onların qalaq-qalaq informasiyalırının cəmiyyətə çatdırılmasında heç də çətinlik çəkməyiblər.  Bu və ya digər məsələlərə jurnalist təşkilatları, qəzet redaktorları və bəzi bankların münasibətini öyrəndik. Təbii ki, bəhanələr, bəzən də yerli və yersiz səbəblərlə qarşılaşdıq.  

Kredit verən təşkilatlar qeyri-rəsmi olaraq embarqo elan ediblər…

Jurnalist Həmkarlar İttifaqının (JHİ) sədri Müşviq Ələsgərli bildirir ki, hazırda jurnalistlərin peşə fəaliyyətində ehtiyacları olmasına baxmayaraq, onların kreditlərlə bağlı kifayət qədər problemləri var. “Bu cür güzəştli kreditlərlə bağlı problemləri iki qrupda təsnif etmək olar. Bunlardan birincisi iri məbləğli kreditlərin, xüsusilə də ipoteka kreditlərinin alınması ilə bağlı problemlərdir. İkincisi isə aşağı formalı kreditlərin, yəni əmək fəaliyyəti ilə bağlı avadanlıqların alınması ilə bağlı olan kreditlərdir. Biz 2009-cu ildə jurnalistlər arasında bununla bağlı bir sorğu keçirdik. Yüz nəfər jurnalist arasında aparılan sorğuda öyrənməyə çalışdıq ki, onlar indiyədək ipoteka kreditindən istifadə ediblərmi? Təəssüflər olsun ki, yüz nəfərdən biri də sualımza müsbət cavab vermədi. Əslində bu gün də bizə çoxlu sayda müraciətlər daxil olur. Əsasən də məişət avadanlıqlarının alınması ilə bağlı kreditlərin verilməsində yaranan problemlərdir. Sanki, kredir verən təşkilatlar qeyri-rəsmi olaraq bir embarqo elan ediblər ki, jurnalistlər bu imkanlardan istifadə edə bilməsinlər. Burada çıxış yolu kimi iki məsələyə diqqət yetirmək lazımdır. Biz ipoteka krediti ilə bağlı məsələni araşdırdıqda gördük ki, kreditin verilməsində 500 manat əmək haqqı tələb olunur. Lakin təəssüflə qeyd edə bilərəm ki, keçirdiyimiz sorğunun nəticələrinə görə, ölkədə jurnalistlərin orta aylıq əmək haqqı 300-350 manat təşkil edir. Bu Azərbaycan mətbuatının orta göstəricisidir. Bu şərtlə jurnalistlərin ipoteka kreditinə düşməsi qeyri-mümkündür. Biz jurnalist təşkilatı olaraq təklif etdik ki, jurnalistlər sosial kateqoriyalar arasına daxil olunsunlar. Yəni müəyyən təbəqələr var ki, aşağı əmək haqqı ilə kreditlərdən istifadə edirlər, jurnalistlər sosial zümrə olaraq da bu şəkildə istifadə edə bilsin. Qaldı ki, az məbləğli, yəni məişət avadanlıqları üçün olan kreditlərdən istifadə etmək, hansı ki, bu sahədə jurnalistlərə bir embarqo qoylub, burada obyektiv və subyektiv səbəblər mövcuddur. Etiraf edək ki, ölkədə əksər KİV redaksiyaları dayanıqlı deyil. İl ərzində onlarla qəzet ortalığa çıxır və gedir. Bu əksər qəzetlərin Azərbaycanda mətbuat üçün yaranan şəffaf mühitdən istifadə etməsidir. Belə bir halda kredit təşkilatlarını başa düşmək olur. Yəni iş yeri dayanıqlı olmadığı üçün, bankların da kredit vermədə narahatçılıqları olur. Lakin mənə elə gəlir ki, bu tendensiyanı dəyişməyin vaxtı çatıb. Yəni, son bir ildə Mətbuat Şurasının KİV haqqında siyahıları elan olunub. Bu siyahıda redaksiyaların fəaliyyətinə tam aydınlıq gətirilib. Bir il bundan əvvəl redaksiyaların dayanıqlı olmamasına səbəb gətirən banklar artıq, bu siyahıya əsasən səbəb gətirə bilməzlər. Artıq səbəb aradan qalxıb. Lazım gələrsə kredit verən təşkilatlar Mətbuat Şurasından zəmanət məktubu almaq kimi vasitələrdən də istifadə edə bilərlər. Məsələ kifayət qədər ciddidir və düşünürəm ki, sağlam jurnalistlərlə bağlı bu sahədə yolların açılmasının vaxtı gəlib çatıb”-deyə, M.Ələsgərli açıqlayıb.

Jurnalistlərin banklarla problemlərini həll eləmək imkanlarımız var…

Parlament Jurnalistlər Birliyinin sədri (PJB) Elşad Eyvazlı isə deyir ki, beynəlxalq təcrübədə də güzəştli təbəqələr məsələsi önə çəkiləndə, ilk yerlədən birində elə jurnalistlər gəlir. Onun sözlərinə görə, konkret müşahidələr göstərir ki, jurnalistlərin banklarla kredit məsələsində dayanıqlı iş yeri məsələsi problem yaradır. “Lakin jurnalistlərin banklarla bu problemlərini həll etmək imkanlarımız var. Bu nədən ibarətdir? İlk olaraq redaksiyalarda müqaviləsiz işləməyi yasaq etmək lazımdır və əlaqədar qurumlar da bununla ciddi məşqul olmalıdırlar. Qarşıdan mətbuatın 135 illiyi gəlir, bununla bağlı çox şey etmək olar. Heç kim krediti kefdən almır, o cümlədən də operativ əməklə məşğul olan jurnalistlər. Bu peşənin nümayəndələri üçün də mümkün şəraiti yaratmaq lazımdır. Burada yüksək təyinatlı kreditlərdən söhbət getmir, əlbəttə ki, jurnalistlər iş adamı deyil. Söhbət kiçik miqyaslı, peşə və məişət avadanlığını əhatə edən kreditlərdən gedir. Burada müvafiq dövlət qurumları banklar və media qurumları arasında zəmanətverici funksiya rolunu oynaya bilər. Bu yaxınlarda ölkə prezidentinin jurnalistlərin maddi-texniki bazasının inkişafı ilə bağlı təqdirəlayiq Sərəncamı oldu. Bu sərəncamdan da istifadə etmək olar”-deyə, PJB sədri vurğulayıb.

Bu problemi həll etmək o qədər də çətin deyil…

Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu hesab edir ki, jurnalistlər arasında kifayət qədər peşəkar şəxslər var ki, onların sosial problemləri mövcuddur və bu problemlər  onların peşə fəaliyyətinə hiss olunacaq qədər mənfi təsir göstərir. “Bunun üçün onlara sosial təbəqə olaraq güzəştli şərtlərin ayrılması hazırkı zamanda mövcud zərurətlərdəndir. Hesab edirəm ki, banklar da jurnalistlərə güzəştli kredit verən zaman aidiyyatı qurumlar vasitəsilə araşdırmalar aparmalıdırlar. Bu problemi həll etmək o qədər də çətin deyil”-deyə, U.Rəhimoğlu əlavə edib.

Heç bir bank jurnalistlərə etimad göstərmir…

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Azərbaycanda fəaliyyət göstərən bankların adi məişət texnikası almaq və yaxud da sadələşmiş şərtlərlə kredit götürmək istəyən jurnalistlərə qadağa qoymasından təəssüflənir. “Müəllimlərə, həkimlərə və hərbçilərə ayrı-ayrı banklar güzəştli kreditlər təşkil edir. Orta məktəb müəllimlərinin məvacibi orta hesabla heç də jurnalistin maaşından yuxarı deyil. Eyni hal müxtəlif məişət texnikalarının alınması zamanı da müşahidə olunur. Başqa sözlə, heç bir bank jurnalistlərə etimad göstərmir. Azərbaycanda 10 ildən çox nəşr olunan, davamlı qəzetlər var. Burada çalışan jurnalistlərin də kifayət qədər iş təcrübəsi var və gəlirləri də şəffaf şəkildə göstərilir. Belə olan təqdirdə nə üçün banklar jurnalistlərə etimad göstərmir? Hesab edirəm ki, bayram ərəfəsində bu məsələ ciddi müzakirə olunacaq və öz müsbət həllini tapacaq”-deyə, N.Məmmədli söyləyib.

Jurnalistləri maddi yardım uman şəkildə görmək istəmirəm..

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli isə hesab edir ki, ümumiyyətlə güzəştli şərtlərə kreditlərə görə peşəsindən asılı olaraq insanlar arasında təbəqələşmə yaratmaq düzgün deyil. Onun fikirincə, jurnalistin adi vətəndaşdan fərqi olmadığı üçün, o da adi vətəndaş kimi sosial problemlərini adi qaydada həll etməlidir. “Banklar konkret olaraq peçə dayanıqlığının olmadığını səbəb gətirərək jurnalistlərə kredir vermirlər. Mən bunun şəxsən şahidi olmuşam. Azərbaycan jurnalistini maddi yardım uman şəkildə görmək istəmirəm. Əgər ölkədə sosial-iqtisadi inkişaf müntəzəm dinamikadadırsa, bu zaman jurnalistin də problemləri adi qaydada həllini tapacaq. Cəmiyyədə polisə, həkimə, müəllimə, jurnalistə güzəşt tələb olunursa, onda heç bir işi olmayana hansı adla güzəşt olunsun? Fikrimcə, ölkənin bütün insanları imkanlardan bərabər faydalanmalıdır. Jurnalist də həmçinin”-deyə, F.Cəfərli bildirib.

Sovet dövründə jurnalistlər üçün yaradılan şərait indi yoxdur…

“Paritet” qəzetinin baş redaktoru Camaləddin Quliyev isə başqa cür düşünür. Onun fikrincə, ölkədə jurnalistlər orta təbəqəyə aiddir və hər təbəqədə olduğu kimi jurnalistlər də aid olduqları təbəqənin imkanlarından yararlanmalıdırlar. “Lakin jurnalistlər aid olduqları təbəqənin imkan göstərcilərinin təxminən 30%-dən ancaq istifadə edirlər. Dünyanın əksər ölkələrində orta təbəqə əslində qızıl təbəqə hesab olunur. Əgər bu təbəqənin nümayəndələri mövcud imkanlardan yararlanmırlarsa, bu ölkə üçün təhlükəlidir. Azərbaycanda əksər göstəricilər inkişaf etmiş ölkələrə çatmaq üzrədir. Buna görə də ölkənin media nümayəndələrinin sosial imkanlardan istifadəsini bu səviyyəyə çatdırmaq lazımdır. Fikirimcə, belə sosial güzəştlərin tətbiq olunması üçün, banklardan olan kreditlərdən güzəştli istifadə üçün qanunvericilikdə buna diqqət yetirmək lazımdır. Yəni vaxtilə sovet dövründə qanunvericiliyin şərait yaratdığı sosial imkanlar jurnalistlər üçün indi yoxdur”-deyə, baş redaktor vurğulayıb.

Jurnalistlərə kreditlərin ayrılması mümkündür…

“Bank Standart”ın Kredit şöbəsinin müdiri İlqar Quliyev bildirir ki, normal bir şəkildə jurnalistlərə kreditlərin ayrılması mümkündür. “Lakin onların tez-tez iş yerlərini dəyişmələri və mediada bir sıra heç əhəmiyyəti olmayan qəzet və jurnallar var ki, onlar əsasən bu istiqamətdə problemlər yaradırlar. Biz televiziya jurnalistləri üçün kreditlər ayırırıq. Amma, yazılı mətbuatda alınmır. Hətta bəzən, həmin mətbuat orqanlarında elə redaktorlar var ki, heç jurnalistikada işləməyən yaxın qohumu üçün öz orqanı adından bir sənəd düzəltdirir və kredit götürmək üçün təqdim edir. Biz onu araşdırmaqda çətinlik çəkirik. Probemlərdən biri də müraciət edən jurnalistlərin əksəriyyətində rəsmi gəlirlərin çox aşağı göstərilməsidir. Bu da bizim kredit missiyamızla düz gəlmir. Əsasən bu yazılı mətbuatda baş verir, telekanallarla bizim heç bir problemimiz olmur”-deyə, İ.Quliyev açıqlayıb.

Jurnalistlərə güzəştlər tətbiq olunmalıdır…

“UNIBANK”-ın baş mütəxəssisi Taleh Tahirli deyir ki, bank olaraq güzəştli təbəqəni biz təyin etmədiyimiz üçün, bunu ayırd etməkdə də çətinlik çəkirirk. “Hesab edirəm ki, bu qanunvericiliklə dövlət tərəfindən müəyyənləşməli və banklar da kredit verərkən müəyyən zəmanət görməlidirlər. Jurnalist təbəqəsinə də güzəştli şərtlərin aid olub-olmaması artıq dövlətin işidir. Əlbəttə, şəxsi fikrimcə, jurnalistlərə güzəştlər tətbiq olunmalıdır. Lakin, artıq bunun müəyyənləşməsi heç də bankdan asılı deyil”-deyə, bank mütəxəssisi açıqlayıb.

Kredit götürən zaman banklarda ilk növbədə gəlirlər nəzərə alınır…

Milli Bankın Kommunikasiya Departamentinin direktoru Rüfət Abbasov hesab edir ki, jurnalistlərin kredit götürmək istəməsində yaranan problemlər başlıca olaraq onların aylıq gəlirlərinin azlığı ilə əlaqədardır. “Məncə bunu sırf peşəyə bağlamaq lazım deyil. Banklar buna individual yanaşırlar. Kredit götürən zaman banklarda ilk növbədə gəlirlər nəzərə alınır. Bunun üçün diqqət əsasən buna yönəlməlidir”-deyə, R.Abbasov vurğulayıb.

Sadəcə zamana ehtiyac var…

“Bank of Baku”nun baş mütəxəssisi Pərvin İbrahimi iddia edir ki, belə bir kampaniyanın keçirilməsi və orada güzəştli kreditlərin alınmasında jurnalistlərin də yararlanması çox yaxşı olardı. “Adətən müəllimlər və səhiyyə işçiləri üçün olur, amma mətbuat işçiləri üçün olmur. Burada ixtisaslaşma əsas meyardır. Güman edirəm ki, yaxın müddətdə jurnalistikadada ixtisaslaşma nəticəsində dayanıqlılıq yaranacaq və onlar da güzəştli kreditlərdən istifadə edə biləcəklər. Sadəcə zamana ehtiyac var”-deyə, bank mütəxəssisi izah edib. Mübariz Aslanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir