Modern.az

1918-ci ildə Quba qəzasında ləzgilərin soyqırımı

1918-ci ildə Quba qəzasında ləzgilərin soyqırımı

Təhsil

16 İyul 2014, 13:51

Arzu Xəlilzadə

“Qanlı dərə”də 1918-ci ildə qubalılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın etmişlər.

Heydər Əliyev

Ümummilli lider Heydər Əliyevin bu sözləri böyük bir qəhrəmanlıq mübarizəsinin iştirakçıları haqqındadır. 1918-ci ildə erməni daşnakları və bolşeviklər Quba qəzasında yerli əhaliyə qarşı amansız qırğınlara başladılar. Bu döyüşlərdə erməni daşnaklarının və bolşeviklərin birləşmiş qüvvələrinin darmadağın edilməsində ləzgi əhalisinin də mühüm xidmətləri olmuşdur.   Əksər döyüşlərdə düşmənlər ilə ləzgilər üz-üzə gəlmiş və qələbəni təmin etmişlər. Ulu öndərimiz Heydər Əliyev Quba hadisələrinə münasibət bildirərkən bu fikri xüsusi vurğulamışdır: “Bu hadisələrdə müsəlmanlar qətlə yetirilmişdir”.  Bu ifadələr onu sübut edir ki, Qubada soyqırımı yalnız türk əhalisinə qarşı deyil, həm də müsəlman ləzgilərə, tatlara və başqalarına qarşı yönəlmişdir. Sənədlərdə öz əksini tapdığı kimi Quba ətrafındakı ləzgi kəndlərinin əhalisi erməni daşnaklar və bolşeviklərə qarşı mübarizəyə başladıqdan sonra başqa kəndlərin əhalisi də ayağa qalxmışdır. Qusarın Cağar kəndinin sakini Hatəm ağa Cağarvi və Kuzun kəndinin sakini Möhübəli Əfəndi Kuzunvinin rəhbərliyi altında mübarizə mütəşəkkil xarakter almışdır. Bundan sonra Əli bəy Zizikski, Xaçmazın Şıxlar kəndinin bəyləri, dəvəçili Həmdulla Əfəndi, Qonaqkəndli qaçaq Mayıl və başqaları bu döyüşlərdə böyük qəhrəmanlıq göstərmişlər. Bolşevik dəstələrinin və daşnakların darmadağın edilməsində əsas  rolu Hatəm ağa Cağarvinin və Möhübəli Əfəndi Kuzunvinin silahlı dəstələri oynamışdır.

1918-ci ildə işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıtmış, bunlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən yerli əhali həmin dövrdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir.

Qubada həyata keçirilən bu ağlasığmaz qırğının digər bölgələrdə həyata keçirilən qırğınlaradan əsas fərqi bundadır ki, digər soyqırımlar azərbaycanlılara qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə - ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi.

Ermənilər rus əsgərlərinin köməyi ilə Qubada dörd dəfə qırğın törətmişdilər. Buraya David Gelovanidən başqa, bolşevik Strua da qoşun çıxarmışdı. Onun dəstəsində 1000 nəfər əsgər var idi. David Gelovanidən və Struadan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 1000 nəfərlik erməni əsgəri Quba qəzasında qırğın törətmişdi. Bu əsgərlər cəhbəyə getməyib Xaçmazda müsəlmanlardan qisas almışdılar. Eynən bu cür qoşun hissələri İrəvan quberniyasında da müsəlmanlara divan tutmuş, onları kəndlərindən qovaraq əvəzində erməniləri yerləşdirmişdilər.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü, A.Novatskinin məruzəsində göstərildiyi kimi, D.Gelovani Qubaya gələndə buradakı həbsxanadan 200-ə qədər hərbi erməni əsirini azadlığa buraxmışdı. Onlar burada vəhşiliklər törətmiş erməni əsgərlərinin qalıqları idi. Rəhbərləri isə Muradyan olmuşdur. O vaxt Qusarın Kuzun kənd sakini, Türkiyədə təhsil almış, nüfuzlu din xadimi Möhübəli əfəndi, həmçinin, Cağar kənd sakini qoçaqlıqda ad çıxarmış Hatəm Sərkərov yerli əhalini erməni daşnaklarına qarşı mübarizəyə qaldırmış, Cənubi Dağıstan ləzgilərindən də kömək alaraq, işğalçıları darmadağın etmişlər. muradyan qaçaraq canını qutarsa da, onun 200-dək əsgəri Möhübəli əfəndinin tapşırığı ilə Quba həbsxanasına salınmışdır. Şahid ifadələrinə görə, Möhübəli əfəndiyə və Hatəm ağa Cağarviyə Xaçmazın Şıxlar kəndinin mülkədarı İbrahim bəy, Quba mülkədarlarından kapitan Əlibəy Zizikski, Bəkər Məhərəliyev, Yusif bəy Abusalambəyov da  öz dəstələri ilə kömək göstərmişdi.

Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsaslansaq, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azərbaycanlı və tat əhalisi qətlə yetirilmişdir. Amazasp Qubada olduğu ilk iki gün ərzində şəhərdə və qəzanın kəndlərində 1700 nəfərdən çox azərbaycanlını, 1200-ə qədər ləzgini, 300 nəfərdən çox tat əhalisini qətlə yetirmişdi. Qudyal çayının sahilində 700 nəfər əli silah tutan cavanın güllələndiyini də nəzərə alsaq, cəmi iki gündə 3900 nəfərdən çox müsəlman qətlə yetirilmişdir. Bu, Quba şəhəri əhalisinin beşdən bir hissəsinə bərabər idi.  

Ermənilər törətdikləri qanlı cinayətlərə bəraət qazandırmaqdan ötrü dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər.  

Belə teleqramlar Qubadan da göndərilirdi. Burada yaşayan Maçaq Kasparov, Harutyun Ayrapetov, Aleksandr Mukayants və Aleksandr Boqdanov (sonralar bolşeviklərlə atışma zamanı öldürülmüş bu ermən keşişinin qisasını Amazasp 500 ləzgini güllələməklə çıxmışdı) kimi adamlar göstərirdilər ki, guya Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdırdılar. Hətta, Qubada həbs olunmuş bəzi adamları işgəncə yolu ilə erməni millətçilərinin xeyrinə yalan ifadə verməyə təhrik edirdilər. 1921-ci ilin oktyabrında həbs olunmuş Əzizov Əziz Məşədi Hüseyn oğlu məcburiyyət qarşısında qalıb demişdi ki, “Zizikski öz qohumları Şıxlarski bəylərlə birlikdə Quba şəhərində və Quba qəzasında dəfələrlə erməni qırğını və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları yığaraq, inqilabi hərəkata qarşı fəal mübarizə aparıb”.  

Ermənilər Quba qəzasında erməni kəndlərinin sayını artırmaq, hətta Xaçmazı erməni rayonuna çevirmək və gələcəkdə bura üçün xüsusi status tələb etmək niyyətində idilər. Milliyətcə ləzgi olan bolşevik Qazıməhəmməd Ağasıyev, İskəndər Axtınski və Müqtədir Aydınbəyov Quba qəzasında və Cənubi Dağıstanda inqilabi iş apararkən ermənilərin bu planını hiss etmiş, hətta bolşeviklərin Bakı komitəsinə məlumat vermişdilər.

Erməni millətçiliyinin getdikcə şiddətləndiyini görəndə ləzgi bolşeviklərinin 1904-cü ildə Bakıda yaratdıqları “Farux” (Ədalət tərəfdarı)1918-ci ilin fevralın 10-da Sabunçuda yığıncaq keçirərək, ayrı-ayrı millətlərdən olan fəhlə və bolşeviklər arasında dostluğun möhkəmləndirilməsinin, erməni millətçiliyinə qarşı mübarizə aparılmasının zəruriliyini xüsusilə qeyd etmişdi. Burada məruzə ilə çıxış edən Əli Mirzə Osmanovdan sonra Feyzulla Abasov və Məhəmməd Məlikov erməni millətçiliyinin şiddətlənməsi ilə əlaqədar öz fikirlərini bildirmişlər. həmin yığıncaqda “Farux” Bakı fəhlə və əsgər deputatları sovetinin tərkibinə daxil olan bütün partiyalara və təşkilatlara müraciət etmişdi. Müraciətdə deyilirdi ki, “azad ləzgi yoxsulları millətçilərə və əksinqilabçılara qarşı son damla qanlarına kimi mübarizə aparacaqlar”.

Əvvəlcədən qurulmuş plana görə daşnak qoşunu Şamaxını tutduqdan sonra oradan Xaltan yolu ilə Qubaya gəlməli idilər. Lakin, onların bu mənfur planları baş tutmadı. Çünki, Qonaqkəndli qaçaq Mayıl öz dəstəsini vaxtında səfərbər etmiş, Nügədili Əbülfəzin azərbaycanlılardan, Ləzgi İsmayılın isə ləzgilərdən ibarət dəstəsi isə ona qoşulmuşdu. Görünür ermənilər bu hazırlıqdan xəbər tutmuş və Qubaya gəlməmişdilər.

Sənədlərdən aydın olur ki, 2000 erməni və rus əsgərlərindən ibarət eşelonla Qubaya gəlmiş və sovet hakimiyyətini bərqərar etmək istəyən D.Gelovanidən ətraf kəndlərin ləzgiləri şəhəri tərk etməyi və ya təslim olmağı tələb etdikdə Gelovani bu təklifləri rədd etmiş və ləzgi silahlı dəstələri bolşevikləri atəşə tutmağa başlamışlar. Atışma 3 gün davam etmişdir. Nəticədə bolşeviklər Xaçmaza geri çəkilmiş, ləzgilər isə dağılışıb getmişlər.       Şahidlərdən Ağaxanov Harun Şahbala oğlunun, Şahverdiyev Hacı Ağa İbrahim oğlunun, Hacı İsmayıl Orucovun və başqalarının izahatlarından, həmçinin, Quba şəhər rəisi Ə. Əlibəyovun və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aperlin əvvəllərində 10 gün ərzində Qubaya silahlanmış 800 nəfərdən çox əsgər gəlib. İfadələrə görə onların 5 topu, 10 pulemyotu var idi. Təbii ki, belə ciddi qüvvənin qarşısını əliyalın camaat ala bilməzdi. Bundan ötrü silaha və təcrübəyə malik adamlar lazım idi. Bunlar Möhübəli Əfəndi Kuzunvinin və Hatəm ağa Cağarvinin qaçaq dəstələri idi. 1920-ci illərin əvvəllərində onların ikisinin dəstəsindəki qaçaqların sayı 3 minə çatırdı. Onların hər ikisi bolşevik hakimiyyətinin əleyhinə idilər və ömürlərinin sonlarına kimi bu əqidələrinə sadiq qalmışdılar. Cağarvi Cağar kəndi uğrunda döyüşlərdə 3 min qırmızı əsgərlə döyüşmüş 70 əsgər və 23 qaçaq həlak olmuşdur. Ay yarım davam edən döyüşlərdə Hatəm ağa igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə möhübəli Əfəndini də öldürtmüşdülər.

Erməni daşnaklarının hücumları zamanı bir çox kəndlər ziyan çəkmişdir. Bu kəndlərə inanılmaz dərəcədə zərər yetirilmiş bəziləri tamamilə yandırılaraq məhv edilmişdir. Dəvəçinin: Çirağ, Təkyə, Ugah kəndləri, Xaçmazın Mehrəliqışlaq, Laman, Qaraqışlaq, Kolalan, Şollar, Həsən Əfəndi kəndləri, Qubanın Atuc, Mahmudqışlaq, İsnov, İqrığ, İkinci Nügədi kəndləri. Hərəsi 20-30 evdən ibarət 12 yaşayış məntəqəsini də əlavə etsək, 1918-ci ilin qırğınları zamanı erməni daşnaklarının Quba qəzasında 162 kəndi dağıtdıqları məlum olur. Onlardan 27  yaşayış mətəqəsi – Dəvəçi Bazar, Əlixanlı, Zağlıca, Bilici, Ağasıbəyli, Qulamlar, Butbut, Boyat, Aşalı, Əzizlər və.s kəndləri tamamilə yandırılıb məhv edilmişdi.

İnanılmaz qırğınlar törətmiş və yaşayış məntəqələrini məhv etmiş cəllad Amazaspın arzusu Üçgün və Kilit kəndlərinə keçərək Şah dağına çatmaq idi. Amma, Amazaspın bu arzusu ürəyində qaldı. Digah kəndi ərazisində indi “Qanlı Dərə” adlanan yerdə Möhübəli Əfəndinin, Hatəm ağanın, Əli bəy Zizikskinin Bəybala bəy Alpanskinin birləşmiş dəstələri daşnaklarla qanlı döyüşə girişdi. 106 yaşında dünyasını dəyişmiş Qusarın Urva kənd ağsaqqalı Zülfəli Əzizov həmin döyüşü belə təsvir edir: “Möhübəli əfəndi və Hatəm ağa döyüşü çox yaxşı aparırdılar. Daşnaklar gecə döyüş meydanından çıxara bilmədiyimiz 40-dan çox meyidin başını kəsib dərəyə atmışdılar. Tez-tez topdan atırdılar. Bizim tərəfdən qırılan çox idi. Amma erməniləri bir addım da irəli qoymurduq. Üçüncü gün tüfəng və xəncərlə silahlanmış Dağıstan ləzgilərindən ibarət min atlı bizə köməyə gəldi. Başçıları çox nurani bir kişi idi. Sonradan öyrəndim ki, o Qubada mədrəsə açmış Məhərrəmkəndli Əbdürrəhim əfəndidir. Onun bircə kəlməsi yadımdadır. “Cihad!”. Bu sözləri elə qəzəblə dedi ki, sanki, yer titrədi. Daşnakları qırmağa başladıq. Birazdan ermənilər qaçmağa başladılar. Erməniləri dənizə kimi qovduq. Onlardan çox az adam Bakıya tərəf qaça bildi”. Nizam Məlikməmmədov bu döyüşü belə xatırlayır: “O vaxt 10 yaşım var idi. Ermənilər qovulandan sonra bütün uşaqlar kimi mən də dərəyə qaçdım. Meyitlərin sayı-hesabı yox idi. Otlar qırmızı qana boyanmışdı. Ona görə də sonralar bu dərəni “Qanlı Dərə” adlandırdılar”.  Beləliklə, 1918-ci ildə Quba qəzasında minlərlə silahlı türk, ləzgi, tat və digər millətlərin nümayəndələri torpaqlarını erməni daşnaklarından qorumuş, canlarından keçmişlər. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşündə dediyi sözlər ibrətamizdir: “Qanlı dərədə 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər. İndi də qusarlılar Azərbaycan ordusunda xidmət edir, qəhrəmanlıq nümunələri göstərirlər və əminəm ki, qusarlılar müstəqil Azərbaycanın müdafiəsində həmişə dayanacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi