QHT sistemində normal müzakirələrin aparılması, inkişafa xidmət edən təkliflərin səslənməsi çox faydalıdır. İctimai dəyərlər üzərində formalaşan indiki QHT-lərin təkmilləşməsi və vətəndaş cəmiyyəti olaraq öz obyektiv, qərəzsiz mövqeyini təsdiq etməsi zəruridir. Son dövrlər bəzi şəxslərin QHT-yə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti alan təşkilatlar və digər məsələlər haqqında səsləndirdikləri qərəzli fikirlər məni bu yazını yazmağa məcbur etdi.
Bir məsələni anlamaq, dərk etmək lazımdır ki, QHT vəsaiti donordan alır. Lakin bu o demək deyil ki, belə maliyyələşmə QHT-nin tamamilə asılı vəziyyətə salır. Yəni dünyanın hər yerində bu praktika mövcuddur, ictimai təşkilatlar büdcələrinin xeyli hissəni donordan aldığı vəsait hesabına təmin edirlər. Burada müxtəlif ianələr, üzvlük haqqları və s. istisna hal təşkil edir.
Belə qərəzli çıxışlara cavab verməmək də mümkündür. Lakin cəmiyyətə aydınlıq gətirmək üçün bu məqamlara toxunmağı vacib bilirəm. Əvvəla qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda QHT sisteminin öz önəmli istiqamətləri var. Siyasi partiyaların isə öz strategiyaları var. Bəzi şəxslər QHT-ilə siyasi partiyanı dəyişik salır. Nəhayət QHT-ilə siyasi partiyanın sərhədləri müəyyənləşməlidir. Dünya təcrübəsindən məlumdur ki, siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır və müxtəlif dövlət vəzifələri tutmaq istəyir. Əslində bu çox normal haldır. Yəni siyasi partiya hakimiyyətə rəqibdir.
Son dövrlər səslənən həmin qərəzli çıxışların mahiyyətində bu məqamlar durur. Bu da ondan qaynaqlanır ki, partiya mövqeyini, siyasi düşüncəni QHT-də tətbiq etməyə çalışmaq təbii ki, düzgün yol deyil. Çünki bu yol vətəndaş cəmiyyətinin fəlsəfəsinə yaddır. QHT hakimiyyətlə rəqib yox tərəfdaşdır. Həmin qərəzli çıxış edənlərin problemi buradan qaynaqlanır. Yəni bu insanlar siyasi asılılqdan çıxa bilmirlər.
Qərb ölkələrinin əksəriyyətində özəl şirkətlərlə bərabər dövlət qurumları da QHT-yə maliyyəni ayırır və bəyan edir, buyur gəl, cəmiyyətin problemlərinin həllində yardımçı ol. Dövlətin edə bilmədiyini sən et. Artıq Azərbaycanda da bu təcrübə formalaşır. Sadəcə belə mütərəqqi ideyaların dərinləşməsinə ehtiyac var. Mən jurnalist tədqiqatı ilə məşğul olan insan kimi cəmiyyətdə hər zaman ağı –ağ, qaranı- qara görürəm və tərəfdarıyam cəmiyyətdə ictimai nəzarət güclü olsun. Ancaq görülən hər bir iş əxalaqi dəyərlərə və peşəkarlığa hesablanmalıdır. İstənilən müsabiqədən, tenderdən narazı qalanlar olacaq. Çünki hamını razı salmaq mümkün deyil.
Onu da etiraf etmək lazımdır ki, QHT-yə Dövlət Dəstəyi Şurası Azərbaycanda vətəndaş cəmiyyəti siteminə ən optimal variantlatlar, uğurlu təcrübə gətirib. Birincisi, ondan başlamaq lazımdır ki, Şuranın dəstəyilə Ermənistan –Azərbaycan münaqişəsinin araşdırılması, beynəlxalq aləmə çatdırılması ilə bağlı kifayət qədər kitablar müxtəlif dillərdə çap olunub, internet saytları yaradılıb. Bir çox sosial-iqtisadi sahələri əhatə edən layihələr həyata keçirilib. Məgər bunlar azdır.
Ermənilər uzun illərdir qondarma soyqırımlarını yaymaq və tanıtmaq üçün milyonlar sərf edirlər. Bu gün haqq səsimizi dünyaya çatdırmaq üçün QHT-yə Dövlət Dəstəyi Şurası vəsait ayırırsa bunun nəyi pisdir cənablar! Bunu yalnız aqışlamaq lazımdır.
Əvvəllər məndə düşünürdüm bu təbliğat işini Xarici İşlər Nazirliyi və digər dövlət qurumları həyata keçirirsə bu sahəyə QHT-nin qoşulması nəyə lazımdır? Sonradan həmin çap olunan kitabları vərəqləyəndə, yeni yaradılan internet saytlarına baxanda düşünürəm ki, bu işdə QHT-nin fəaliyyətinin bir azda genişlənməsinə ehtiyac var. Çünki qeyri hökümət təşkilatları daha effektli iş görə bilərlər.
Qaldı ki, QHT-də çalışanların müstəqillik məsələsinə, bu hər bir kəsin şəxsi keyfiyyətləri ilə bağlıdır. Daxilən azad insanın heç kim müstəqilliyin əlindən ala bilməz. QHT-yə Dövlət Dəstəyi Şurasından qrant alan təşkilatlara satılıb demək bu sadəcə əxlaqın imitasiyasıdır. Bəs, onda xarici donorlardan vəsait alan təşkilatlara nə ad verək? Hər şeyə qara eynəklə baxmaqdansa görülən işlərə, həyata keçirilən layihələrin səmərəsinə vicdanla baxmaq lazımdır. İstər milli donordan, istərsə də xarici donordan qrant alıb. Azərbaycan cəmiyyəti üçün iş görən QHT-ləri alqışlamaq lazımdır.