Modern.az

Soğanı ilə məşhur olan Hövsan... (reportaj)

Soğanı ilə məşhur olan Hövsan... (reportaj)

9 İyul 2010, 20:27
“Yayın bu cırha-cırında su tapmırıq. Suyu maşınla alırıq. Su maşınları da bundan istifadə edib suyu bizə baha - 50-60 manata satır.  Belə də dərd olar?! Şikayətimizə baxan da yoxdur.  İcra da, bələdiyyə də ancaq özünü fikirləşir...”.

Bunu 243 saylı avtobusda yanımda əyləşən hövsanlı Cabbar dayı dedi.  Hövsana gedərkən ilk həmsöhbətim bu ağsaqqal oldu. Cabbar dayının sözlərindən sonra bildim ki, digər Bakı kəndləri kimi hövsanlılar da su qıtlığından əziyyət çəkirlər. O, jurnalist olduğumu biləndə o biri şikayətlərini də dilə gətirdi.

Hövsanın tarixindən danışan kənd sakini, araşdırmaçı Baba Allahnəzərov deyir ki, Hövsan da Bakının köhnə kəndlərindən sayılır, 1793-cü ildə salınıb. 1966-cı ildə Hövsana qəsəbə statusu verilib.  Abşeron yarımadasının cənubunda yerləşən Hövsanda 50 min nəfərədək əhali yaşayır. 
Hövsanın yerli əhalisi əsasən tatlar, muğanlılar və dağlılardır. Qədim kənd 5 hissəyə bölünüb. Həmin ərazilər Təməniş, Fəraqət, Qala bazisi, Səngər, Əlcəyi adlanır.

Hövsanla bağlı maraqlı məlumatlar az deyil. Məsələn, qiblə göstəricisi - mehrab hövsanlı Axund Əhədin evində olub və indi məsciddə saxlanılır. Mehrab 1890-cı ildə tikilib. Hövsanda çoxlu sərdabələr, sandıq qəbirləri və hələ də yazısı oxunmamış daş kitabələr var. Hövsanın beş qəbirstanlığının hər birinin 150 ildən çox yaşı var. Qəsəbənin müxtəlif ərazilərində 20-dən çox bulaq, 6 ovdan olub.
Mədəniyyət  və Turizm Nazirliyi tərəfindən qorunan qədim hamam hazırda fəaliyyət göstərməsə də, onun yaşının 300-350 il olduğu deyilir.

Yaşlı sakinlər deyirlər ki, Sovet dövründə digər Bakı kəndləri kimi Hövsanda da dini mərasim və ayinlərin icrası gizli şəkildə həyata keçirilib.  Hövsan çoxlu sayda məşhur insanlar yetişdirib: general-mayor Soltan Qılmanov (ilk milis məktəbinin rəisi olub), general Mirzə Almasov (Cəmşid Naxçıvanski adına liseyin rəisi olub,  SSRİ xalq artisti, aktyor Mirzağa Əliyev, Azərbaycan Respublikasının xalq artisti, aktrisa Bəsti Cəfərova, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və s.

Qarabağ müharibəsində hövsanlılar da çoxlu şəhid veriblər: Etibar Cəfərov, Tərlan Şükürov və başqaları kimi...

Hövsan toyları  Bakı toy adətlərini bugünümüzə qədər olduğu kimi saxlayan yeganə kənddir: bəy xınası, bəy taxtının qurulması... Cütlüklər toy öncəsi pirə gedib, dua etdikdən sonra evlənirlər.

Vaxtilə hövsanlıların əsas məşğuliyyət növü ovçuluq olub. Bundan başqa hövsanlılar heyvandarlıq, quşçuluq və əkinçiliklə də məşğul olublar. Bu gün həmin məşğuliyyətlər tədricən aradan çıxır...

Hövsan bir çox məhsullarıyla məşhurdur. Bunlardan ən məşhuru Hövsan soğanıdır. XIX əsrin sonlarında S.Zelenski adlı bir rus müəllifi 1897-ci ildə “Qafqazsakaya selskaya xozaystva” qəzetində bu soğanı əvəzsiz adlandıraraq, İngiltərə muzeyində saxlanıldığını yazmışdı.
Deyirlər ki, hövsanlı hacı Kənan Ərəbistanda olanda bu soğan növündən xoşu gəlir. Ev sahibi olan ərəb şeyxi bu məhsulun toxumundan ona da verir. Hacı Kənan toxumları gətirib Hövsanda əkir və soruşana da deyir ki, “Şıxverdi” soğanıdır. Kənd sakinləri deyir ki, bu soğan növündən ancaq Hövsanda bitir. “Şıxverdi” soğanı başqa yerdə bitsə də, başqa dadı-tamı olur. “Bu soğana bıçaq dəysə dadı dəyişəcək. Bu soğanı əlin içində əzib, sındıraraq yeyirlər”-deyə hövsanlılar bildirirlər.
Hövsan soğanın mövsümü payızdır. Yalan-gerçək dedilər ki, guya, yayda onun 1 kiloqramı 8-10 manata satılır...

Bügünkü Hövsan qəsəbəsində 6 ümumtəhsil məktəbi (76, 118, 196, 270, 280 və 281 nömrəli), 7 uşaq bağçası, Mirzağa Əliyev adına Mədəniyyət Evi, Mədəniyyət sarayı, 23 saylı poliklinika, 16 saylı uşaq poliklinikası, 37 saylı  musiqi məktəbi, 89 saylı poçt məntəqəsi və onun filialı fəaliyyət göstərir.

Hövsanın da promlemləri var. Həm də çoxlu...

Sakinlər qəsəbəyə yalnız bir avtobusun işləməsindən gileylənirdilər. Onlar nəqliyyatın pis işləməsi ucbatından hər gün şəhərə işə gecikdiklərini deyirlər. Sakinlərin əsas problemi sudur: “Yayda biz su üzünə həsrət qalırıq. Məcbur olub suyu maşınlardan alırıq. O, da çox baha”. Sakinlərin sözlərinə görə, yay gələndə qəsəbədə susatan maşınların qarşısında növbələr yaranır. Bir maşın su 40-50-60 manata satılır.

Hövsanın yolları da bərbad vəziyyətdədir. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bir nəticəsi olmayıb. 

Hövsanda...

Araşdırmaçı Baba Allahnəzərov bizə Hövsanın tarixindən danışır. 

Sakin: "Hövsanın problemi çoxdur, lap çox...".

Qapısı bağlı bələdiyyədən sakinlər də narazıdırlar.

Təmirə ehtiyacı olan poliklinika.

Ticarət mərkəzi tikilir. Görəsən hansı işsizlərə iş veriləcək?

Hövsanda belə su maşınlarına hər tinbaşı rast gəlmək olar.

Əzəmətli olimpiya kompleksi...

Qəsəbədəki məşhur məscidlərdən biri.

Çox adamın inanc yeri olan pir...

Məşhur aktyor Mirzağa Əliyevin büstü.

Qədimi hamam.

Daş kitabə...

Bu maral heykəlini Suraxanı rayonunun keçmiş icra başçısı, paytaxtın indiki meri Hacıbala Abutalıbov qoydurub.


Günay Musayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi