Modern.az

Bahar Muradova ATƏT PA-nın yeni rəhbərliyini bütün konfliktlərə eyni cür yanaşmağa çağırıb

Bahar Muradova ATƏT PA-nın yeni rəhbərliyini bütün konfliktlərə eyni cür yanaşmağa çağırıb

10 İyul 2010, 14:56
Xəbər verildiyi kimi, Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) on doqquzuncu illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edib. 


Sessiyanın  ümumi  müzakirələrində  Ermənistan  nümayəndə  heyətinin  rəhbəri Aram Safaryan ATƏT  PA-nın  sədri Joao Soareşə BBC-nin   Azərbaycan  bölməsinin  müxbirinə  verdiyi  müsahibəyə  görə  iradını  bildirib:
“Siz dediniz ki, Ermənistan prezidenti  prosesin  irəliyə  doğru hərəkəti  üçün kifayət  qədər  nüfuza  malik deyil.  Prezident  və xalq  bir  çox  məsələlərdə, o  cümlədən,  Ermənistan  xalqının   rifahına  dair  məsələlərdə yekdildirlər. Fransa, ABŞ və Rusiya prezidentləri  Kanadada  Dağlıq  Qarabağ  üzrə  bəyanatla  çıxış  ediblər,  Madrid  prinsipləri  qəbul  olunub.  Lakin,  bu gün biz  tez-tez Azərbaycan  tərəfindən  militarist  hədələr  eşidirik.  Aramızda  inamın  zəif  olduğu  hiss  olunur.  

ATƏT PA-nın sədri J.Suareşin Aram Safaryana cavabı belə olub: “Aram, siz  mənim  müsahibəmə  qulaq  asmısınız. Lakin ingilis  dilini zəif bildiyinizdən  fikirlərimi  düşgün  başa  düşməmisiniz. İclasa  qədər  bizim  bu  məsələni  müzakirə  etməyə  imkanımız  var idi.  Belə olduğu  halda  niyə  bu məsələ  barədə indi  danışırsınız?  Mən təkrar  edirəm: mənim  mövqeyim  dəfələrlə  ifadə  olunub. Mən onu  Yerevanda da, Bakıda  da, Tbilisidə də  təkrar  etmişəm.  Bu mövqe  cənab  Len Markerin  həyata  keçirdiyi  fəaliyyətə  uyğundur.  Mənim mövqeyim istənilən problemin  sülh  yolu ilə  həllinə  töhfə  vermək  istəyən,  müstəqillik  prinsiplərinə  və insan  hüquqlarına  riayət  olunmasına  çalışan  insanın   mövqeyidir.  Mən  heç  zaman bu  prinsipə xilaf çıxmayacağam.  Hesab  etmirəm ki,  bir-birini  təpikləmək, bir-birinə hücum etmək düzgündür. Mən Azərbaycanın  birinci  mərhələdəki   gördüyü  işlərə heyran  qalıram.  Bu, həqiqətən də  tərifəlayiqdir. Azərbaycan Norveçdə  mövcud olan ən  yaxşı  modeli  istifadə  etmişdir”. 

Azərbaycan Milli Məclis sədrinin  müavini, ATƏT PA-dakı nümayəndə  hetyətimizin rəhbəri  Bahar Muradova da məsələylə bağlı çıxış edib:
- Çox  hörmətli  cənab Soareş!
İlk növbədə sədrlik  etdiyiniz  dövrdə  bütün  dövlətlərə  və  bütün  müzakirə  olunan  məsələlərə  obyektiv  münasibətinizə  görə  Sizə  təşəkkür etmək  istəyirəm. Ermənistan prezidentinin öz respublikasında  - öz  vətəndaşları  arasında  böyük  nüfuza  malik olması  bizi sevindirir. Əgər bu belədirsə, onda sülh  razılığına  gəlmək  çətin deyil.  Bu  payızda Azərbaycanda  parlament  seçkiləri  keçiriləcəkdir. Mən bilmirəm, mənə  öz  seçicilərim, həmçinin məcburi  köçkün olan, hələ də öz  doğma yurd-yuvasına  qayıtmaq  ümidi ilə  yaşayan   82  yaşlı anam  qarşısında özümə bir  deputat kimi  necə  bəraət qazandıracağam... Onların  hamısı 5 il bundan əvvəl  mənim qarşımda  tələb  qoymuşdular. Bu  tələblərdən   biri  və  birincisi  məhz ATƏT PA-da  Dağlıq  Qarabağ  probleminin  həlli  üzrə müvafiq  sənədlərin   qəbul  olunmasına  nail olmaq  idi.  Son beş il ərzində  mən  ATƏT PA-nın  bütün  rəhbərliyi  ilə  görüşlər  keçirmişəm, Assambleyada  təmsil olunan bir  çox  dövlətlərin nümayəndə  heyətləri ilə  görüşmüşəm, müxtəlif  təkliflərlə  çıxış  etmişəm. Çox  böyük  təəssüf  hissi ilə qeyd  etmək  istərdim ki, nəticələr  acınacaqlıdır.  Bu gün  hər  kəs  təsdiq  edə bilər ki, ATƏT  məkanında  Qarabağ  problemi mövzusu digər problematik  mövzulardan  daha  çox  müzakirə  edilir. Minsk  qrupu  həmsədrləri, Azərbaycan və Ermənistan  prezidentləri, habelə onların  nümayəndələri arasında keçirilən   görüşlər  getdikcə intensivləşir. ABŞ, Fransa  və Rusiya  prezidentlərinin  son  bəyanatından  sonra  münaqişənin məhz  Madrid  prinsipləri   əsasında  həllinə  ümidlər  artmışdır.  Azərbaycan  tərəfi  hətta  belə  hesab  edir ki, özlüyündə konkret  həllə  hesablanmamış baza  porinsipləri  üzərində  işləməkdənsə, yaxşı olar ki, tezliklə  sülh  müqaviləsinə hazırlıq mərhələsinə  keçilsin.  Qəribə  və  anlaşılmazdır  ki, ATƏT  PA-dakı  həmkarlarımız  bu barədə mümkün  qədər   az  danışmağa  çalışır.  Ümumiyyətlə, bununla  əlaqədar  sənədlərdə  müvafiq   fikirlərin  əks  olunmasına  cəhd  yoxdur.  Mənim əziz  dostum  cənab Miqliori  və  Cənubi Qafqaz  üzrə  xüsusi  nümayəndə  cənab  Lenmarker  çox  aydın  şəkildə  Gürcüstan  və Moldovaya  dair  öz  fikirlərini  bildirdilər.  Lakin, heç bir  yerdə Azərbaycanı yada  salmaq  istəmirlər.  Mən  heç   cür  başa  düşə  bilmirəm, məgər  Dağlıq  Qarabağ  tam nəzarətsiz ərazi  deyilmi? 
Məgər bu  ərazidəki  transmilli  cinayətkarlıq,  qeyri-leqal  silah satışı, narkotik və insan alveri bizi  narahat  etməli  deyilmi? Yoxsa  biz  belə  hesab  edirik ki,  azərbaycanlı  qaçqın və məcburi  köçkünlər  öz  evlərinə qayıtmaq  istəmirlər?
Bilirəm ki, Siz  belə  hesab  etmirsiniz.  Mən  dəfələrlə Sizin  Azərbaycana  görə  narahat olduğunuzu  müşahidə  etmişəm.  Onda  nəyə  görə,  Minsk  qrupu  həmsədrlərinin  və  danııqlar  aparan  tərəflərin  belə  fəal  fəaliyyəti  fonunda  ATƏT  PA  bu  prosesin  həllinə  kömək  edəcək sənədləri qəbul  etmək istəmir? Biz  susmaqla, sona  qədər  sözümüzü  deməməklə özümüzü prezidentlərin  bəyanatını dəstəkləmək  imkanından  məhrum  etmirikmi? Təəssüflər  olsun ki,  ötən illər  ərzində  biz “qızıl imkan”a  dair  məruzəni  müzakirə  etməmişik. Nə cənab  Lenmarkerin  regiona  çoxsaylı  səfərləri, nə  də onun  problemə  dair  çıxışları  hər  hansı  konkret   sənəddə öz  əksini  tapmayıb. Hər  birimiz   başa  düşürük ki, bu münaqişə regiondakı  sülh prosesinin  təminatına  necə böyük  təhlükə  törədir.  Ona  görə  də mən ATƏT PA-nın  yeni  seçiləcək  rəhbərliyini bütün  konfliktlərə  eyni  cür  yanaşmağa və  danışıqlar  prosesinə  müsbət  təsir  göstərən  sənədlərin  qəbul  olunmasına  dair təşəbbüsləri  dəstəkləməyə  çağırıram. Bu gün dostum Kimmo Kilyunenn kimi,  mən də deyə bilmərəm ki,  xoşbəxtəm. Çünki, problem  barədə danışmaq  heç də onun  həlli demək deyil. Tanrı  bizə kömək olsun!    

ATƏT PA-nın Cənubi Qafqaz  üzrə  xüsusi  nümayəndəsi Qoran Lenmarkerin mövqeyi belə olub:
“İndi  əsas  istiqamət tərəflərin  münaqişənin həlli üzərində  fikirlərini  cəmləməyə  hazırlığı olmalıdır. Tərəflər  ilk növbədə  məsələnin daxili   həlli  barədə  düşünməlidirlər. Çünki, bunsuz  hər  hansı  bir  nəticəyə  gəlmək  mümkün olmayacaq. Ölkələr  daxilində  müvafiq  atmosfer  hazırlanmalıdır.  Bununla  əlaqədar ölkələrin  siyasi  rəhbərlikləri siyasət yeritməyə çətinlik  çəkəcəklər. Parlamentarilər  bunu  yaxşı  başa  düşməlidirlər.  Qərarın özü  əsas  deyil.  Xalqın  əhvalını bu  qərarın  icrasına  kökləmək  çətindir. Lakin, razılığın  əldə  olunması  mükündür. Bunun üçün rəhbərliyin  siyasi  iradəsi  və  xalqın  başa  düşməsi  lazımdır”.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir