Modern.az

Parlament jurnalistləri deputat Azay Quliyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Azay Quliyevi necə xarakterizə edirlər?

14 İyul 2010, 13:15

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Azay Quliyev barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? 

 

Azay Quliyev  46 saylı Şirvan (keçmiş Əli Bayramlı) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü, həmçinin ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdü. A.Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da sədridir.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Azay Quliyevi mətbuata açıq deputat kimi xarakterizə etmək olar. Parlamentdəki jurnalistlərin əksəriyyətini tanıyır, müsahibə istəyəndə imtina etmir. Bu yaxınlarda ondan götürdüyüm müsahibədə seçiciləri ilə gördüyü işlərdən danışırdı. Dediyinə görə, seçki təbliğatı zamanı verdiyi vədləri yerinə yetirir, hər ay seçicilərlə görüşüb problemlərinin həllinə çalışır. Tələbkar deputatdır. Köməkçisi Şahin Nəbiyevdən də daim işlərinin kursunda olmağı tələb edir.

Milli Məclisdə ara-sıra çıxışlar edir. Xüsusilə də QHT-lərlə bağlı məsələlərdə. QHT-lər haqqında qanuna nəzərdə tutulan qalmaqallı dəyişikliklərlə bağlı üçüncü sektorla parlament arasında vasitəçiliyi uğurla yerinə yetirdi. Amma parlamentdə siyasi məsələlərdən ehtiyatla danışır”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Milli Məclisdə o qədər də aktiv fəaliyyəti ilə seçilmir. Onun fəaliyyəti daha çox QHT istiqamətində aktivdir. Yəni fəallığı bu sahədədir. Amma müəyyən çıxışları da olur. Jurnalistlərə münasibəti normaldır. Jurnalistlər ondan açıqlama almaqda çətinlik çəkmirlər. Heç vaxt müsahibədən imtina etmir. Mən bilən seçicilərlə işləməsində də aktivliyi yoxdur. Onun fəaliyyəti ancaq QHT sahəsi ilə bağlıdır. Onu da deyim ki, QHT-lərə qrantlar ayrılanda bununla bağlı müəyyən narazılıqlar olmuşdu. Ancaq buna ciddi aydınlıq gətirilmədi”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Bir millət vəkili kimi, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri kimi fəaliyyətini bəyənirəm. QHT-lərlə işini müsbət qiymətləndirirəm. Jurnalistlərə münasibəti çox yaxşıdır. İstənilən vaxt müsahibə almaq mümkündür. Seçiciləri ilə necə işlənməsindən xəbərim yoxdur. Ramil Səfərovun Hüquqlarının Müdafiə Komitəsinin üzvi kimi də fəal olub. Milli Məclisdə də çıxışları, təklifləri ilə də həmişə seçilib”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Jurnalistlərin dostudur.  Demək olar ki, hamıya, ictimaiyyətə açıq adamdır. Onu QHT sektorunda dönüş yaradan bir insan kimi də tanıyıram. QHT-lərin fəaliyyət göstərməsində onlara yardımçı olur. Bir millət vəkili kimi həmişə savadı və gördüyü işlərilə fərqlənib, nailiyyətlər əldə edib. Bilirəm ki, seçiciləri ilə də daim əlaqə saxlayır. Bir dəfə onun seçildiyi dairədə olmuşam. Seçicilər də razılıq edir. Bildiyimə görə seçildiyi dairəyə hər həftə baş çəkir. Öz imkanları daxilində kömək etməyə çalışır. İstərdim ki, elə əksər deputatlar onun kimi fəaliyyət göstərsinlər. İşlərində uğurlar arzulayıram. İkinci dəfə də deputat seçiləməsini istərdim”.

 

“Kaspi”qəzetinin əməkdaşı İlham Quliyev: “Azərbaycan parlamentində işgüzar deputatlardan biridir. Bu 5 ildə həmişə onu işləyən, çalışan deputat kimi görmüşük. Jurnalistlərə münasibəti müsbətdir. İstənilən jurnalist sual verib cavabını ala bilər. Bu prizmadan yanaşsaq, Azay Quliyev ideal millət vəkilidir. Ancaq bir mənfi məqam kimi yalnız onu qeyd etmək olar ki, cari məsələlərin, qanunların müzakirəsində fəallıq nümayiş etdirmir. Eşitdiyimə görə seçicilərinin problemlərini həll etmək üçün də əlindən gələni edir”.

 

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Azay Quliyev ən fəal deputatlardan biridir. Qanunvericilik təşəbbüsləri ilə də çıxış edib, müxtəlif məsələlərin müzakirəsində fəalllıq göstərir. Bildiyimə görə, seçicilərlə əlaqəsi genişdir. Yerlərdə tez-tez seçiciləri ilə görüşür. Onların problemlərini həll etməyə çalışır. Azay Quliyev o deputatlardandır ki, iki köməkçisi var. Biri seçildiyi dairədə, biri də Milli Məclisdə olur. Bu da Azay Quliyevin effektiv çalışmasına yardımçı olur. Həmçinin ATƏT-in Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Burada da fəallığı ilə seçilir. Son çıxışları da buna sübutdur. Jurnlaistlərə münasibətində heç bir problemi olmur. Jurnalistlər istədiyi vaxt sual verib, istədikləri cavabları alırlar”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Milli Məclisdəki fəal deputatlardandı. Jurnalistlərlə münasibəti yüksək səviyyədədir. İstənilən jurnalist ondan tam cavab ala bilər. Bəzi deputatlar kimi jurnalistlərə soyuq yanaşması yoxdur. Milli Məclisdə QHT sektoru ilə bağlı istənilən məsələdə hər zaman çıxış edir, öz mövqeyini bildirir. Seçicilərlə necə işləməsindən xəbərim yoxdur. Bu barədə heç nə deyə bilmərəm”.

 

“525-ci” qəzetin əməkdaşı Kamil Həmzəoğlu: “Azay Quliyev işgüzar, fəal deputatlardandı. O,  eyni zamanda  bir çox iqtidaryönlü millət vəkillərindən fərqli olaraq öz intellekti, dünyagörüşü ilə seçilir. Azay Quliyev həm də Azərbaycanı ATƏT-in Parlamet Asambleyasında təmsil edir və deyərdim ki, orada da uğurlu fəaliyyət göstərir. Jurnalistlərlə münasibəti çox yüksək səviyyədədir. Şəxsən mən özüm  nə vaxt zəng vurmuşam, istənilən məsələ ilə bağlı suallarımı cavablandırıb. Bir çox iqtidaryönlülər kimi bəhanə gətirib aradan çıxmayıb. Əgər Azay müəllim ikinci dəfə seçkilərdə iştirak edəcəksə, ona uğurlar arzulayıram. Seçilərlə işləməsinə gəlincə, eşitdiyimə görə bu yöndə də fəallıq göstərir”.

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan:  “Azay Quliyev Milli Məclisin fəal deputatlarından biridir. Mətbuatdan bildiyimə görə seçildiyi dairəyə də baş çəkir. Lakin Azərbaycan reallığı şəraitində onun seçicilərinin hüquqlarını müdafiə edə bilib-bilməməsindən xəbərim yoxdur. Parlamentin foyesində jurnalistlərlə münasibətləri yaxşıdır. Amma QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri təyin olunandan sonra Azay Quliyevin mobil telefonu sanki jurnalistlərin üzünə qapadılıb. Əvvəllər isə belə problem görüb-eşitməmişdim”.

 

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Azərbaycan parlamentinin ən fəal deputalarından biridir. Deyərdim ki, bir deputat kimi üzərinə düşən vəzifləri layiqincə icra edir. Bütün məsələlərlə bağlı öz mövqeyini həmişə bildirib. Azay Quliyev o deputatlardandır ki, beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Jurnalistlərə münasibəti də çox gözəldir. Məndə olan məlumata görə də seçicilərlə də görüşür, problemlərini həll edir. Azay Quliyev həmçinin dil bilgilərinə görə də ən bacarıqlı deputalardandı”.

 

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Azay Quliyev Milli Məclisin ən savadlı, hazırlıqlı deputatlarından biridir. Bir dəfə Azay Quliyevlə xaricə səfərə getmişdik. O zaman dediklərimin bir daha şahidi oldum.O, jurnalistlərlə isti münasibətdədir. Seçiciləri ilə əlqaqəsinə gəlincə, deyə bilərəm ki, bu məsələylə bağlı Modern.az saytıının əməkdaşı Şirvan şəhərindən reportaj hazırlamışdı. Həmin vaxt seçicilərinin böyük əksəriyyəti öz deputatlarından razılıqlarını ifadə etmişdilər.

Azay Quliyev həm də Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ən fəal deputatlardan biridir”. Təhminə Paşayeva

P.S. Parlament jurnalistlərinin bəziləri yay məzuniyyətində olduğundan onlarla əlaqə saxlaya bilmədik.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu