Modern.az

Şahmar Ələkbərov anıldı

Şahmar Ələkbərov anıldı

Təhsil

14 Avqust 2014, 22:56


Avqustun 14-də Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, xalq Artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.
Mərasim Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə çarxının nümayişi ilə başlayıb.
Tədbirdə Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrindən söz açılıb. Xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə Əhmədova, əməkdar artist Elxan Qasımov, kinorejissorlar Ayaz Salayev, Ənvər Əbluc və başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun Azərbaycan mədəniyyəti, o cümlədən kino tariximizdəki mövqeyindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Görkəmli sənətkarın istedadının çiçəkləndiyi bir dövrdə bu dünyadan köçməyi təəssüflə vurğulanıb.

Modern.az-ın məlumatına görə, Şahmar Ələkbərovanın həyat yoldaşı Kamilla Ələkbərova və əkiz qızlarından biri İzulət  Ələkbərova çoxdandır xaricdə yaşayırlar.
İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısıdır.
Digər qızı Ləman Ələkbərova Bakıdakı tibb müəssisələrindən birində həkim işləyir.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Onun atası əslən Cəbrayıl rayonundan olan Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb.
Şahmar Ələkbərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. O, universitetdə aktyor sənətindən dərs deyib. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub, bir çox maraqlı obrazlar yaradıb.
Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.

Görkəmli sənətkar Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən  vəfat edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü