Modern.az

Professor Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT

Professor Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT

Fotosöhbət

8 Sentyabr 2014, 09:48

Modern.az  saytı Elçin İsgəndərzadə ilə FOTOSÖHBƏT layihəsini tədqim edir:

Elçin İsgəndərzadə (İsgəndərov Elçin Barat oğlu) 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub. 1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla bitirib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakül­təsində təhsil alıb. İnstitutu fərqlən­mə diplomu ilə bitirib.  Texnika və filologiya elmləri doktoru, professordur. 

Nyu-York Elmlər Akademiyasının,  «Qafqaz Xalqları» Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının,   Beynəlxalq Kadr Akademiyasının, Təbriz Dil və Kültür Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,  Gürcüstan Milli Akademiyasının,  Avropa Mədəniyyət Akademiyasının həqiqi (akademik) üzvü seçilib.

Türkiyə İLESAM-ın (Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və TYS-nin (Türkiyə Yazarlar Sendikası), Quzey Kıbrıs Türk Cümhuriyyətinin  KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Kurumu) Vəqfinin, Rusiya Yazıçılar Birliyinin, Bolqarıstan Yazıçılar Birliyinin, Qırğızıstan Milli Yazıçılar Birliyinin, Kosova Türk Yazarlar Birliyinin, Ukrayna Yazarlar Birliyinin,  Rumıniya Yazarlar Birliyinin üzvüdü.

2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.

200-dən çox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii və elmi kitabın müəllifidir. 

Türkiyə, Rusiya,   Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, Özbəkistan, Polşa, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.

Azərbaycan Texniki Universitetinin professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texniki Elmlər üzrə Ekspert Şurasının üzvüdür.


Şəkilli tarixim burdan başlayır (öncəkilər işğal olunub). 1 sentyabr 1971-ci ildi. Ağdamın Əhmədavar kəndi... Birinci sinif şagirdlərinin sənəd üçün şəklini çəkməyə kəndimizə fotoqraf gəlmişdi. İlk dərs günüm. Yanımdakı qardaşımdı.

Həmin kəndin səkkizillik məktəbinin buraxılış günüdür. 25 may 1979-cu il. Artıq  dönəmin məşhur “Kvant” jurnalı məni laureat, kəndimiz isə alim kimi  tanıyır.

Qızıl medallı abituriyentəm! Politexnik institutuna sənəd vermək üçün çəkdirmişəm.

Tələbə yoldaşlarımı Cıdır Düzünə gəzməyə gətirmişəm. 1984-cü ildi.

Ədəbiyyata Məmməd Arazın xeyir- duasıyla gəlmişəm. O zaman çox dəb olan və tale müəyyənləşdirən “Uğurlu yol”umu Məmməd Əmi yazıb. 31 ildir ki, Məmməd Arazın adına xələl gətirməməyə çalışıram.

 

1997-ci ilin dekabr ayıdı. Anar müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edir. Bu gün Nobel mükafatı alsam, sevinci o günün sevincinə çatmaz! AYB-ni ömrüm boyu Şuşam kimi sevmişəm.

 

Bəxtiyar Vahabzadənin - Millilik və Türkçülük Ustadımın evindəyəm. Ümumi söhbətimiz poeziya, şəxsi söhbətimiz Çingiz Aytmatov, Xudu Məmmədov və Şahmar Əkbərzadədir. O qədər inanırdı ki, mənə, bəzən sirlərini də açırdı...

Sabri  Koz və Harid Fedai ilə Vaqif Səmədoğlunun qonağıyıq. Fikrət Qocanın fanatı, Səyavuş Məmmədzadənin həmyerlisi olaraq onları da dəvət etmişəm.

Azərbaycanda ilk dəfə təşəbbüsüm və təşkilatçılığımla Beynəlxalq Şeir Festivalı keçirilir. 12 ölkədən türkdilli ən məşhur şairləri dəvət etmişik.

 

Krımtatar Yazarlar Birliyinin sədri Şakir Səlim və birlik üzvləri ilə görüş. Ağməscid, 2006

 

Yeddi dəfə Dünya çempionu Ceyhun Məmmədov həm qohumum, həm də uşaqlıq dostumdur. Burda haqqında yazdığım “Çempion” kitabını müzakirə edirik. 1996-cı ildi.

 

Əziz qardaşım Sabir Rüstəmxanlının “Ömür kitabı”  həm də bizim ailənin ömur yolunu müəyyənləşdirib. Şəkil 2003-cü ildə indi olmayan “Köhnə İnturist”də çəkilib. Sətiraltı mənası var, ona görə yazdım.

 

Çağdaş Türk şeirinin ən böyük milli şairi hesab etdiyim Yavuz Bülənt Bakilər qonağımızdır. Bakı,2004.

KKTC  Cumhurbaşkanı Rauf Denktaşla uzunillik dostluğum və mənə olan böyük sevgisi nəticəsində Şəxsən Özü yayınladığı və Özü ön söz yazdığı “Bəyaz dua” kitabım Ginnesin rekord kitabına düşəcək bir alternativsizlik bəxş etdi mənə. İndiyədək heç bir Prezident heç bir şairin kitabına ön söz yazmayıb. Lefkoşa, 2004 

Ömrümün başqa bir nəhəng dostu İhsan Doğramacının 90 illik yubileyindəyik. Abdulla Gül “eks” deyil hələ...

 

I. Uluslararası İskele Beynəlxalq Şeir Şöləni iştirakçılarına mənim istəyimlə KKTC prezideti M.A.Tələtin verdiyi ziyafətdən sonra çəkilib bu şəkil. Hələ Baş nazir olanda R. Denktaş tanış etmişdi bizi. Lefkoşa, 2007

Bu kitabım Makedoniya Prezidenti Georgiy İvanovun təşəbbüsü və göstərişi ilə çap olunub. Ziyafət mənim (kitabımın) şərəfinədi. 60 ölkə şairlərinin iştirak etdiyi mərasimdə solda dayanan Rusiya Yazarlar Birliyinin katibi Maksim Zamşev çıxışında bir zarafat etdi. Dedi ki, mən belə başa düşürəm ki, bizim Putindən başqa bütün ölkə prezidentləri Elçinin məsləhəti ilə təyin olunur.Çünki Ondan başqa hamısı  öz ölkələrində onun kitabını çap ediblər.   Skopye, 2009.

Bu kitabım da Bolqarıstan Prezidenti Georgiy Pırvanov tərəfindən çap olunub. Təqdimat mərasiminə Baş nazir və Xarici işlər naziri ilə birlikdə təşrif buyurmuşdu və şəxsən özü kitabım əlində kürsüyə çıxaraq şeirlərimdən sitat gətirməklə gözəl bir çıxış etdi. 2011-də Heydər Əliyev ordeninə layiq görüldükdə bəlkə də özündən çox mən sevindim. Sofiya, 2008.

 

Krımtatar Xalqının Milli Lideri Mustafa Krımoğluna Fəxri Doktor ünvanı təqdim olunur, Ağməscid, 2006.

“VARLIQ” dərgisiylə milli varlığımızın korifeylərindən biri olan Dr. Cavad Heyətlə dostluğuma Şahmar Əkbərzadə körpü salmışdı.

 

Qırğızıstan Milli Yazarlar Birliyinin Beynəlxalq mükafatına layiq görülmüşəm. Solda əyləşən dönəmin Birlik sədri, Xalq şairi, Qırğızıstan Milli  Himninin müəllifi Cəlil Sadıkovdur. Bişkek, 2005.

Belçika Kent Universitetinin rektorunun qonağıyam. Sağda dayanmış Con Devrekel köhnə dostlardandır. Avropa Birliyi elm və təhsil komitəsinin sədridir. Belçika, Kent, 2006.

Bu şəkil Ərəb Yazarlar Birliyi Baş Assambleyasının toplantısı  zamanı Misir piramidalarında gəzinti zamanı çəkilib. Bu təşkilata üzvü olduğum Suriya Yazarlar Birliyindən seçilmişəm. Suriya dedim yadıma düşdü, Bəşər Əsədin şəxsən təqdim etdiyi, üzərində şəkli olan qiymətli qızıl qol saatı Prezidentlərlə bağlı ən acı xatirəmdi. Qahirə, 2007. 

Türk dünyası ədəbiyyatında və dostluğunda Çingiz Aytmatovun yerini mənə görə Qazaxıstan və Qırğızıstanın  Xalq şairi, millət vəkili Muxtar Şahanov tutur.

İkinci Pentaqon, Çauşevskinin binası kimi dünyada məşhur olan bir məkanda  - Rumıniya parlamentində çıxış etmək həm böyük zövq, həm də böyük məsuliyyətdir. Buxarest, 2004.

Akademik Ə.Əmiraslanovla uzun illik tanışlıq və dostluqdan hər zaman qürur duymuşan. Bilkənt, 2005.

Çingiz Aytmatova «Türk dünyasına xidmət» Qızıl medalı təqdim olunur. Azərbaycanın Belçika səfirliyindəyik. Yanımızdakı dönəmin Səfiri Arif Məmmədovdur. Brüssel, 2006.

 

SSRİ Yazıcılar birliyinin sədri, SSRİ və Rusiya Federasiyası Dövlət himnlərinin müəllifi , Sosialis Əməyi Qəhrəmanı, Xalq şairi Sergey Mixalkovla. Moskva, 2009.

Kosovada sülhməramlı Türkiyə və Azərbaycan əsgərləri ilə görüş, Prizren,  2006.

Ankaradakı bir evimiz də TÜRKSOYdur.

Qənirə xanımla bacı - qardaş münasibəti də ömrün ən mənalı səhifələrindəndir.



Avropa Akademiyasının prezidenti akademik V.G.Tıminskiy Akademiyanın Türkdilli ölkələr üzrə rəsmi təmsilçilik bəratını təqdim edir. Hanover, 2009.

Türk Dünyasının tarixində ilk dəfə Dünya Böyük Şeir Mükafatı (The World Grand Prize for Poetry) mənə nəsib olur. Rumıniya, 2010

 

Azərbaycanın İtaliya səfirliyindəyik. “Roma şəhərinin Fəxri alimi” ünvanına layiq görülmüşəm. Ayağı sayalı oldu, 2 il sonra Avropa Elmi Cəmiyyəti məni “Avropanın Fəxri  Elm və Mədəniyyət Xadimi” adına layiq  gördü, 2010

Yunanıstanın Komotini (əsgi Gümülcinə”) şəhərinin Fəxri Vətəndaşı Xatirə medalını şəhər Meri  təqdim edir. 2009.

Nazir Əbülfəs Qarayev ədəbiyyat üzrə “Qızıl Kəlmə” Dövlət Mükafatını təqdim edir. Onun da ayağı sayalı oldu, ardından Prezident təqaüdünə layiq görüldüm.

Avropa Kanalında canlı yayındayıq. Ətrafımdakılar valilər, bələdiyyə başkanları, şairlər, iş adamları, bir sözlə dəyərli dostlardı. Duisburg-Almaniya, 2010.

2009 - cu ildən Beynəlxalq Mükafat Komitəsinin Azərbaycan və Türkiyə üzrə səlahiyyətli nümayəndəsiyəm. Komitənin  Prezidenti M.A.Pekelislə. Moskva, 2009.

 

Ailəmiz tam heyətlə 49 yaşımı təbrik edir. Arzular 50-ni ŞUŞAda qeyd etməkdir! Hələ bir neçə gün var... Bəlkə də!...  

50 yaşıma hesabat...

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir