Modern.az

Oqtay Əsədov Spikerlərin 3-cü Ümumdünya Konfransında çıxış edib

Oqtay Əsədov Spikerlərin 3-cü Ümumdünya Konfransında çıxış edib

Parlament

21 İyul 2010, 19:13

İyulun 21-də Cenevrədə Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransı öz işini davam etdirib.
Konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edib. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan O.Əsədov qeyd edib ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır. Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər qlobal problemlər misilsiz vüsət alıb. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Oqtay Əsədov qeyd edib ki, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmayıb.

"Sadalanan çağırışları dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq".  Spiker bildirib ki, demokratiyanın təmin edilməsi problemlərin  həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil.

Milli Məclisin Sədri  parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini və rolunu xüsusi qeyd edib. Konfransın yekunu olaraq qəbul olunacaq Bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirib.

Sonra Milli Məclisin Sədri Xorvatiya parlamentinin rəhbəri Luka Sebiçlə  görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunub. Bildirilib ki, enerji təhlükəsizliyi, iqtisadi, turizm, mədəni və digər sahələrdə əlaqələrin inkişafında parlamentlər mühüm rol oynaya bilər. Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan parlamentində Xorvatiya ilə dostluq qrupu fəaliyyət göstərir. Belə bir qrupun Xorvatiya parlamentində olması əlaqələrin genişlənməsinə təkan ola bilər.

Söhbət zamanı Avropa Birliyi və digər beynəlxalq təşkilatlar və bu təşkilatlarda ölkələrimizin təmsil olunması ilə bağlı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Görüşdən sonra nümayəndə heyətimiz yenidən Parlament Sədrlərinin konfransına qatılıb. Müzakirələrdən sonra Parlament Sədrlərinin 3-cü Ümumdünya Konfransının Bəyannaməsi qəbul edilib. Bununla da  konfrans öz işini başa vurub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü