Modern.az

Ağdamlı jurnalistlərin Ağdam haqda düşüncələri...

Ağdamlı jurnalistlərin Ağdam haqda düşüncələri...

Media

23 İyul 2010, 11:19

st1:*{behavior:url(#ieooui) }

Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Bu gün müxtəlif mətbuat oqranlarında xeyli ağdamlı jurnalist çalışır. Onlardan bəziləri Ağdamla bağlı hisslərini Modern.az-la bölüşüb.  

 

“Ulduz” jurnalının redaktoru Qulu Ağsəs: “1994-cü ildə Ağdam haqqında danışanda bütün mətn yadımda idi. Ağdam gözümün qabağıında idi. İllər keçdikcə, o mətn balacalaşır. İndi artıq o birinci abzası axtarıram. Belə sürətlə vaxt getsə, bu cür biabırçılıqla illər ötsə, ola bilsin elə mən birinci cümləni axtarım ki, Ağdam haqqında nə demək olar. Ona görə  yox ki, Ağdam yaddaşımdan düşüb gedir. Ona görə ki, çalışıram dediklərim ötən il dediklərimin təkrarı olmasın.

Mən dəhşətli dərəcədə yerlibaz deyiləm. Mənim yerlibazlığım rayonda heç olmadı. Mənim yerlibazlığım Ağdamın işğalından sonra başlayıb. İşğaldan sonra məndə bir ağdamlı təəssübkeşliyi yarandı. Çox istəyərdim ki, bu, hər bir ağdamlıda yaranaydı. Biz özümüz öz torpağımızın qeydinə qalmalıyıq, onun namusunu çəkməliyik. Bu gün bütün Azərbaycan qarabağlı olmalıdı. Qoy ola bilirlər, olsunlar. Amma ilk növbədə bütün qarabağlılar qarabağlı olmalıdır. Bu daha realdır, nəinki bütün Türk dünyasının qarabağlı olması. Konkret ona çalışmaq lazımdır ki, qarabağlılar bu gün hamısı qarabağlı olsunlar. Amma bunda da problemlər var. Artıq qarabağlılar da qarabağlı olmaq istəmirlər. Son 17 il ərzində doğulan uşaqlar, 35 yaşında rayonu tərk etmiş cavanlarda torpağa dönüş, sevgi hissi, təəssübkeşlik, bunlar əvvəlki kimi deyil. Bunlar demək olar ki, yox dərəcəsindədir. Ağdamın işğalı Qarabağ müharibəsinin son nöqtəsi idi. Yəni bütün ermənilərin, Rusiyanın, Ermənistanın, bəlkə elə İranın da Azərbaycanın bir hissəsini, yəni Qarabağı işğal etmək planı gəlib Ağdamın ilhaqı ilə nəticələnməli idi. Bu ssenari idi. 1993-cü il iyul ayının 23-də ssenari başa çatdı. Çünki, bütün Dağlıq Qarabağ, Aran Qarabağ burdan qidalanırdı, burdan idarə olunurdu. Bütün beyin mərkəzi Ağdam idi. Bütün hərbi planlar burada hazırlanırdı. Bütün silahlı qüvvələr burada cəmləşmişdi. Bütün dövlət xadimləri, beynəlxalq təşkilatlar Ağdama gəlirdi. Milli Qəhrəman adı almış komandirlərin əksəriyyəti ağdamlılar, yaxud Ağdamda döyüşən oğlanlar idi.  Hər şey Ağdamdan idarə olunurdu. Şuşa da, Kəlbəcər də, Laçın da, yeri gələndə Ağdərə də, Xocavənd də, Əsgəran da... Hamısı Ağdamdan idarə olunurdu. Ona görə də bu müharibəni bitirmək, arxayın olmaq üçün mütləq bu erməni-rus hərbi birləşmələri Ağdamı götürməli idi. Bu yaxınlarda Almaniyada səfərdə olan ermənilərin lideri Sərkisyana Hacıbəyli soyadlı qarabağlı jurnalist sual verdi ki, “mən niyə kəndimə qayıda bilmirəm? Deyirsiz ki, Dağlıq Qarabağda ermənilər yaşıyırlar, bəs Aran Qarabağı niyə işğal etmisiz”. Erməni prezident də deyib ki, onu “biz almamışıq, biz buna məcbur olmuşuq. Yəni Dağlıq Qarabağın təhlükəsizliyini qorumaq üçün məcbur olub Ağdamı işğal etmişik”. Bunu erməni prezidenti təxminən bu şəkildə etiraf etdi. Yəni, nə qədər Ağdam vardı, Şuşanın da, Laçının da, Kəlbəcərin də işğalı ilə rahat olmurdular. Ağdam həm əhali, həm ərazi etibari ilə Qarabağda ən böyük bölgədir. Bunu etiraf etmək lazımdır. Üstəlik ermənilər Ağdam camaatının şilləsini, duzunu çox yaxşı bilirdilər. Çox gözəl bilirdilər ki, ağdamlıların hisslərinə toxunmaq olmaz. Mən demirəm ki, digər rayonlar cəsur olmayıb. Ağdamlılarla ermənilər arasında dəfələrlə konfliktlər olub. Həmişə üzləşiblər. Üzləşmədən də ermənilər həmişə üzüqara çıxıblar. Ona görə də Ağdamı götürmək lazım idi. Ağdamı işğal etdilər. Buna görə Azərbaycan tərəfindən bir adamı da günahlandırmayacam. Utanıram deyəndə ki, Xocalının işğalında bizimkilərin əli oldu. Düşmən nə deyirsə, biz də onu deyirik. Xeyr bizm heç bir əlimiz olmayıb. Bizim torpaqlarımızı Rusiya və Ermənistan işğal edib. İstər vəzifədə, istər vəzifədə olmayanları Ağdamın işğalında günahlandırmaq biabırçılıqdı. Tam əminliklə deyirəm, Ağdamın, o cümlədən digər rayonların işğalında heç bir azərbaycanlının günahı yoxdur. O yaxşı söhbətdi ki, yaxşı döyüşməyə bilərik, həmin dövrdə rəhbərlik səriştəsiz ola bilər. Amma bunlar haqq vemir ki, erməni gəlib bizim rayonu alsın. Ağdamın adını çəkəndə mənim gözümün qabağına ilk növbədə Uzundərədəki Şəhidlər xiyabanı, bir də qəbiristanlıq gəlir. Doğurdan da çox övladlar itirdik. Mənə də ağır gələn odur ki, Ağdam bu qədər adam itirdi və işğal olundu. Ona görə mənə danışmaq çətindi. Heç olmasa itkilərin müqabilində Çanaqqala döyüşü kimi minlərlə adam itirib, sonra heç olmasa, torpağı işğal etməyə qoymasaydıq, məni bu qədər yandırmazdı. Adamı yandıran odur ki, biz bu qədər şəhid verdik, gərək torpağımızı da şəhid etməzdik”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov: “Mənim uşaqlıq illərim Ağdamda keçib. Elə ən gözəl xatirələrim də Ağdamla bağlıdır. Həyatımın həm ən xoşbəxt dövrü, həm də ən ağrılı, məşəqqətli dövrü elə Ağdamla bağlıdır. 11-12 yaşımdan demək olar ki, dünyanı dərk etməyə başlayırsan.  Dünyanı dərk edəndə deyək ki, başqa şəhərlərdə, məsələn Bakıda, Londonda insanlar gözlərini açır, ancaq xoş şeylər görür. Mən, eyni zamanda həmyaşıdlarım biz gözümüzü açanda, ancaq qan, müharibə görürdük. Yadıma gəlir ki, orta məktəbdə oxuyanda bizim məktəbin yaxınlığında mərkəzi xəstəxana vardı, itkilər - ölən, yararlanan olanda ora gətirirdilər. Uşaq ağlı idi, biz maraqla o ölən, yarananlara baxırdıq. Ən sarsıdıcısı isə Xocalı hadisəsi zamanı oldu. Xocalıda ödürülən körpə uşaqlar vardı. Onlar qan içində məscidə gətirilirdi. 11-12 yaşında gözümü açıb bunları görmüşəm. Bu dəhşətli bir şey idi. Xoş dövr müharibəyə qədər olan dövr idi. Daha dəhşətlisi o idi ki, müharibənin o qızğın çağında valideynlərim Ağdamda qaldı, məni və bacımgili Ağcabədiyə gətirdilər. Aradan 5-6 ay keçəndən sonra Ağdamda bir sakitçilik yarandı. Ağdamdan çıxandan sonra hər gün birlikdə olduğum uşaqları axtarırdım. Onlar mənə yaxın, doğma idi. İki qardaş vardı. Birinin adı Nicat, digərinin adı Sadıq idi. Sadıq ən balacası idi. Dəcəl olsa da, çox istiqanlı uşaq idi. Qardaşından Sadığı soruşanda dedi ki, öldü. Onun da 8-9 yaşı olardı. Bu mənə çox pis təsir etdi. Doğurdan belə şeyləri eşitmək çox ağır idi. O mənada da 22-23 yaşımda məndən soruşanda ki, neçə yaşın var, deyirəm bu qədər. Yaşımı deyəndə inanmırlar, deyirlər ki, sənə daha çox yaş vermək olar. Mənə elə  gəlir ki, belə görünməyim o müharibənin vurduğu zərbənin nəticələridir. Bütün sarsıntılar da üz cigilərimizdə öz əksini tapır. Ağdamla bağlı adama ən çox təsir edən mənəvi itkilərdi. Ən çox şəhid verən Ağdam olub. Beş min şəhid verib. O şəhidlər dostlarımız, tanışlarımızdır. Elə 5 min ağdamlı da müharibədən sonra Ağdam dərdindən gənc yaşlarında dünyasını dəyişdi. Ağdamla bağlı xoş xatirlərim də çoxdur. Beş yaşım olardı, yaxınlığımızda yay düşərgəsi təşkil olunmuşdu. Orada maşın da vardı, uşaqlar da orada idi. Heç bilmirəm maşın hara gedir, elə mən də minib getdim. Bir də gözümü açdım ki, Şuşadayam. Belə getsə, deyəsən Şuşaya o gedişim elə son gedişim olacaq”. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili: “Mən Ağdamın Mərzili kəndində anadan olmuşam. Bizim kəndimizin işğalı vaxtı mən Bakıda mətbuat sahəsində çalışırdım. Demək olar ki, bütün ezamiyyət müddətim şənbə və bazar günləri də daxil olmaqla müharibə bölgəsində olurdu. O yerləri itirməklə bütün mənəvi dünyamızdan ayrılmış olduq. Canlı itkilərə gəlincə, bizim nəsildən 42 nəfər şəhid oldu. Öz ailəmizdən qardaşım II qrup müharibə əlilidir. Demək olar ki, jurnalist kimi müharibənin ən qaynar nöqtələrində olmuşam. Bu günə qədər də “Təzadlar” qəzetin rəhbəri olaraq qəzetimizin bir şüarı var: Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək. 17 ildir ki, bu şüarla dərc olunuruq. Məqsədimiz, məramımız da Qarabağın işğal olunmuş hissəsinin Azərbayacna qaytarılması uğurunda ictimaiyyəti mənəvi silahlandırmaq, onları buna çağırmaqdır. Azərbaycan üçün Ağdam təkcə coğrafi məkan deyildi, eyni zamanda musiqi beşiyi idi. Ağdamda nə qədər tarixi abidələr, mədəniyyət inciləri məhv olub getdi. Ağdamın işğaldan sonrakı şəkilləri var. Şəkildə ancaq məscidin qoşa minarəsi görünür. Orada başqa bir salamat tikili yoxdur. Xarabalığa çeviriblər. Bu şəkillərə hər dəfə baxanda, necə deyərlər, ölüb qayıdırıq. O şəkillərə baxmaq torpağı itirmiş şəxslər kimi bizlərə ölümə bərabər bir hisslər yaşadır”.

 

Müstəqil yazar Vahid QAZİ:   -Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir.

Nə vaxtsa havalanmısanmı? Yox, məsum təbəssümdən sevdalanmanın, bir oğrun baxışdan həyəcanlanmanın havalanmağını demirəm. Dünənədək sənin olan, udduğun hava, içdiyin su kimi... ata sığalı, ana qucağı, sevdalı qız baxışı, oğul gözləri, lap belə Allahın kimi əvəzsiz olanı itirməkdən havalanmağı deyirəm. Ayrılıqda bu itkilərin hər biri ağırdı. Amma bunların hamısının qovuşduğu bir yer var – Yurd! Onun itkisi daha ağırdı.

 

Sənə öz yurdumdan söz açacam. Olmayan bir şəhərin xoşbəxt çağlarından danışacam. Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən.

İndi sakini sərgərdan ruhlar olan bir şəhərə səyahətə gedirsənsə, arxamca gəl!

***

 

Britaniyalı jurnalist Tomas de Vaal “Qara bağ” kitabında yazır: “...Parlaq bir yaz günü idi, buradan hətta yüz kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə gözlərim aşağıdakı kiçik Xirosimadan ayrıla bilmirdi... 1993-cü ildə ermənilər Ağdamı ələ keçirdikdən sonra küçələri, evləri bir-bir talayıb daşıdılar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basıb. Viran qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm...”

 

***

 

Gecəyarısı kilidlənən dişlərinin göynərtisinə ayılmısanmı? Qara-qura yuxulardan qan-tər içində diksinib qalxmısanmı? Özünü çəkmisənmi məşhər ayağına aylar-illər uzunu? Adam arasında qamətini dimdik tutub, təklikdə arvadından, balalarından gizlin, yumağa dönüb ağlamısanmı için-için? Məclislərdə görünməsin deyə sözəbaxmaz uşaq kimi atan üz sinirlərini örtmüsənmi əllərinlə? Səndən ixtiyarsız əsən barmaqlarını ovcunda gizlətmisənmi?

 

...Çərləmək nədi, bilirsənmi?

 

***

 

...Bu yay Ağdamsızlığın 17 yaşı olacaq. “17” tanıdığım ilk rəqəmdi. 1, 2, 3-dən də, elə 7-dən də əvvəl. “Baharın 17 anı” filmindən tanıyıram onu, ilk sevimli filmim olub. 17 nömrəli sovet xokkeyçisi Xarlamov uşaqlığımın kumiriydi. 17 yaşımda ağdamlı uşaqlığımla sağollaşdım. 17 yaşımda xəyallarımın şəhəri Bakıda gəncliyimlə salamlaşdım. Sonra dava başladı. Qohum-əqrəbanın sevimlisi, əzizim Anarı Xramord ətəyində erməni gülləsi 17 yaşında haqladı... Yadımdadı, ona ad qoyulanda dayım mənə baxmışdı. Mən də “Xarlamov” demişdim. Gülüşmüşdülər. Pərt olmayım deyə başqa ad istəmişdilər. “Anar”ımı bəyənmişdilər... İndi 17 ildi Anar 17 yaşında qalıb. Elə Ağdam da boy atmayıb, 17 il əvvəlki yaşındadı.

 

***

 

“Vətən”lə “Yurd” sözlərini dəyişik salma, bir-birinə oxşadıqlarına baxma, fərqləri var! Fərqini məndən soruş! Vətən böyükdü, hamınındı, ümumidi. Bakı, Şəki, Ordubad da vətəndi... Aydan baxsan, Yer də vətəndi. Amma hər kəsin içində balaca, yalnız özünə məxsus bir küncü var, bax, ora Yurd deyirlər. O, diridi, tərpənir. Yaxınlaşıb baxırsan, qoxulayırsan, toxunursan, o üzünə, bu üzünə çevirirsən, qapısını açıb içinə girirsən. Girirsən və görürsən ki, o, elə özünsən...

 

ABŞ-ın “WebUrbanist.com” saytı Ağdamı turistlər arasında maraq doğuran “24 ruhlar şəhəri” siyahısına salıb. Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam. Yanıma gəl, qolundan tutum, birlikdə gedək mənim şəhərimə, indi sakini ruhlar olan şəhərimə...

 

***

 

Dünyada çox şəhər var, işğal olunub, azad edilib. İstər Ermənistanda, istər Qarabağda adamları qovulmuş nə qədər boş şəhər, kənd var. Amma Ağdam Yer üzündən silinib, daha yoxdu, nə işğal altında, nə də torpaq üstündədi...

 

Doğulub böyüdüyün kəndi, şəhəri, həyəti gətir gözlərinin önünə! Təsəvvür elə düşmənlər səni bir vaxtlar kölgəsində kitab oxuduğun armud ağacına sarıyıblar. Ağzını yummayıblar, ürəyin sıçrayıb dişlərinin arasından düşənədək bağırasan deyə. Gözlərin də açıqdı, görəsən – çıxıb uzaq dağlara, yaxın həyətlərə baxdığın damı dəmir-dəmir necə sökürlər, gizlənqaç oynayanda arxasında gizləndiyin divarı daş-daş necə qoparırlar, üstündə min oyundan çıxdığın ananın cehizlik xalısı döşənmiş döşəməni taxta-taxta necə yarırlar, yağışlı günlərdə tərli şüşəsinə barmağınla şəkil cızdığın pəncərələri lay-lay necə çıxarırlar, hərəsindən bir xatirən sallanan ağacları budaq-budaq necə kəsirlər... 

Dayandılar. Yorulublar, ya da acıblar. Dikbaşlığından zövq aldığın dostun xoruzun qışqırtısı batırır sənin bağırtını. Şişə taxırlar, araq süzürlər, mahnı oxuyurlar. Sonra qalxıb sökdüklərini ehtirasla dəstələyib maşınlara yükləyir, yerdə qalanına od vururlar. Bu odda xatirələrin qarışıq bütün keçmişin yanır, külünə baxırsan qolubağlı. Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq...

 

Hər gecə bu mənzərə beləcə, təkrarlanır. Heç bilirsənmi xatirələrin külü nə qoxuyur? Heç yanan ruh gördünmü? Heç qoxuladınmı yanmış ruhun külünü? Amma mən bilirəm! 17 ildi qoxulayıram bunu.

 

***

 

Çexiyalı jurnalist Petruşka Şustrova yazır: “...Nə vaxtsa gözəl şəhər olmuş Ağdamın indi olduqca qorxunc mənzərəsi var. Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima” deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədi. Amma yox, şişirdilməyib. Ağdam xarabalığa çevrilib və ona baxmaq olduqca dəhşətlidi. Bu xarabalıq yalnız müharibənin nəticəsi deyil, bir çox ev qəsdən sökülüb və həmin evlərdən aparılan tikinti materiallarıyla Stepanakert yenidən qurulub. Ağdam xarabalıqlarını gəzəndə birdən cib telefonuma mesaj gəldi. Qısa mesaj sanki gördüyümüz bu mənzərənin dəhşətini bir ironiya – sarkazmla vurğulamağa çalışırdı: “Azərbaycana xoş gəlmişsiniz. Çexiyaya zəng vurmaq üçün ilk öncə + 420 yığın”.

 

...Bəs mənim ruhlar şəhərimin kodunu bilən varmı?

 

Müstəqil jurnalist Rey Kərimoğlu: - Təbii ki, vətənin işğalı hamı kimi məni də ağrıdır. Ağdamda doğulub-böyüyən bir insan kimi rayonumuzun işğalı mənim həyatıma ağır izlər buraxıb. Təəssüf ki, o dövrdə işğalın qarşısını almaq mümkün olmadı. Baxmayaraq ki, xeyli qüvvə var idi. Ağdamın, eləcə də digər rayonların işğalının ən böyük səbəbi öz torpaqlarımız uğurunda döyüşə bilməməyimiz olub. Azərbaycanın hər yerindən könüllülər, vətənpərvərlər müharibəyə cəlb olundular, müharibədə iştirak etdilər. Ancaq, təəssüf ki, dövlət səviyyəsində müharibə aparıla bilmədi. Nəinki Ağdam, ondan əvvəl Şuşa, Laçın, Kəlbəcər, digər rayonlarımız təpədən dırnağa qədər silahlanmış erməni hərbi birləşmələrinin qarşısında çox təəssüflər olsun ki, ayrı - ayrılıqda döyüşəsi oldu. Təbii ki, o günlər insanın xatirəsində acı izlər buraxıb. Yəni 25 il böyüyüb boya-başa çatdığım, ömrümün ən gözəl, ən xoş günlərini keçirdiyim elimi - obamı itirməyim əlbəttə ağırdır. Yəni faciədir. Yəqin bu da bizim alın yazımızdı. Mənim bircə arzum var ki, tanrıdan qismət olsun, bizə bir şans yaransın biz öz torpaqlarımızı şərəflə, əlimizdə silah azad edək, gedib öz yurdumuzda yaşayaq. Mənim hər bir şeyim-düşüncəm, xatirəm orada qaldı. Danışıqlar yolu mümkün olmasa, çox güman ki, hərbi yol seçiləcək və biz onu səbirsizliklə gözləyirik. Bizim üçün bir şərəf olardı ki, gedib torpaqlarımızı düşmən tapdağından azad edək.

 

Müstəqil jurnalist Aynur Elgünəş: 

- Sənin üçün darıxıram...

Ağdama yazdığım sonuncu yazıydı.

Deyəsən sənə şeir yazanda dördüncü sinifdə oxuyurdum.

 

Niyə belə qəmlisən, sən ey çinar ağacı,

Yoxsa arzuların da yarpaqların tək solub..?

Düzü, heç o vaxt bu sınıq-salxaq misraları yazanda arzuların necə solması barədə təsəvvürüm yox idi. Amma sənin qəmli görkəmin məni yaman narahat edirdi. Hər axşam evdəkilər yatandan sonra eyvana çıxıb səninlə dərdləşərdim. Məndən balaca bacı-qardaşıma elə gəlirdi ki, dəli olmuşam, öz-özümlə danışıram. Hətta valideynlərim də bundan qorxuya düşmüşdülər. Amma mən dəli olmamışdım, sadəcə səni özümə dost seçmişdim.

İndi həmin illər o qədər arxada qalıb ki... Yaddaşımın ucunda ilişib qalan bu xatirələrsə ildən-ilə cavanlaşır, məni sənli günlərimə doğru çəkir. Fəsillər dəyişdikcə mənim səni görmək həsrətim daha da artır. Gözlərimin qarşısına tənha, qüssəli görkəmin gəlir. Yazda yarpaqları ilə eyvanımızı döyəcləyən, qışdasa havanın necə olacağını göstərirmiş kimi elə-hey sağa-sola əyilən miskin görkəmin...

Görəsən, yenəmi binamızın qarşısında dayanmısan? Heç hərdən də olsa pəncərəmizə boylanırsanmı? Sualların məngənəsindən yaxa qurtarmağa çalışıram. İnan, yaz gələndə səndən ötrü darıxıram, səni görmək istəyirəm...

 

***

On yeddi  illik hicranın lap ucunda bir də məktəbimiz, məhəlləmiz dayanır. “Yanıq 5 nömrəlinin uşaqları” deyərdilər bizə. Hər dəfə də yana-yana and içərdik ki, məktəbimiz yenicə tikilib, yanıq deyil. Elə binamıza da başqa məhəllənin uşaqları lağ edərdilər. Bircə damcı səsimizin tonunu qaldıran kimi “beşmərtəbənin suyunu içib, dil çatdırmaq olmur” cavabını alardıq...

Axşamlar binamızın qarşısı qaynayardı. Uşaqların səs-küyü bir-birinə qarışardı. Ağız deyəni qulaq eşitməzdi. Bəzən günü davayla da başa vurardıq. Uşaq üstündə əlbəyaxa çıxan qadınlar küsülü qalar, uşaqlarsa heç nə olmamış kimi yenidən bir yerdə oynayardılar.

Yay gecələrində ağac altına yığışan qadınların qeybətləri belə yadımdadı. Kimisi qonşusunun bişirdiyi yeməkdən, kimisi geyindiyi paltardan, kimisi də ailə münasibətlərindən danışardı. İllahda ki, məhəllədə hansısa oğlan hansısa qıza göz qoyaydı. Aralarında heç nə olmasa belə, məhəllə arvadlarının dilindən qurtarmazdılar.

Gecənin sakitliyini isə məhəlləmizin təmizliyinə nəzarət edən Hüseyn kişinin bağırtısı pozardı. Çünki hər axşam ziyanəvər uşaqlar onun ağacın dibinə qoyduğu çaxır şüşəsini sındırardılar. Bəzən belə vaxtlarda söyüşün biri bir qəpiyə olardı. Təbriz ləhcəsində kimə gəldi söyən Hüseyn kişinin nə dediyini doğru-düzgün başa düşən də olmazdı.

Yenə yaydı, o səs-küylü günlər üçün darıxıram.

 

***

Payızın hüznlü günlərini çox sevirdim. Gur yağışlar damları döyəclədikcə, boz sərçələrin civiltisi ərşə qalxardı. Sonra sevimli çinarım köynəyini yavaş-yavaş soyunardı. Sellər bircə anda bütün küçəni yuyub aparardı. Yağış dayanan kimi günəşin şəfəqləri ətrafı nura qərq edərdi. Hər səhər mikrafon qoşulmuş avtobuslar camaatı pambıq yığımına səsləyərdi. Ona görə də gündüzlər həyət-bacada böyüklərdən heç kimi görmək olmazdı.

Payız gələndə o işgüzar günlər üçün darıxıram...

 

***

Evimizin yanında Kənd Təsərrüfatı Texnikumu yerləşirdi. Oranın qarovulçusunun adı Fərqan olduğundan uşaqlar texnikumun həyətini “Fərqanın bağı” adlandırardılar. Demək olar ki, oğlanların gününün əsas hissəsi Fərqanın bağında “dava” oynamaqla keçərdi. Taxta qılınclar, yalançı tapançalar havada oynayardı. Düşmənləri də “alman faşistləri” idi. Heç birinin ağlına da gəlməzdi ki, elə əsl düşmənləri lap qulaqlarının dibində, özü də almanlar deyil, ermənilərdir. Bunu desən də inanmazdılar. Onların nəzərində ermənilər kimiydi ki... Bizlərdə adi barmağı kəsilənin hay-küyünü yatırmaq üçün “erməni qan gördü” deyərdilər. Elə ona görə də heç kim onların cəsarət göstərəcəyinə inanmırdı.

Dava-dava oyunu yavaş-yavaş Fərqanın bağını aşıb digər məhəllələrə də keçdi. Artıq bu işi uşaqlar deyil, yeniyetmələr, cavan oğlanlar həyata keçirməyə başladılar.  Binaların qarşısında çadır qurub keşik çəkdilər. Özü də böyük həvəslə. Onlara qış gecələrinin soyuğu təsir etməzdi. Hətta Əsgərana hücum çəkib erməniləri yerindəcə oturtmaq niyyətinə düşdülər. Ayaq altına yaylıq atan qadınlarımız olmasaydı, bəlkə heç cürət edib Əsgəranda da oturmazdılar.

Qış gələndə o günləri xatırlayıram. Həyəcan, qəzəb, inam, cəsarət dolu o anları bir də yaşamaq istəyirəm. Bütün bunların sonunda, Ağdamım, sənin üçün darıxıram...

 

  Hazırladı Təhminə Paşayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?