Modern.az

Parlament jurnalistləri deputat Rəbiyyət Aslanovanı necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Rəbiyyət Aslanovanı necə xarakterizə edirlər?

Parlament

26 İyul 2010, 17:59

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Rəbiyyət Aslanova barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?   

Rəbiyyət Aslanova 109 saylı Balakən seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Mərakeş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.

  

Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Rəbiyyət Aslanova çox istedadlı, savadlı, ziyalı bir xanimdır. İnsan hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşməsində böyük xidmətləri olub. Hakim partiyadan olsa da, ortaq mövqedə ola bilir. Sözün düzünü deyən adamdır. Fəal millət vəkili kimi həmişə çıxışlar edir. Qadın millət vəkili kimi ən çox mətbuata açıq olan Rəbiyyət Aslanovadır. Seçiciləri ilə necə işləməsi barədə məlumatım yoxdur. Ancaq heç mən onun seçicilərindən şikayət də eşitməmişəm. O işini bilən adamdı, ona görə də yəqin bu baxımdan da problemləri olmaz”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Rəbiyyət xanım ən çox qanun layihələrinin təqdimatında etdiyi çıxışları ilə yadda qalır. Qanun layihələrinin təqimatında olduqca geniş çıxış edir. Bu da bəzilərinin xoşuna gəlmir. Rəbiyyət Aslanova ən çox bu cəhəti ilə yadda qalır. Ümumilikdə, jurnalistlərə münasibəti yaxşıdır. Jurnalistlər yaxınlaşıb suallarını verə bilirlər. Bəzi millət vəkillərindən fərqli olaraq bu baxımından açıq adamdır. Seçicilərlə necə işləməsinə gəlincə, bu barədə konkret söz deyə bilmərəm. O seçicilərinin hansısa problemləri ilə bağlı Milli Məclisdə çıxış etməyib. Yəqin bəzi millət vəkilləri kimi problemləri, şikayətləri demir, özü həll etməyə çalışır”.

 

“Xəbərlər-Azərbaycan” İnformaiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Rəbiyyət Aslanovanı parlamentdəki fəal deputatlardan hesab etmək olar. Müxtəlif mövzular baxımından onun həmişə öz mövqeyi olur. Elə bu cəhətinə görə də fərqlənir. Komitə sədri kimi konkret olaraq fikirlərini deməkdən çəkinmir. Jurnalistlərlə münasibəti də pis deyil, normaldır. Jurnalistlərə açıqdır. Seçiciləri ilə işləməsi barədə məlumatsızam. Onu seçiciləri daha yaxşı bilər”.

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Rəbiyyət Aslanova Milli Məclisdə üzdə olan 2-3 fəal komitə sədrlərindən biridir. Amma bu 5 ildə onun İnsan hüquqları komitəsinin sədri kimi vətəndaşlarımızın məmurlar tərəfindən pozulan hüquqlarının müdafiəsində əhəmiyyətli bir fəaliyətini müşahidə etmədik. O, sanki vətəndaşların yox, məmurların yanında olan komitə sədri təsirini bağışlayır. Bu baxımdan Rəbiyyət Aslanovanı həm də “qaraya ağ deyən deputat” kimi xarakterizə edərdim. Onun fikrincə, Azərbaycanda hər şey qaydasındadır, heç bir problem yoxdur. Bunu Rəbiyyət Aslanovanın televiziya çıxışlarını izləyən, mətbuata verdiyi müsahibələri oxuyan hər kəs görür. Rəbiyyət Aslanova müxtəlif televiziya kanallarında “mən avaram”, “mən azərbaycanlıyam”, Milli Məclisin iclaslarının birində isə Qüdrət Həsənquliyevə cavabında “mən də türkəm” kimi ziddiyyətli fikirləri ilə də yadda qalıb. Onun seçildiyi dairədə seçiciləri ilə necə işləməsindən xəbərim yoxdur. Ancaq bildiyimə görə Milli Məclisdə qəbuluna gələnləri qəbul edir. Parlament jurnalistləri ilə münasibətləri normaldır. Parlamentin foyesində ona yaxınlaşan hansısa jurnalistin suallarını cavablandırmaqdan imtina etdiyini görməmişəm”. 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Rəbiyyət Aslanova yaxşı millət vəkilidir, bəyənirəm. Aktiv millət vəkili hesab etmək olar. Seçicilərinin problemləri ilə də maraqlanır. Biz parlament jurnalistləri onunla görüşümüzdə də açıq-aydın hiss olunurdu ki, seçicilərinin problemlərini həll etmək üçün əlindən gələni əsirgəmir. Parlamentdə seçicilərinin problemlərini səsləndirməsə də, bildiyim qədər zəng edib problemləri həll edir. Jurnalistlərə münasibəti də çox gözəldir. İstənilən vaxt jurnalistlər ondan müsahibə ala bilir. Çox istərdim ki, nöbəti dəfə yenə komitə sədri olsun”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Gözəl xanım, işgüzar millət vəkildir. Millət vəkili olmaqdan zövq aldığı hiss olunur. İctimaiyyətə və jurnalistlərə açıq adamdır. Amma  İnsan haqları komitəsinin sədri olsa da, bəzən bunu unutduğu hiss olunur. Bəzən siyasi mülahizələri də həvəsakar səviyyədə olur”

 

“525-ci” qəzetinin əməkdaşı Kamil Həmzəoğlu: “Mən bir dəfə demişəm, yenə də təkrar edirəm. Parlamentdə 14 xanım millət vəkili təmsil olunur və onların hər birinə ayrı-ayrılıqda hörmət edirəm, həm də ehtiram göstərirəm. Ancaq bu xanımlardan beşi mənə daha doğmadır. Bunlar nəinki Azərbaycan xalqının, bütün tük dünyasının sevimlisi, fəxri Zeynəb xanım, doğma bacı saydığım, fəxr etdiyim Gültəkin xanım, ləyaqəti ilə bir çoxlarına örnək olarn Gövhər xanım, daim xalqı və dövləti üçün əzmlə, səylə mübarizə aparan, çalışıb - vuruşan Qənirə xanım və təbii ki, daxili və zahiri gözəlliyi üst-üstə düşən, daxili və zahiri gözəlliyi bir-birini tamamlayan Rəbiyət xanımdır. Rəbiyyət xanım gözəlliyi, cazibəsi, fitri istedadı ilə Azərbaycan parlamentinə xüsusi təravət, rəngarənglik gətirir. O, Azərbaycan parlamentinin və ümumiyyətlə, Azərbaycan siyasətinin az sayda olan intellektuallarından, demokratik düşüncə sahiblərindən biridir. Onun demokratikliyi ən azından Azərbaycan media mənsublarına münasibətdə özünü göstərir. O, kimliyindən, hansı mövqedə  durmasından asılı olmayaraq bütün media orqanlarının, media mənsublarının ona ünvanlanan çeşidli suallarını hər zaman təmkinlə, müdrikliklə cavablandırır. O heç kəsə fərq qoymur. Rəbiyyət xanım eyni zamanda  parlament üzvləri içərisində, xüsusilə iqtidaryönlülər arasında məmurları tənqid etməsi ilə fərqlənir. Buna misal olaraq 2000-ci illərin ortalarında parlamentdə hökumətin hesabatı dinləniləndə onun Bakı merinin ünvanına söylədiyi ağır ittihamları, təxminən il yarım öncə Dövlət Miqrasiya Xidmətinin rəisini tənqid etməsi, o cümlədən, 2003-cü ildə parlamentdə Seçki Məcəlləsinin müzakirəsi zamanı hakim çoxluğa qarşı sərt təpkisini və sairəni göstərmək olar.

Mən şəxsən Rəbiyyət xanımın öz seçiciləri üçün necə səylə, əzmlə, çalışdığının da şahidi olmuşam. Bu gün balakənlilər fəxr edə bilərlər ki, onların parlamentdə belə bir təmsilçisi var. Bu baxımından mən çox istərdim ki,  Rəbiyyət xanım 3-cü dəfə parlamentə seçilsin və parlament sədarətində əyləşən dörd şəxsdən biri olsun”.

 

“Hüriyyət”qəzetinin əməkdaşı Zülfüqar Hüseyzadə: “Rəbiyyət xanım ara-sıra mətbuatda bəlli səbəbdən ölkədəki insan haqlarının mövcud durumuyla bağlı qeyri-adekvat və reallığı əks etdirməyən açıqlamaları ilə əks düşərgədə qıcıq yaratsa da, Azərbaycan qadının bir çox bənzərsiz keyfiyyətlərinin daşıyıcısı kimi ən xoş sözlərə layiqdir. Onunla yaxından tanış olmasam da, parlament təcrübəm və müşahidələrim Rəbiyyət xanım haqda müsbət fikirlər söyləməyə diktə edir. Bir sözlə, o kifayət qədər sanballı parlamentaridir”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Rəbiyyət Aslanova aktiv deputatdır. Tez-tez çıxışlar edir. Xüsusilə  qaunuvericiliklə bağlı məsələlərdə aktiv fəaliyyəti ilə yadda qalır. Jurnalistlərə münasibəti çox yaxşıdır. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Ən çox hörmət etdiyim deputatlardan biridir. Qadın olmasına baxmayaraq çox fəal deputatlardandır. Cəmiyyətdə insan hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı problemlərin olduğu bir dövrdə Rəbiyyət xanım Milli Məclisin İnsan Hüquqlarının Komitəsinin sədri kimi insan hüuqları ilə bağlı həmişə çıxış edib.  Komitə sədri kimi  qanunvericilik aktlarının hazırlanması və qəbulunda prinsipial mövqedən çıxış edib. Hətta Azərbaycanın mill-mənəvi dəyərlərinə zidd olan, lakin beynəlxalq təşkilatlar tərəfindən təzyiq edildiyi halda belə həmin qanun qəbulundan imtina edib. Bir millət vəkili kimi jurnalistlərə daim açıqdır. Jurnalistlərin istənilən suallarını cavablandırır. Vətəndaşların mürciətlərinə baxır, problemlərini də həll etməyə çalışır”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Rəbiyyət xanım hakim partiya təmsilçisi olaraq iqtidarın siyasətini müdafiə edən xanımlardandı. Onun  siyasi baxışları jurnalistlərə münasibətdə problem yaratmır. Düzdür, bir sıra hallarda, xüsusilə son vaxtlar ondan jurnalistlərlə bağlı sərt açıqlamalar eşitmişik. Bu, təbii ki, bir xanım deputat olaraq, həmçinin savadlı elm adamı, gözəl xanım olaraq Rəbiyyət xanıma heç yaraşmır. İşlərində uğurlar arzulayıram. Yəqin ki, növbəti parlament seçkilərində YAP-ın növbəti siyahısında adı ön yerlərdən birinə yazılacaq”.

 

“Ayna”qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Rəbiyyət Aslanovanı savadlı deputat, həm də bacarıqlı komitə sədri kimi xarakterizə etmək olar. Jurnalistlərlə münasibəti yaxşıdır. Parlamentdəki media işçiləri arasında kiməsə fərq qoyduğunu  görməmişəm. Zənglərə də həmişə cavab verir. Müsahibə zamanı kəskin suallardan çəkinmir. Parlament jurnalistləri ilə görüşündə bizə gözəl şer də oxumuşdu. Zövqlə geyinməyi bacaran və baxımlı bir xanım deputatdır”.

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Rəbiyyət xanım bir qadın, bir deputat kimi Azərbaycanın ən yaxşı qadın deputatlarından biridir. Mən on beş ildir ki, onu tanıyıram. Rəbiyyət xanım həm əqidəsinə, peşəsinə sadiq olan, seçicilərini həmişə diqqətdə saxlayan bir deputat kimi gözəl təəssürat bağışlayır. Qanunların qəbulunda obyektivliyi ilə əhəmiyyət kəsb edir. İstərdim ki, belə deputatların sayı çox olsun. Jurnalistlərə də çox isti münasibəti var. Heç vaxt jurnlaistlərdən, onların suallarından qaçmayıb. Seçicilərinin də ona  çox gözəl münasibəti var. Bu yaxınlarda Rəbiyyət xanımın seçildiyi dairədə oldum. Seçiciləri arasında sorğu da keçirdim. Seçiciləri ondan çox razılıq edir”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramov: “Rəbiyyət xanım haqda fikirlərim çox yüksəkdir. Elm adamı kimi də çox böyük hörmətim var. Fəal millət vəkildir. Parlamentdə fəal çalışır. İstərdim ki, növbəti dəfə parlamentə seçilsin. Jurnalistlərə münasibəti çox yaxşıdır, onlara açıqdır”.

 

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Mili Məclisin ən fəal deputatlarından biridir. Bir çox hallarda etdiyi çıxışlar insan hüquqları müdafiəçilərinin narzaılığına səbəb olur. Jurnalistlərlə münasibəti çox yaxşıdır”.

 

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Rəbiyyət Aslanova 2-ci çağrış Milli Məclislə müqayisədə bu çağrışda fəal görünmədi. Bunu onun plenar iclasda az çıxış etməsinə görə söyləyirəm. Ancaq ölkəmizi ATƏT PA-da təmsil edən fəal deputatlardandır. Seçiciləri ilə də yaxşı işlədiyi barədə məlumatım var. Jurbnalistlərə münasibətinə gəlincə, deyə bilərəm ki, bu nə isti, nə  də soyuqdur”.

  

Təhminə PAŞAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi