Modern.az

“Nə? Harada? Nə zaman?” intellektual oyununda erməni saxtakarlığı

“Nə? Harada? Nə zaman?” intellektual oyununda erməni saxtakarlığı

Mədəni̇yyət

28 İyul 2010, 16:30

Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı azərbaycanlı bilicilərin artıq xoş ənənəyə çevrilmiş qələbəsi ilə yekunlaşıb. Üç Cənubi Qafqaz respublikasını təmsil edən ümumilikdə 54 komanda 6 oyun turuna bölünmüş 75 suala düzgün cavab tapmaqda bir-biri ilə bəhsə girib.

 

“Atəşgah İntellektual Oyunlar Klubu”nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qızığın intellektual mübarizə şəraitində keçməsi gözlənilən üzun sürən oyun marafonuna baxmayaraq, ilk turlardan liderliyə yiyələnərək onu əldən verməyən Balakişi Qasımovun komandası (Anar Əzimov, Adnan Axundov, Elman Talıbov, Anar Quliyev, Rauf Nəcəfli) 75 mümkün xaldan 64 xal toplayıb, ən yaxın rəqibini 7 xal qabaqlayaraq inamlı qələbə qazanıb.

 

Çempionatın ikinci yeri də Azərbaycanı təmsil edən komandaya nəsib olub: son iki çempionatın qalibi Faiq Hüseynovun komandası (Emil Mədətov, Roman Orkodaşvili, Cəmilə Əzizova, Zaur Ağayev, Rüfət Abdulla) 57 xal toplamaqla ikinci yeri tutub. Gürcüstanı təmsil edən David Rapavanın komandası və erməni komandalarından biri eyni xal yığmaqla üçuncü yeri bölüşdürüb.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində bir sıra qeyri-rəsmi səciyyə daşıyan yarışlar da keçirilib: cepardi (fərdi, ingilis dilli və komanda), breyn-rinq və futbol. Fərdi cepardidə (Rüfət Abdulla) və komanda şəklində oynanılan cepardidə (Vüqar Zeynalov, Emil Mədətov, Əziz Mürşüdlü, Roman Orkodaşvili, Rüfət Abdulla, Rauf Nəcəfli) qələbə Azərbaycan bilicilərinin üzünə gülüb. İngilis dilli cepardidə və futbolda qələbəni gürcülər, breyn-rinqdə isə ermənilər qazanıb.

 

Qeyd etmək lazımdır ki, breyn-rinq oyunu üzrə yarışın “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı çərçivəsində qeyri-rəsmi xarakter daşıması ermənilərə 5 qeyri-rəsmi naminasiyadan yalnız birindəki qələbələrini mətbuatda Cənubi Qafqaz Kubokunun onlar tərərfindən qazanılması kimi təqdim etməyə mane olmayıb. Bu hal ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının ilk halı deyil. Belə ki, 1998-ci ildə keçirilmiş I Cənubi Qafqaz Çempionatında birinci yeri Balakişi Qasımovun, ikinci yeri isə Anar Əzimovun komandalarının tutmalarına baxmayaraq erməni biliciləri Ermənistanda özlərini ilk Cənubi Qafqaz Çempionatının qalibləri kimi təqdim etsələr də, bu yalanın üstü məşhur bilici Boris Burda tərəfindən açılmışdı.

 

Həmçinin onu da qeyd etmək lazımdır ki, son Cənubi Qafqaz Çempionatından əvvəl erməni tərərfinin bir sıra təxribat xarakterli hərəkətlərinin qarşısı da alınıb. Belə ki, Azərbaycan bilicilərinin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikasının bölünməz və ayrılmaz tərkib hissəsi olan Xankəndi şəhərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Ermənistan çempionatının lisenziyası “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən geri çağırılmış, çempionatın nəticələrinin Assosiasiya tərəfindən qəbul edilməməsi qərara alınmış, erməni komandaları tərərfindən son Cənubi Qafqaz Çempionatında Dağlıq Qarabağın erməniləşdirilmiş toponimlərinin komanda adı kimi istifadə edilməsi onlara qadağan edilmişdi.

  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?