Modern.az

Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin deputatlarını qəbul edib

Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin deputatlarını qəbul edib

29 İyul 2010, 16:55

"Azərbaycan ilə Türkiyə arasında çox möhkəm dostluq və qardaşlıq münasibətləri var. Qardaş ölkədən 120-dən çox nümayəndənin Bakıya gəlməsi əlaqələrimizi daha da möhkəmləndirir və inkişaf etdirir".
Bu sözləri Milli Məclisin Sədri Oqtay Əsədov  iyulun 29-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanda səfərdə olan deputatları ilə görüşündə söyləyib.
Milli Məclisin Sədri Azərbaycan ilə Türkiyə parlamentləri arasında əlaqələrin inkişafında dostluq qruplarının rolunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Milli Məclisdə ən böyük dostluq qruplarından biridir. "Bu da bizim qardaş ölkəyə verdiyimiz önəmin bariz nümunəsidir".

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı xoş sözlərə görə minnətdarlıq edərək diqqətə çatdırıb ki, dövlət, hökumət və parlament üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri iqtisadi sahədə əlaqələrimizi daha da genişləndirməkdir. Nümayəndə heyəti Naxçıvanda da olacaq. Bundan sonra isə digər türkdilli ölkələrə də bu cür səfərlər nəzərdə tutulub.

Oqtay Əsədov bu cür səfərlərin, aparılan danışıqların və görülən işlərin türkdilli ölkələrin ümumi inkişafına, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini bildirib.
Söhbətdə türkdilli ölkələr arasaında əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov, TürkPA-nın baş katibi Ramil Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir