Modern.az

Mənim qonşum Zeynal Xəlil

Mənim qonşum Zeynal Xəlil

Ədəbi̇yyat

23 Mart 2024, 18:47

Mahir Qabiloğlu

Atam Qabilin qəribə bir xasiyyəti vardı. Onu televiziyaya, verilişə çağıranda əksəriyyətindən imtina edərdi. Bir dəfə soruşdum ki, niyə belə edir? Cavab verdi ki, “hər gün ekranda görsənib tamaşaçıların gözünü mazol etmək istəmirəm”.

Ömrünün axırında isə bu qaydaya əməl etmirdi. Xüsusilə də AzTV-nin Ədəbi-Dram redaksiyasından nə vaxt zəng edirdilərsə, çəkilişə həmən razılıq verərdi. Fikirləşdim ki, yəqin yaşlaşıb. Ömrünün sağ çağlarını gələcəkdə ölü lentin yaddaşında yaşatmaq istəyir. Amma yenə də soruşdum. Dedi ki:

- Zəng edirlər ki, Mirzə İbrahimov, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Əhməd Cəmil və digərləriylə bağlı verilişlər hazırlayırıq. Sən də onlar haqqında xatirələrini danış. Etiraz etməyimi gördüm. Dedilər ki, Qabil müəllim o dövrdən iki-üç nəfər qalıb ki, biri də sizsiniz. Axı, biz kimə zəng edək?

Atamın bu sözlərini görkəmli şair, qonşumuz Zeynal Xəlilin 100 illiyinə həsr olunmuş xatirə gecəsində - Yazıçılar Birliyinin katibi İlqar Fəhminin 40 il bundan əvvəl ölən şair Zeynal Xəlil haqqında söz deyəndə - daha dərindən başa düşdüm. Əgər buna söz demək mümkünsə. Bu çıxış onun sadəcə vəzifə borcuydu ki, qabağında pilus işarəsi qoydu. Zeynal Xəlili tanıyan, sağlığında ünsiyyəti olan, ona “Zeynal əmi” deyən qonşusu Elçin Əfəndiyev, 80 yaşlı Fikrət Qoca və Anar isə yubiley mərasimində yox idilər. Yəqin yaddan çıxarıblar ki, o dövrdən artıq bu üçü qalıb. 20-ci əsrin ortalarının ədəbiyyat tarixinin canlı ədəbiyyat nümayəndələrinin yarpaq tökümü başlanıb.

Mən onda uşaq idim. Qonşumuz Zeynal Xəlili Zeynal əmi, həyat yoldaşı Zəkiyyə xanımı isə Zəkiyyə xala çağırırdım. Oğlanları Rza, Etibar və qızları məndən yaşca böyük olsalar da, nəvələri Vildan, Vüqar, Aygün mənimlə həmyaşıd idilər. Həyətdə bir yerdə oynayırdıq. Zeynal Xəlil İlyas Əfəndiyevlə qapıbir qonşu idi. Çox sakit, mülayim adam idi. İlyas Əfəndiyev, Zeynal Xəlil, Mirmehdi Seyidzadə həmişə balkonda oturub küçəni seyr edərdilər. Yox, indi başa düşürəm ki, bu seyrdə fikrə dalırmışlar. Bu aləmdən onları nəvələrin şıltaqlıqları ayırardı. Hüsü Hacıyev küçəsi 19-un qabağından keçəndə sanki indi də onları balkonda oturan görürəm.

Mən balaca olduğumdan Zeynal əmini şair kimi yaxşı tanımırdım. Yəni ki, oxumağı hələ bacarmırdım. Amma atamın dediklərindən bilirdim ki, o dövrün görkəmli şairidir. Azərbaycanın Əməkdar İncəsənət xadimidir, İndinin “Şöhrət” ordeninə bərabər – SSRİ-nin “Şərəf nişanı” ordeniylə təltif olunub, şair, dramaturq, tərcüməçidir. Amma bütün bunlara baxmayaraq Zeynal əmi mənimçün sadəcə dostlarım Vildan, Vüqar, Aygünün babaları idi. Atamın kitabxanasını da avtoqrafıyla bağışladığı kitablar bəzəyirdi.

Mənim 7 yaşım olanda Zeynal Xəlil rəhmətə getdi. Böyük izdiham vardı. Vida mərasimi ali insanlara göstərilən hörmətin təzahürü sayılan Dzerjinski adına klubda (indiki Şəhriyar mərkəzi) keçirildi. Zeynal Xəlil 2-ci Fəxri Xiyabanda dəfn edildi.

O vaxtdan bizi düz 41 il ayırır. Hüsü Hacıyev küçəsi suyu qurumuş bulağa bənzəyir. Divarlarını xatirə lövhələri bəzəyir. Bu xatirə lövhələri arasında Zeynal Xəlilin də öz guşəsi var. Amma o sənətkar xoşbəxt sayılır ki, o xalqının, insanların ürəklərində yaşasın. Bu sözü bir dostumun yanında dedim. Dedi ki, axı mən Zeynal Xəlili tanımıram. Başqa birinin yanında onun haqqında söz açdım. O da dedi tanımır. Amma televiziyalardan birinin musiqi redaksiyasının baş redaktoru mənə “Zeynal Xəlili tanımıram” deməsinə dözmədim. İki misra oxudum.

Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.

Üzü güldü. “Bunu Zeynal Xəlil yazıb? Bilirəm bu mahnını Mirzə Babayev oxuyurdu. İndi də gənclər oxuyur” Dedim ki, “Hə. Bunu Zeynal Xəlil yazıb, mənim Zeynal əmim”. İki misra da oxudum:

Fikrimdə aylı, ulduzlu,
Asiman var, bu gecə!
Könlümdə körpə quzu tək
Bir umman var, bu gecə!

Yenə gülümsündü. “Bunu da Zeynal Xəlil yazıb? Hüseynağa Hadıyev oxuyurdu bunu. Mahnısı da gözəldi, sözləri də”. Başqa iki misra da oxudum:

Mən səni gördüm
ay işığında
Könlümü verdim
ay işığında.

“Gözəl mahnılardır”,- dedi. – “Qızıl fond”umuzdadır. Nərminə Məmmədova, Şövkət Ələkbərovanın unudulmaz ifaları”. Dostumdan bir də soruşdum:

- Bəs deyirdin ki, Zeynal Xəlili tanımıram?   

Başını aşağı saldı. Bu mahnıları oxuyanların hamısını tanıdı. Adbaad dedi. Amma Zeynal Xəlilin bu gözəl şeirlərinə mahnı bəstələyən Qənbər Hüseynlini, Emin Sabitoğlunu, SSRİ xalq artisti Soltan Hacıbəyovu yadına sala bilmədi. Sanki “Hər aşığın beş günlük dövranı var” el misalı öz yerini dəyişib. Oxuyanlar yaşayır, mahnını yaradanların adı isə yaddan çıxır. Amma yaxşı ki, adları yaddan çıxsa da, yaratdıqları ürəklərdədir. Bir qonşu, şair oğlu kimi bu yazını yazdım ki, həmişə ürəyinizdə gəzdirdiyiniz, yaşatdığınız insanın adını bundan sonra heç unutmayasınız. Qonşum, şair Zeynal Xəlili. Onu da yaddan çıxarmayasınız ki, Azərbaycan ədəbiyyatı tarixində çox şair olub, onlar çoxlu-çoxlu şeir yazıblar. Amma Zeynal Xəlil kimi poeziya nümunələri yadigar qoyub gedənlər barmaqla sayılır.



Zeynal Xəlil

BU GECƏ  
                            Füzulini anarkən

Fikrimdə aylı, ulduzlu,
                     Asiman var, bu gecə!
Könlümdə körpə quzu tək
                    Bir umman var, bu gecə!

Həmdəmim - sıldırım dağlar,
                    Buludlardır, bu gecə!
Qonağım qırmızı güllər,
                    Göy otlardır bu gecə!

Şimşəyə çaxma desəm mən,
                     İnan çaxmaz, bu gecə!
Araza axma desəm mən,
                    Bil ki, axmaz, bu gecə!

Bircə sən yoxsan, əzizim,
                   Bilir aləm, bu gecə!
De, neçin olmadın, ey yar,
                   Mənə həmdəm, bu gecə!

1964



KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ

Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar,
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün köçər öz karvanı
Bu dünyadan, bu dünyadan...

1942



AY İŞIĞINDA

Mən səni gördüm
              ay işığında
Könlümü verdim
              ay işığında

Tez gəldi hicran,
Ayrıldıq haman,
              ay işığında.
Qov bu möhnəti,
Dağıt zülməti
              ay işığında.
                      Bil ki, axmaz bu gecə!
Yenə gəl bizə,
Duraq üz-üzə,
               ay işığında.

1955

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı