Modern.az

Maestro Rauf Abdullayev “Koroğlu” musiqisi ilə Türk dünyasını heyran qoyub

Maestro Rauf Abdullayev “Koroğlu” musiqisi ilə Türk dünyasını heyran qoyub

Mədəni̇yyət

4 Avqust 2010, 12:15



Türkiyənin İstanbul şəhərində iyulun 2-dən 23-dək keçirilən 1-ci Beynəlxalq Opera Festivalında dahi bəstəkarımız Ü.Hacıbəyovun “Koroğlu” operası təqdim olunub. İstanbulun 2010-cu ilin Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində keçirilən festivalda “Koroğlu” operası dünya şöhrətli dirijorumuz Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan simfonik orkestrinin ifasında səsləndirilib. İstanbulda səhnələşdirilən möhtəşəm əsərdə ilk dəfə 250-dən çox türkdilli sənətçi- Türk, Azərbaycanlı, Qırğız, Qazax, Başkır və Tatar ifaçı yer alıb. Tamaşaya professor Əflatun Nemətzadə quruluş verib.

 

Türkdilli xalqların “TÜRKSOY” təşkilatının Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətçiləri ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədilə hələ 2009-cu ildən müvafiq işlərə başlamışdı. İstanbuldan öncə Ankara, Bakı, Bişkek və Almatıda səhnələşdirilən  opera bu paytaxt şəhərlərində də maestro R. Abdullayevin dirijorluq etdiyi orkestrin ifasında təqdim olunmuşdu.

İyulun 23-də Haliç-Konqres Mərkəzi salonuna toplaşan minlərlə dəvətli ilk dəfə Türkiyə türkcəsində səhnələşdirilən “Koroğlu” operasının türkdilli ifaçılarını ayaqüstə alqışlayıb. Azərbaycan Respublikasının Xalq Artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə səsləndirilən ölməz əsər festival iştirakçılarına unudulmaz bir gecə yaşadıb. Əsərin spesifik çalarlarını daha canlı əks etdirmək üçün  orkestrdə tar, kamança, zurna, balaban kimi milli musiqi alətləri də yer alıb.

Qonaqlar arasında Türkiyə mədəniyyət və turizm naziri Ertuğrul Günay ilə yanaşı, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də olub.

“Koroğlu” operasının yeni quruluşda təqdimatı İstanbulun 2010 Avropa Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində keçirilən I Beynəlxalq İstanbul Opera Festivalının bağlanmasına həsr olunub. 


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı