Modern.az

“İnsanların belə vəziyyətində cah-calal nümayiş etdirənlər düz eləmirlər”

“İnsanların belə vəziyyətində cah-calal nümayiş etdirənlər düz eləmirlər”

Parlament

6 Avqust 2010, 17:29


Modern.az
saytı və Parlament Jurnalistləri Birliyinin (PJB) başladığı layihə çərçivəsində parlament jurnalistlərinin Milli Məclisin komitə sədrləri ilə görüşləri davam edir. Jurnalistlər növbəti görüşü bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə keçiriblər. 
Açıq diskussiya şəraitində keçən bu görüşdə də üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibəti öyrənilib, deputatdan komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat alınıb, digər məsələlərdən söhbət açılıb.

Söhbət zamanı A.Rəhimzadə deyib ki, o, istirahətini yarımçıq qoyub parlament jurnalistləri ilə görüşə gəlib.

Komitə sədri son illər ölkə iqtisadiyyatının inkişafında dinamikanın müşahidə olunduğunu bildirsə də, hələlik əhalinin bütün qruplarının yaxşı yaşamadığını etiraf edib. Cəmiyyətdəki səliqəsizlikdən şikayətlənən millət vəkilinin sözlərinə görə, insanlar öz qonşularının, ətrafda yaşayanları hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydalara riayət etməlidirlər.

Arif Rəhimzadənin fikrincə,  parlament seçkiləri ilində cəmiyyətdə süstlüyün hökm sürməsi barədə deyilənlər yanlışdır. Onun sözlərinə görə, seçkilərdə YAP üzvləri ilə bağlı partiyanın bir korrektəsi olacaq.
“Hər istəyən adam seçkiyə getməyə də bilər. Burda ilk növbədə ümumi maraqlar nəzərə alınır. Mən bir rayondan seçilmək istəyirəm, ancaq orda şansım yoxdur. Əlbəttə, o zaman məsləhət bilinəcək ki, başqa bir namizəd olsun, ya ümumiyyətlə, iştirak etməsin. Odur ki, belə məsələlər var. Ancaq demək ki, seçkilər kabinetdə həll olunur, belə şey yoxdur. Əlbəttə, YAP, elə başa düşürəm digər partiyalar da maraqlanırlar ki, hər hansı bir iddiaçının şansı var, ya yoxdur. Ondan sonra yəqin ki, qərar veriləcək. Gərək elə namizəd olsun ki, seçkiyə gedəndə o yeri tuta bilsin. Odur ki, müəyyən deputatlarda ola bilsin siz demişkən tərəddüd var. Ancaq bütövlükdə hərə öz işini bilir”.

YAP-çı deputat namizədliklərini partiya rəhbərliyi ilə razılaşdırmayan YAP-çıların cəzalandırılacağı barədə xəbərdarlıqları normal sayıb: “Birincisi, partiyada bir nizam-intizam olmalıdır. Məşhur deyim var, partiya zəhmətkeşlərin təşkil olunmuş bir qrupudur. Mən elə başa düşürəm indi də bu tərifə istinad etmək olar. Burda əlbəttə hərə öz dediyini irəli sürməməlidir, bu, tamamilə təbii bir şeydir. Əks təqdirdə o, partiya yox, anarxiya olardı. Əlbəttə partiya üzvü müstəqil şəkildə namizədliyini verə bilər. Orda elə bir cəzalandırma söhbəti-zadı yoxdur. Sadəcə ona partiyadan dəstək olmayacaq”.

A.Rəhimzadə YAP-ın rəqiblərinin zəif olduğunu söyləyib.

O, müxalifətin Bakıda etiraz aksiyaları keçirmək cəhdlərinə də toxunub: “Vaxtilə Bakıda hərc-mərclik idi, heç bir dövlətçilik prinsipləri, qanun-qayda yox idi, kim nə istəyirdi, onu da edirdi. O vaxt hələ YAP yox idi, onun tərəfdarları var idi.
Onda parlamentin qarşısına tək YAP tərəfdarları çıxmırdı. Hacı Əbdül adında biri var idi. Böyründə piston, bir-iki dənə də Bakı lotuları yanında. Burda adamlar qoltuğunda avtomatla gəzirdirlər. Qadınlar bura gəlirdilər, pəncərələrə döyürdülər, söyürdülər, az qalırdılar dırnaqlarını adamın gözünə soxsunlar.
İndi deyirsiniz iqtidar da bu yolla getsin. İqtidar deyir qanun-qayda belədir qardaş, ona hamı riayət etməlidir. Mən hesab etmirəm ki, müxalifətin aksiyalarının qarşısı alınır. İndi demirlər ki, siz mitinq keçirməyin. Deyirlər mitinqi mənim ayırdığım yerdə keçirin”.

Komitə sədri şəxsi məsləllərlə bağlı suallara da cavab verib. Deyib ki, hələ də onun şəxsi avtomobili yoxdur, ailəsi ilə birgə “8-ci km qəsəbəsi”ndə adi evdə yaşayır, övladları da hökumət işində işləmirlər.

A.Rəhimzadə deyib ki, o, hamının yaxşı yaşamasını arzulayır: “Ancaq təqaüdçü 80 manat alırsa, hər kəsin yüksək yaşadığını düşünmək olmaz. İnsanların belə vəziyyətində kimsə cah-calal nümayiş etdirirsə, bu da doğru deyil”.

A.Rəhimzadə Milli Məclis Sədrinin I müavini vəzifəsindən getməyindən, parlamentin hazırkı rəhbərliyindən, Bakı şəhərinə mer seçkilərinin keçirilməsi məsələsindən, bələdiyyələrin fəaliyyətindən, “Qarabağ” - “Visla” matçından da danışıb.

Komitə sədri son vaxtlar rayonların adının dəyişdirilməsinə də toxunub. “Bu məsələlərə yerli əhalinin müraciətindən sonra baxılır. Hansı ərazi ilə bağlı müraciət olsa, biz məsələyə baxmağa hazırıq” – deyə o, bildirib.

A.Rəhimzadənin fikrincə, əhalinin soyadlarının dəyişdirilməsi məsələsində inzibatçılığın tərəfdarı deyil.

Qeyd edək ki, jurnalistlərin A.Rəhimzadə ilə söhbətinin tam stenoqramı sabah Modern.az saytına yerləşdiriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır