Modern.az

Parlament jurnalistləri deputat Asim Mollazadəni necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Asim Mollazadəni necə xarakterizə edirlər?

Parlament

9 Avqust 2010, 17:03

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Asim Mollazadə barədə fikirlərini bildiriblər.

Asim Mollazadə 22 saylı Nəsimi ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib. Tibb elmləri doktorudur. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olub. 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin Analitik-informasiya xidmətinin rəhbəri, 1993-cü ildə AzərbaycanRespublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

.Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Səliqəli millət vəkilidir, işinə peşəkar yanaşır. Adətən beynəlxalq məsələlərlə bağlı mövzularda çıxış edir. Son zamanlar təhsillə əlaqəli çıxışları ilə diqqət çəkir. Seçicilərlə münasibətini bilmirəm. Jurnalistlərlə yaxşı münasibət saxlayır”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Parlamentdə ancaq beynəlxalq məsələrlə bağlı danışır. Qanunvericilik məsələinə gəldikdə, “Təhsil haqqında” qanunun müzakirəsində fəal iştirak edib. Ümumiyyətlə, təhsillə bağlı məsələlərdə yaxından iştirak edir. Beynəlxalq mövzularda özəl fikirləri mövcuddur. Həmin sahədən baş çıxara bilir. Partiya sədri kimi elə də fəallığı görünmür. Jurnalistlərə açıq deputatdır. Seçiciləri ilə münasibətini dəqiq bilmirəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Milli Məclisin stajlı deputatlarındandır. Əvvəlki fəaliyyətinə baxanda. indi elə də fəal çıxışları olmur. Amma aktual mövzularda firini bildirir. Beynəlxalq, siyasi, ictimai mövzularda öz fikirirlərini ifadə edir. Jurnalistlərlə münasibəti yaxşıdır. Seçiciləri ilə münasibətindən məlumatım yoxdur”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Keçmiş müxalifətçi olan Asim Mollazadə bir neçə gün əvvəl mənə müsahibəsində seçkilərdə iştirak edəcəyini və rəqabətə hazır olduğunu bildirmişdi. O, bunu seçiciləri ilə olan görüşlərindən gəldiyi nəticəyə əsasən bildirib. Asim Mollazadə öz seçicilərinə inandığını deyib. Mənim isə onun seçiciləri ilə münasibətindən məlumatım olmadığından, bu haqda fikrim yoxdur. Parlamentdə çox az-az çıxış edir. Əvvəlki illərə baxanda, onda daha fəal idi. Arzu edərdim ki, imkan daxilində cəmiyyəti narahat edən problemlərdən də danışsın. Jurnalistlərlə münasibəti normaldır”.

“Xəbərlər Azərbaycan” İA-nın əməkdaşı Mürtəza Bünyadov: “Səviyyəli deputatlardan biridir. Azərbaycan təhsilinin beynəlxalq səviyyəyə çatdırılmasında çox işlər görüb. Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsində, tanınmasında işlər görüb. Ölkə daxilində öz mövqeyini ortaya qoyub. Jurnalistlərlə çox yaxşı münasibət saxlayır. Seçicilərilə fəal münasibətləri var. Özünün qeyd etdiyinə görə, o, tez-tez öz seçiciləri ilə görüşüb onların problemi ilə maraqlanır. Asim Mollazadə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişələrində həmişə sanballı mövqedən çıxış edib”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Parlamentdə elə fəallığın görmürəm. Avropa Şurasındakı çıxışlarını bəyənirəm. Amma seçiciləri ilə münasibətini deyə bilmərəm, heç nəyin şahidi olmamışam. Asim Mollazadə siyasətdə gəncləşdirmə siyasətinə üstünlük verir. Bunu xüsusi bəyənirəm, gənclərə yer verir, dəstək verir. Bu təşəbbüsünü də dəstəkləyirəm. Jurnalistlərlə münasibəti çox yaxşıdır, jurnalistlərə hörmət edən deputatdır”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “ Mənim aləmimdə Azərbaycan dilinə hörmət etməyən deputatlardan biri də Asim Mollazadədir. Ana dilimiz olan Azərbaycan dilinə hörmət etmir, çünki neçə illərdir mən görürəm əksər tədbirlərdə özgə dildə danışır, Azərbaycanca salamlaşmır. Onlar bunu başqa cür yoza bilərlər, amma bu gün Azərbaycanda mətbuatımızın qarşısında gürcü gürcü dilində, inglis inglis dilində danışırsa, deputatlarımız, xüsusilə də Asim Mollazadə ana dilində danışmalıdır. Deputat kimi Asim Mollazadənin seçicilərilədə fəallığı hiss olunmur. Qanunvericilik təşəbbüsündə də elə bir fəallığı yoxdur. Əvvəlki illər daha fəal idi,  ancaq son dövrlər onun siyasi fəaliyyətində elə bir fəallıq yoxdur. Jurnalistlərə münasibətdə açıqdır”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Asim Mollazadə aktiv siyasətçidir. Onu beynəlxalq məsələlər üzrə ekspert kimi tanıyıram. Beynəlxalq konfranslarda, tədbirlərdə fəal iştirak edir, amma onun bu fəallığı deputat kimi gözə çarpmır. Jurnalistlərlə və seçicilərlə münasibəti haqda heçnə deyə bilmərəm, xəbərim yoxdu.”

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Asim Mollazadəni Milli Məclisdə nə aktiv, nə də passiv deputatlar sırasına aid eləmək olar. Asim Mollazadə beynəlxalq məsələlərdən, diaspor məsələlərindən danışması ilə yadda qalıb. Mövqeyində düzdür. Mənim nəzərimdə müsbət deputatlardandır. Jurnalistlərlə münasibəti yaxşıdır. Seçiciləri ilə işləyir, onlara laqeyd deyil”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Asim Mollazadə kifayət qədər təcrübəli, nüfuzlu, çəkili, proseslərə təsiri olan millət vəkillərindən, siyasətçilərdəndir. Onu aktiv, işguzar millət vəkillərindən biri saymaq olar. Düzdür, bu dəfəki çağırış parlamentdə o, əvvəlki çağırış - yəni ikinci çağırış parlamentdəki kimi bir o qədər də fəal deyil, ancaq bununla belə o istər cari məsələlərdə, istərsə də qanun layihələrinin müzakirələrində aktiv iştirak edir. Asim Mollazadə daha çox təhsillə bağlı çıxış edir. O, daim çıxışlarında təhsillə bağlı problemləri dilə gətirir və onların həlli yolunu göstərir. O, dövlətin gələcəyinin təhsildən asılı olduğunu yaxşı bilir. Asim bəy mətbuata da kifayət qədər açıq deputatdır. Onun bu günə qədər heç bir jurnalistlə problem yaşamasına rast gəlməmişəm. O, mətbuata kifayyət qədər hörmət göstərir”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Asim Mollazadəyə diqqətlə baxanda mənə elə gəlir ki, o, hamıya yuxarıdan aşağıya baxır. Yəni mən onda bir səmimiyyət görmədim. Onun nə deputatlarla, nə də mətbuatla görüşməsinin, deyib-gülməsinin şahidi olmamışam. Bəlkə bu ciddiyətdən irəli gəlir, çox ciddi adam olduğunu deyə bilmərəm, amma mətbuata qarşı açıq olmayıb. Bəlkə təbiəti belədi. Laqeyd insandı. Milli Məclisdəki fəaliyyətinə gəlincə isə, zaman-zaman hansısa bir əhəmiyyətli məsələlərə öz fikrini bildirib, müəyyən çıxışları olub. Ancaq hansısa fövqalədə təklifləri olmayıb. Deyim ki, seçicilərinə də laqeyiddir. Seçicilərinin çoxu heç onu tanımır, yəni üzünü belə görməyib. Mən bunu bir reportaj zamanı görmüşəm. Yalnız partiyasında seçiciləri ilə görüş keçirdiyini görmüşəm”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Asim Mollazadəni ziddiyyətli dünyagörüşə və müəmmalı siyasi keçmişə malik bir şəxs kimi qiymətləndirərdim. Doğrudur, o, jurnalistlərlə təmasa son dərəcə açıqdır, davranışlarında hədsiz təşəbbüskarlıq və səmimiyyət çalarları onun ətrafında müsbət imic formalaşdıra bilib. Ancaq açığı onun siyasi kimliyi və parlamentdə əyləşmək zərurəti mənimçün sonadək aydın deyil. Bu heç də o demək deyil ki, o, millət vəkili statusunu daşımağa layiq deyil, sadəcə, nəyə görə mandatla mükafatlandırıldığı barədə suallara cavab axtararkən, bəzən adam cavab tapmaqda çətinlik çəkir”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Asim Mollazadə bu parlament dövründə hanısa bir çıxışı, işi ilə yadda qalmadı. Şəxsən mən bunu görmədim. Ancaq bütün zamanlarda jurnalistlərlə normal münasibətdə olub. Onu da qeyd edim ki, bir partiya sədri kimi də Asim Mollazadənin aktivliyini müşahidə etmədik”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Asim Mollazadə Milli Məclisin passiv deputatlarından heç nə ilə fərqlənmir. Bu 5 ildə o nə deputat kimi, nə də partiya sədri kimi Azərbaycanın ictimai-siyasi həyatında fəallıq göstərə bildi. Hansı ki, ötən çağırış parlament dövründə Asim Mollazadə hər zaman gündəmdə idi. Onun seçicilərinin hüquqlarını müdafiə edə bilib-bilməməsindən də xəbərim yoxdur. Jurnalistlərə açıq deputatdır. Amma Milli Məclisin iclaslarındakı passiv fəaliyyətinə görə, jurnalistlər ondan müsahibə götürməkdə, açıqlama almaqda maraqlı görünmürlər”. 

"Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimli: "Asim Molazadə son beş illik fəaliyyətində tamamilə fərqli insan oldu mənim üçün. Təəssüf ki, o, millət vəkili kiimi insan hüquqları və demokratiya məsələrində passivlik göstərdi".

Vüqar Ağamalıoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır