Modern.az

Hansı qəzet dizayn və tərtibatını dəyişməyə hazırlaşır? (redaktorlarla sorğu)

Hansı qəzet dizayn və tərtibatını dəyişməyə hazırlaşır? (redaktorlarla sorğu)

13 Avqust 2010, 17:25

Bu yaxınlarda Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Azərbaycandakı çap mətbuatı ilə tanışlıqdan sonra qəzetlərimizin dizayn, başlıq, sərlövhə, rəng  probleminin olduğunu demişdi. “Dizayn elə olmalıdır ki, oxucunu cəlb etsin. Bunu jurnalist təşkilatlarının rəhbərləri ilə də müzakirə etdik. Bu mövzuda Prezident Administrasiyasında Əli Həsənovla da fikir mübadiləsi apardıq. Belə danışdıq ki, Türkiyədən dizayn sahəsində mütəxəssisləri Bakıya gətirib burada qəzetlərin dizaynerlərinə kurs keçilsin. Bizim mütəxəssislərimiz gəlib burada dizaynın necə olması barədə bilgi verəcəklər. Azərbaycanda qəzetlərin çap keyfiyyəti ürəkaçan deyil. Ona görə də mətbəələrə sərmayə qoymaq lazımdır”.

Atilla Sertelin dediklərindən çıxış edərək bəzi qəzet redaktorlarını sorğuya çəkdik. Soruşduq ki, qəzetlərimizin yaxın müddət üçün dizayn və tərtibat, rəng və digər məsələlərlə bağlı dəyişiklik etmək planları varmı.

“Şərq” baş redaktoru Akif Aşırlı: “Bunun üçün azad rəqabət mühiti olmalıdır. Bizdə qəzet satışı işi ilə məşğul olan iki əsas firma var. Bunun biri “Qasid”, o biri “Azərmətbuatyayım”dır. Bunlar da qəzet satmaqdan daha çox, xırda bizneslə məşğuldur. Azərbaycanda qəzet satışı və reklam bazarı ilə bağlı vəziyyət Türkiyəyə nisbətən geridədir. Çap mətbuatına reklam vermək istəmirlər. Türkiyə qəzetlərində isə bu durum fərqlidir. Onlarda azad satış və reklam bazarı var. Bizim qəzetlərin tərtibatının yaxşılaşdırılmasına gücümüz çatmır. Baxın Azərbaycanda rəngli çıxan bir neçə qəzet var ki, onlar da dövlət qəzetləridir. Digər qəzetlər ayaq üstə güclə durur”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev: “Kiminsə İrandan, Turandan gəlib bunu deməsinə görə deyil, ümumiyyətlə, tərtibat yaxşılaşdırmalıdır. Doğrudan da buna böyük ehtiyac var. Amma öncə maliyyə dəstəyi olmalıdır. Bu gün heç Azərbaycanda kitab oxuyan yoxdu. Qəzeti kim oxuyacaq? Öncəliklə insanlarda qəzetlərə maraq olmalıdır, beləcə müəyyən gəlir əldə edən qəzetlər öz keyfiyyətini artırmaq qərarına gələcək. Bu gün bu imkan heç böyük qəzetlərdə yoxdu. Bizim bu yaxın müddətdə qəzetimizin tərtibatını dəyişmək fikrimiz yoxdu. Buna maddi problemlər imkan vermir”.

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: “Biz hesab edirik ki, Azərbaycanda rəngli tərtibata keçmək qəzetlər arasında hiss olunmur. Adətən yubley nömrələrində və ya xüsusi buraxılışlarda bu nəzərə çarpır. Buna həm maddi durum kifayət etmir, həm də bizdə mətbəə və poliqrafiya problemləri mövcuddur. Hələ mətbəələr rəngli işlə işləmək bacarığında deyil. Yəqin ki, bu gələcəyin işidir. İndi qəzetlər çox çətin şəraitdə çıxır. Bəlkə gələcəkdə imkan olar ki, qəzetlər çox səhifəli, rəngli və gündə bir neçə dəfə çıxsın. Bizim yaxın gələcəkdə hər hansı dəyişiklik etmək niyətimiz yoxdur”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Bu gün Azərbaycanda çıxan qəzetlərin dizaynı bir-birini təkrarlıyır. Dizayında yaradıcılıq imkanları da məhduddur. Əlbəttə, qəzetlər rəngli çıxmalıdır. Qəzetin rəngli çıxması çox baha başa gəlir. Belə mətbəələr “Azərbaycan” və digər bir neçə özəl nəşriyyatda olsa da, çox bahadır. Biz əvvələr belə bir fikir ortaya qoymuşduq ki, rəngli çıxaq, ancaq sonra bizə dedilər ki, bu çox vəsait tələb edir. Elə maddi vəziyyətə görə biz rəngli çıxa bilmirik. Qəzetlərin rəngli çıxması üçün güzəştlər olsa, biz məmnuniyyətlə rəngli tərtibata keçərik. Bizim oxucu da tərtibatın birdən –birə dəyişmçəsinə hazır deyil. Bunu da tədricən həyata keçirmək lazımdır. Yəqin ki, imkan olarsa biz də bu tərtibatda dəyişiklik edəcəyik”.

“Zaman” qəzetinin redaktoru Ürfan Məmmədli: “Bizim qəzet son beş ildə Nyu-Yorkda hər il dizayn üzrə mükafat alıb. Bizim qəzetin tərtibatı qənaətbəxşdır. Qəzetimiz hər il öz tərtibatında xırda dəyişikliklər edir. Biz dizaynımızı Türkiyənin “Zaman” qəzetindən götürürük və Azərbaycana uyğun dəyişikliklər edirik. Cənab Sertelin dediklərinin bizim qəzetə dəxli yoxdur”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Bizim rəngli formata keçmək fikrimiz yoxdu. Tərtibat isə dəyişə bilər. Ümumiyyətlə, tərtibat hər gün dəyişə bilər. Yenə deyirəm, bizim rəngli formata keçmək fikrimiz yoxdu, bu da “Azdlıq”ın dəsti-xəttidir. Bilirsiniz ki, dünyada bir çox qəzetlər var ki, onlar həmişə bir rəngdə çıxır. Elə redaksiyanın daxilində də belə söhbət var ki, qəzetimiz yaranandan bir rəngdə çıxıb və bu ənənəni qoruyub saxlayacağıq”.

“525-ci qəzet”in redaktor müavini Aydın Bağırov: “Hələ ki bizim rəngli tərtibata keçməklə bağlı elə bir fikrimiz yoxdur. İstər maddi cəhətdən, istərsə də belə rəngli çap mətbəsinin azlığı əsas problemdir”.

“Mərkəz” qəzetinin baş redaktorun müavini Nicat Sadıxlı: “Artıq iki ilə yaxındır ki, bizim qəzet öz tərtibatın dəyişib. Tam fərqlənir. Biz hal-hazırda dünyada tətbiq olunan dizayınlardan birini seçmişik. Elə bir neşə nömrə bundan əvvəl də bəzi dəyişikliklər etmişik, hamısı göz qabağındadır. Amma ümumilikdə rəngli formata keçmək bahalı bir işdir. Hələlik bizim rəngli tərtibata keçmək fikrimiz yoxdur. Ona görə ki, bu bahadır”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu: “Qəzetimizin yaxın gələcəkdə tərtibatla bağlı dəyişiklik etmək niyyəti yoxdur. Bizim qəzet dizayn baxımından türkiyəli qonaq tərəfindən bəyənilən yeganə qəzet olub”.

Vüqar Ağamalıoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...