Modern.az

Parlament jurnalistləri deputat Sabir Rüstəmxanlını necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Sabir Rüstəmxanlını necə xarakterizə edirlər?

17 Avqust 2010, 10:11

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Sabir Rüstəmxanlı barədə fikirlərini bildiriblər.

Sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilib. Filologiya elmləri doktorudur. Azərbaycanın «Şöhrət» ordenli xalq şairidir. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.  Vaxtilə «Azərbaycan» qəzetinin baş redaktoru, Dövlət Mətbuat Komitəsinin sədri, mətbuat və informasiya naziri olub. Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Artıq 20 ildir deputatdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Millət vəkili Sabir Rüstəmxanlı həqiqətən parlamentdə millətçi deputat kimi fəaliyyət göstərib və özünə rəğbət qazanıb. Daim çıxışlarında xalq adından danışan xalq şairi seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsində də seçicilərinin problemləri ilə həmişə maraqlanıb. Onu Milli Məclisin aktiv deputatlarından saymaq olar. Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi də fəaliyyətini bəyənirəm. İnanıram ki, xalqın dəstəyi ilə Milli Məclisə deputat seçilən Sabir Rüstəmxanlı qarşıdakı seçkilərdə də namizədliyini irəli sürərsə, öz yerini təmin etmiş olacaq”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Sabir Rüstəmxanlı neçə illərdir ki, hərəkat dövründən yığdığı nüfuzdan xərcləyir. Bu çağırış elə də aktiv olmadı. Hətta bəzən jurnalistləri də özündən narazı saldı. Bildiyim qədər seçiciləri də ondan əvvəlki parlamentlər dövründə olduğu kimi razı deyillər”. 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Sabir Rüstəmxanlını qələm əhli kimi, yazıçı kimi yaxşı qiymətləndirirəm. Onun Qarabağ məsələsinin müzakirələrə çıxarılmasında fəal iştirak etməsindən, bu problemlə yaxından ilgilənməsindən, Qarabağa dair çox böyük çıxışlarından xəbərdaram. Sabir bəyin ziyalı çıxışlarını bəyənirəm. Hətta o, bu fəaliyyətlərinə görə ermənlər tərəfindən axtarışda olan bir neçə ziyalımızdan biridir. Sabir Rüstəmxanlı fəal çıxışlarına görə, milli dəyərləri təbliğ etdiklərinə görə, yəni vətənpərvərlik ruhunu aşıladıqlarına görə seçilən ziyallılardandır. Millət vəkili kimi bizim fəaldır. Seçicilərlə necə işləməyindən o qədər də məlumatlı deyiləm. Şikayətlər də eşitməmişəm. Parlamentdə çıxışları, təklifləri olur. Seçicilərin ən xırda problemlərini parlament səviyyəsində qaldırır. Qısası işləyir. Jurnalistlərlə mehribandır”.

Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Tanınmış ziyalılardandır. Mən ona milli məsələlərdə göstərdiyi mövqeyə görə, həmişə həsəd aparmışam. Milli məsələlərlə bağlı həmişə qətiyyətli mövqedən çıxış edir. Ayrı-ayrı qanunların qəbul olunmasıda aktivlik görmürəm. Diqqət yetirmişəm, həmişə ümumi fikirlərə üstünlük verir. Mən istərdim qarşıdakı seçkilərdə seçilərsə, bu məsələlərə diqqət yetirsin. Seçicilərin problemini hansı formada həll etdiyinə dair məlumatım yoxdur. Jurnalistlərə açıqdır. Hesab edirəm ki, növbəti seçkidən sonra parlamentdə qalacaq”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Parlamentdə milli məsələlərdə fəallıq göstərir. Azərbaycan dilinin qorunması uğurunda mübarizə aparır. Dünya azərbaycanlıların birləşməsində, həmrəyliyində fəal çalışır. Seçicilərinin problemi ilə maraqlanır. Jurnalistlərə açıq deputatdır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Axır ki, Sabir Rüstəmxanlıya da çatdıq. Uzun müddətdir parlamentdə çalışanlardandır. Ona da stajlı deputat demək olar. Mən ümumilikdə Sabir Rüstəmxanlını fəal deputat hesab edirəm. Parlamentdə tez-tez çıxış etməsə də, aktual mövzularla bağlı fikirlərini bildirir. Bəzi aktual problemləri qaldırır. Özü də mətbuata açıq deputatdır. O ki qaldı seçiciləri ilə münasibətinə, o haqda heç bir şey bilmədiyimdən, bir söz deyə bilmərəm”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Sabir Rüstəmxanlı Azərbaycan və Türk dünyasının tanınmış, dəyərli yazıçılarından biridir. Kitablarının oxucusu kimi, onun qızıl kimi vaxtının parlementdə itirməsini heç istəməzdim. Sabir bəy həmişə milli məsələlərlə bağlı öz fikrini ortaya qoyan şəxsdir. Seçiciləri ilə münasibətindən xəbərim yoxdur, elə buna görə də bu haqda heç nə deyə bilməyəcəm. Jurnalistlərə açıqdır. Dünya Azərbaycanlıları Konqresinin sədri kimi o, tez-tez xaricdə olur. Hətta imkan olduqca, xaricdəki azərbaycanlılar varədə telefonla bizə məlumatlar verir”.

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Parlamentdə ən stajlı deputatlardan biridir. Sabir Rüstəmxanlı rəsmi olaraq müxalifət partiyasının sədridir. Amma əfsuslar olsun ki, müxalifəti dəstəkləmir. YAP-ın ən fəal üzvilərini dəstəkləyir. Eyni zamanda fəal deputatdır. Həm də Dünya Azərbaycanlılar Konqresinin sədridir. Tez-tez xaricdə olur. Tez-tez tədbirlər keçirir. Seçiciləri ilə münasibəti haqda heç bir məlumatım yoxdur. Jurnalistlərə açıqdır”.

 “Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Milli Məclisin aktiv deputalarından biridir. Hər iclasda olmasa da, parlamentdə tez-tez çıxış edir. Seçiciləri ilə bağlı məsələləri qaldırır. Jurnalistlərə açıqdır. İstənilən jurtnalistlə söhbət etməyə hər zaman hazır insandır. Mən çox vaxt onun jurnalistlərlə əl verib görüşdüyünün şahidi olmuşam. Seçiciləri ilə maraqlanır”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Sabir Rüstəmxanlı Azərbaycan jurnalistlərinin və hər birimizin ağsaqqalı, müəllimidr. O çağdaş Azərbaycan jurnalistikasının inkişafında müstəsna xidmətləri olan insanlardandır. O Azərbaycan mətbuatının ilk qaranquşlarından olan “Azərbaycan” qəzetinin baş redaktoru olub. “Azərbaycan” mətbuatın milli azadlığa qovuşmasında böyük xidmətləri olmuş qəzetdir. O qəzetdən elə jurnalistlər çıxıb ki, indi hamısı nüfuzlu media orqanlarında işləyirlər.
Sabir bəyin aktivliyini siyasi və parlament həyatına da aid etmək olar. O müasir Azərbaycan siyasətçilərinin ilk simalarından biridir. Milli azadlıq hərəkatının liderlərindən biri olub. Sabir Rüstəmxanlı 1990-cı ildən fəaliyyət göstərən  Müstəqil Azərbaycan Demokrit Blokunun  ilk üzvülərindən biri olub. O 1990-cı ildən bu yana parlamentdə təmsil olunur. Hər zaman Azərbaycan xalqı, dövlətinin mövqeyindən çıxış edir. Millət vəkili kimi aktivdir işgüzardır. Bir sıra maraqlı qanun layihələrinin qəbul olunması ilə bağlı çıxış edir. Sabir Rüstəmxanlı Azərbaycan parlamentinə və xalqına çox lazımdır. Hesab edirəm ki, o bu dəfə də parlamentə seçiləcək”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Sabir Rüstəmxanlı çox qeyrətli oğlandır. Milli-azadlıq hərəkatında çox böyük fəaliyyəti var. İçtimai sahədə böyük yaradıcılığı var. Bu sahədə şöhrət qazanmışdır. Onun bütün fəaliyyətin müsbət qiymətləndirərdim. Milli Məclisin iclaslarında aktiv iştirak edən bir insandır. Maraqlı çıxışları olur. Vətəndaşların problemlərin çox tez-tez qaldırır. Jurnalistlərlə münasibəti yaxşıdır. Hər bir normal jurnalist Sabir müəllimə yaxınlaşıb məlumat ala bilər. Amma seçicilərilə necə işlədiyini bilmirəm. Ümumiyyətlə həm deputat kimi həm də siyasi xadim kimi fəaliyyəti aktivdir”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Milli Məclisdəki bir sıra yaradıcı insanlardan fərqli olaraq Sabir Rüstəmxanlı çox aktiv deputatdır. Fəaliyyətini yalnız ədəbiyyat sahəsi ilə məhdudlaşdırmır, bir çox məsələlərə aid çıxış edir. Hətta bir neçə qanun layihəsinin də müəllifidir. Elə deputatlardandır ki, jurnalistləri darda qoymur. Hansısa dəvəti qəbul etmək istəməyəndə, açıqca söyləyir, daha başqaları kimi “bu gün, sabah” vədini verib, axırda da “işim çıxdı” deməklə bizi pis vəziyyətə salmır.

Seçiciləri ilə işi haqqında dəqiq söz deyə bilmərəm. Amma parlament tribunasından çox vaxt seçicilərinin problemlərini də səsləndirir. Bu baxımdan onlar üçün hansısa işlər gördüyünü ehtimal etmək olar”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Sabir bəy millətimizin illərlə tamarzı qaldığı müstəqilliyinə qovuşmasında müstəsna xidmətləri olan, milli-azadlıq hərəkatının generatorlarından biri kimi hələ sağlığında ikən adını qızıl hərflərlə çağdaş Azərbaycanımızın ən yeni tarixinə həkk etdirməyə macal tapmış tək-tük bəxtəvərlərdəndir. Onun ümummilli mənafeyimiz naminə fəaliyyəti çoxşaxəlidir və təbii ki, parlamentlə məhdudlaşmır. Buna baxmayaraq onun parlament fəaliyyəti də kifayət qədər dolğun və yaddaqalan olub. Qısası, Sabir bəy dövlətimiz, millətimiz, parlamentarizmimiz üçün dəyərli, sanballı vətənpərvərlərdəndir. Onu Azərbaycanımızın canlı ensiklopediyası da hesab etsək, yanılmarıq və bir jurnalist, bir vətəndaş, ən nəhayət, dəyərli dost kimi onun vətən üçün xidmətlərinin fərqindəyəm, bununla qürur duyuram”.

Vüqar Ağamalıoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir