Modern.az

Ermənilər helikopter xofundan xilas ola bilmirlər

Ermənilər helikopter xofundan xilas ola bilmirlər

Aktual

9 Dekabr 2014, 13:18


Dünən Ermənistan tərəfinin Azərbaycana qarşı təxribat xarakterli növbəti yalanının şahidi olduq. Düşmən bu cür yalan informasiyalarla torpaqlarımızın işğal faktından dünya ictimaiyyətinin diqqətini yayındırmaq, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq niyyətindədir.

Azərbaycanın silahlı qüvvələri hər dəfə isə cəbhə bölgəsində erməni təxribatının qarşısını almaqla yanaşı, həm də düşmənin məkrli niyyətini ifşa edir. Ermənistan kütləvi informasiya vasitələrinin dünənki məlumatları da bu qəbildən idi. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasından da məlum olur ki, cəbhə bölgəsində düşmən tərəf növbəti təxribat törətməyə cəhd etsə də, ordumuz bunun qarşısını zamanında alıb, nəticədə düşmən itki də verib. Məlum helikopter olayından sonra ciddi psixoloji, mənəvi zədə alan və cəmiyyətdəki xofu, xüsusilə Qarabağdakı əhali, eyni zamanda hərbiçilər arasındakı çaşqınlığı aradan qaldırmaq üçün istənilən kiçik bir olayı özlərinin üstünlüyü, qələbəsi, Azərbaycana vurulan sarsıdıcı zərbə kimi təqdim edirlər.

Maraqlıdır, erməni yalanlarının, növbəti təxribatlarının yayılmaması üçün hansı addımların atılması mümkündür?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında erməni təxribatının qarşısının alınması üçün Azərbaycanın Müdafiə Nazirliyinin üzərinə düşənlərin öhdəsindən yetərincə gəldiyini qeyd edib:

“Məlum avqust hadisələrindən sonra erməni tərəfi bütün cəbhə xəbərlərini çox ciddi süzgəcdən keçirir, onun cəmiyyətə necə təsir göstərəcəyini götür-qoy edir. Hazırda Ermənistandakı ümumi ictimai münasibətlər və dövlətlə etiraz edən siyasi qruplar arasındakı vəziyyət bunu diktə edir. Buna görə də Ermənistanda hərbi senzura hökm sürməkdədir, sonuncu informasiyaların yayılması da məhz bu qəbildəndir”.

Deputat qeyd edib ki,  ermənilər faktiki olaraq Ağdamda məlum təxribatları zamanı verdikləri itkiləri cəmiyyətdə təlatümə səbəb olmaması üçün hissə-hissə təqdim etdilər. “Təbii ki, meyitlərini meyitxanada saxlayaraq, sonradan hansısa birinin minaya düşməsi, digərinin başqa bir toqquşmada ölməsi və digər buna bənzər açıqlamalar da bunun sübutudur. Bununla özlərini cəmiyyətin qınağından və ittihamlarından qorumağa çalışırlar.

Dünənki məlumatlardan da aydın göründü ki, Azərbaycan Müdafiə Nazirliyi heç bir məsələni gizlətmədən həqiqi vəziyyəti təqdim etdi. Amma qarşı tərəf guya onların əsgərinin Azərbaycan tərəfdən vurulduğunu, həmçinin guya təxribata cavab reaksiyası olaraq Azərbaycan tərəfinin də bir neçə itki verdiyi uydurmasını yaydılar. Bunların hamısı qeyd etdiyimiz şokdan ayılmaq üçündür. Çünki helikopterin vurulması sıradan bir hadisə deyildi. Bu, ermənilərə həm maddi, həm də mənəvi itkilər yaşatdı. Zabit yetişdirmək çətin, uzun illərin işidir, bahalı prosesdir. Onlarsa üç zabitini eyni vaxtda itirdi. Bununla, əslində Azərbaycan tərəfi də göstərdi ki, hədəfi sıravi əsgər deyil. Kimsə zabit qiyafəsində Azərbaycan ərazisinə soxulmağa çalışacaqsa, nəticəsi ağır olacaq. Ona görə düşünürəm ki, Müdafiə Nazirliyinin mətbuat xidməti kifayət qədər intensiv işləyir və bütün informasiya məkanı ilə fəal əməkdaşlıq edir. Belə olan təqdirdə, erməni tərəfi birtərəfli qaydada yaydığı məlumatlarla cəmiyyətlərini inandıra bilməz. Danmaq olmaz ki, erməni tərəfinin də özünəməxsus elitası var. Rəylərindən, mövqelərindən, rütbələrindən asılı olmayaraq, onlar da Azərbaycan tərəfinin məlumatları ilə öz xəbərlərini tutuşdurub müqayisə edir və həqiqəti tapmağa çalışırlar. Ona görə düşünmürəm ki, Ermənistanın Müdafiə Nazirliyinin, yaxud Qarabağdakı separatçı qurumun məlumatlarına böyük inam olsun”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə yalanların yayılmasında erməni lobbisinin rolunun güclü olduğunu diqqətə çatdıırıb: Ermənilərin çox zəngin, təşkilatlanmış, güclü diasporları var. Bu diasporlar bütün dünyada Azərbaycanla bağlı yalan məlumatlar yaymaqla məşğuldurlar. Onlar bütün imkanlardan istifadə edərək Azərbaycan və Türkiyə barəsində ağlasığmaz yalan məlumatları ictimailəşdirməklə məşğuldurlar. Təbii ki, bizim onlara qarşılıq verəcək güclü diasporumuz yoxdur. Ancaq bizim də diasporumuz yeni-yeni qurulmaq, təşkilatlanmaq üzrədir. Təəssüf ki, bizə yaxın olan Türkiyənin də erməni diasporuna qarşı mübarizə aparacaq güclü təşkilatarı yoxdur. Azərbaycanın əlindəki yeganə vasitə beynəlxalq təşkilatlarda erməni yalanlarını ifşa etməkdir”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir