Modern.az

Bu il Milli Məclisdə qəbul olunan ən yaddaqalan qanun hansıdır - SORĞU

Bu il Milli Məclisdə qəbul olunan ən yaddaqalan qanun hansıdır - SORĞU

10 Dekabr 2014, 10:58


2014-cü ilin başa çatmasına 20 gün qalır. Yola saldığımız ildə müxtəlif sahələrdə olduğu kimi, Milli Məclisdə də bir sıra vacib qanunlar qəbul olunub, deputatlar müxtəlif problemlərin həlli ilə bağlı məsələləri gündəmə gətiriblər. Bu il deputatlarımız üçün müzakirəyə çıxarılan ən yadda qalan qanun layihəsi hansıdır? Modern.az saytı mövzu ilə bağlı deputatların fikirlərini öyrənib.

Sosial siyasət komitəsinin üzvü Elmira Axundova üçün ən yadda qalan məsələ nikaha girənlər üçün məcburi tibbi müayinədən keçmək olub: “Bu, məcburi olaraq tibbi arayışın təqdim olunması idi. Bu, çox vacib məsələdir. Bir dəfə Masallıda yerli camaata bunun vacibliyini çatdıraraq dedim ki, rayonda irsi xəstəliklərdən əziyyət çəkənlər barədə məlumatınız var. Bu cür xəstələrin müayinədən keçirilməsi və gələcək cütlüklərin bu xəstəlikdən bir-birini qoruması çox önəmli məsələdir. Ona görə də müəllimlərdən, həkimlərdən bu məsələdə həssas olmalarını xahiş edirəm. Buna görə təbliğat işləri aparılmalıdır. Bu məsələlərlə bağlı şəxsən Masallıda təbliğat apardım. Ona görə də ən vacib məsələlərdən birini 2014-cü ildə qəbul etdik”.  

İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Miqrasiya Məcəlləsinin vacibliyindən danışıb: “İnsan hüquqları komitəsində müzakirəyə çıxarılan ən yadda qalan məsələ Miqrasiya Məcəlləsi ilə bağlı olub. Bizim komitədə daha çox insan haqları ilə bağlı qanunlar, həmin qanunlara dəyişikliklər müzakirə olunur. Miqrasiya Məcəlləsində insanların qeydiyyat məsələsinin həlli, onlardan tələb olunan sənədlər, müddət məsələsi daha aktual əhəmiyyət kəsb edirdi. Ona görə də bu 2014-cü il üçün daha çox yadımda qalı”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  isə qəbul edilən bütün qanun layihələrini yüksək qiymətləndirir: “Bu il Aqrar siyasət komitəsində daha çox qanunlara əlavə və dəyişikliklər müzakirə olunub. Dekabr ayında bizə “Kooperasiya haqqında” qanun layihəsi  Prezident Administrasiyasında Milli Məclisə daxil olmalıdır”.  

Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva səbirsizliklə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını gözləyir: “Milli Məclisdə qəbul edilən hər bir qanun layihəsi mənim üçün yadda qalandır. Ona görə ki, hər hansı qanun layihəsini qəbul ediriksə, deməli, dövlətimizə, xalqımıza xidmət etmiş oluruq. Ona görə də hansısa qanun layihəsini xüsusi qeyd etmək istəmirəm. Arzum odur ki, “Elm siyasəti haqqında” qanun layihəsi tezliklə parlamentin plenar iclasında müzakirəyə çıxarılsın”.      

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov  üçün 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi daha yadda qalandır: “2014-cü ilin ən yadda qalan qanun layihəsi 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi oldu. Həm ciddi, həm də yadda qalan müzakirələrə getdi. Bir sıra qanunlara həddən artıq dəyişiklik etdik. O cümlədən, 2014-cü ilin ən yadda qalan qanun layihələrindən biri də “Reklam haqqında” qanun layihəsidir  Düzdür, bu layihə 2014-cü ildə də qəbul edilmədi. Ancaq Prezident Administrasiyası ilə birlikdə “Reklam haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı”.    

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə bir sıra məsələlərin müzakirə olunmasına təəssüflənir: “2014-cü ildə bir sıra qanunlara dəyişikliklər oldu. Amma təəssüf ki, ali təhsil, peşə təhsili, orta təhsil məktəbəqədər təhsil, “Elm haqqında qanun”lar müzakirə olunub qəbul edilmədi. Bu, Azərbaycan parlamentinin ölkənin təhsil islahatlarına töhfə verə bilməməsinin nəticəsidir. Yəni bu il də təhsil sahəsində islahatların fiziki bazası hazırlanmadı. Komitəmizə gəlincə, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlər, diplomatik əlaqələrimizin daha da genişlənməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunub”.  

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev üçün yadda qalmayan qanun layihəsi yoxdur. “Bütün qanun layihələri mənim üçün maraqlıdır. Dövlətin və xalqın marağında məsələlərlə bağlı qanunlar qəbul olunub. Parlament qanunverici orqan kimi hər zaman öz işinin öhdəsindən gəlib. Təbii ki, hər bir qanun layihəsi çox maraqlı və Azərbaycanın dinamik inkişafından ötrü qanunvericiliklə bağlı bütün imkanlarımızdan istifadə edirik”.    

Namidə BİNGÖL   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır