Modern.az

“Əli Həsənovla görüşdə şərt irəli sürmək etikaya uyğun deyildi” - AÇIQLAMA

“Əli Həsənovla görüşdə şərt irəli sürmək etikaya uyğun deyildi” - AÇIQLAMA

15 Dekabr 2014, 12:13


“Dekabrın 13-də mənim də iştirakımla bir qrup müxalifət liderinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşünü iqtidar-müxalifət dialoqu kimi qələmə vermək düzgün deyil”. Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, bu, sadəcə olaraq iqtidar-müxalifət dialoqunun başlanmasına  zəmin yaradan görüş idi.

Partiya sədri qeyd edib ki, görüşdə iştirak edən müxalifət partiyaları siyasi məhbuslarla və digər məsələlərlə bağlı hər hansı şərt irəli sürməyib: “Şərt irəli sürmək etikaya uyğun deyil. Biz hökumət nümayəndəsinə təkliflər vermişik. O da bizim fikirləri dinlədi və bildirdi ki, səslənən təklifləri prezidentə çatdıracaq”.

ADP lideri vurğulayıb ki, bu təkliflərə nə zaman cavab veriləcəyi haqda isə hər hansı məlumata malik deyil:

“Bu məsələlər heç görüşdə də razılaşdırılmadı. Hansısa məhbusun azad olunması, yaxud bizim qaldırdığımız məsələlərin öz həllini tapacağına dair heç kim bizə söz vermədi. Sadəcə olaraq hakimiyyət bizim təklif və ideyaları müzakirə edəcək”.

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.  

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir