Modern.az

Qarabağla bağlı monitorinqin nəticələri açıqlandı - DİQQƏT ARTIB

Qarabağla bağlı monitorinqin nəticələri açıqlandı - DİQQƏT ARTIB

18 Dekabr 2014, 00:50

 

Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının rəhbəri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi altında Qarabağ münaqişəsi ilə bağlı mətbuatda yer alan yazıların monitorinqi davam etdirilir.

Martın 1-dən start verilən layihə çərçivəsində noyabr ayında ölkədə fəaliyyət göstərən 17 qəzet v 21 on-line media monitorinq olunub.

Monitorinq çərçivəsində qəzetlər və on-line medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilib.

Noyabr ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsi haqqında 3085 məqalə dərc edilib.

Yazılardan 2497-i (80,9 faiz) on-line mediada, 588-i  (19,1 faiz) isə yazılı mətbuatda dərc olunub.

Əvvəlki ayla müqayisədə mediada problemlə bağlı yazıların artdığı müşahidə edilib.

Xüsusilə də on-line mediada münaqişə ilə bağlı xəbərlərin artdığı görünür.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “525-ci qəzet”(62 məqalə), “Bakı-Xəbər” (61 məqalə), “Xalq qəzeti” (60 məqalə) olub.

Ay ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Azadlıq” (18 məqalə), “Ədalət” (17 məqalə), “Bizim yol” (17 məqalə) qəzetlərində dərc edilib. 

Həftəlik “Reytinq” qəzeti isə bu mövzuya ümumiyyətlə toxunmayıb.

On-line mediada ilk üçlükdə trend.az, musavat.com və azertag.gov.az yer alıb. Bu saytlar ay ərzində müvafiq olaraq 288, 265, 257 yazı dərc ediblər.

Ay ərzində on-line mediada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə newtimes.az (36 xəbər), ann.az (10 xəbər) və lent.az (9 xəbər) saytları yayıb.

Monitorinq çərçivəsində on-line medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib.

Məlum olub ki, noyabr ayı ərzində mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 28 faizi atəşkəsin pozulması ilə bağlı yazılanlardır.  

İkinci diqqətdə olan mövzu cəbhə bölgəsində məhv edilən düşmən helikopteri ilə bağlı xəbərlər olub.

Ay ərzində on-line mediada da Dağlıq Qarabağ mövzusunda dərc olunan yazıların 23 faizi bu mövzuda olub.

Digər diqqət mərkəzində olan mövzular girov götürülən Azərbaycan vətəndaşları (19 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi (9 faiz), deputatların səsləndirdikləri fikirlər (8 faiz), Xocalı Soyqırımı ilə bağlı xəbərlər (6 faiz) və digər mövzular (6 faiz) olub.

Qəzetlərin mövzu seçimi də on-lıine mediadan ciddi fərqlənməyib. Məlum olub ki, noyabr ayı ərzində yazılı mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrin 20 faizi atəşkəsin pozulmasına həsr edilib.

İkinci diqqətdə olan mövzu cəbhə bölgəsində vurulan düşmən helikopteri ilə bağlı xəbərlər olub.

Ay ərzində yazılı mediada Dağlıq Qarabağ mövzusunda dərc olunan yazıların 18 faizi bu mövzuda olub.

Digər üstünlük təşkil edən mövzular girov götürülən Azərbaycan vətəndaşları (13 faiz), Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları (12 faiz), digər rəsmilərin bəyanatları (9 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi (7 faiz), deputatların səsləndirdikləri fikirlər (6 faiz) və digər mövzular (15 faiz) olub.

Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb.

Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “525-ci qəzet”in və “Bakı-Xəbər”in məqalələri əsas götürülüb.

Məlum olub ki, “525-ci qəzet”in öz səhifələrində Dağlıq Qarabağ mövzusunda yerləşdirdiyi məqalələrin 44 faizi xəbər janrında olub. Məqalələrin 24 faizinin analitik-araşdırma, 19 faizi müsahibə, 13 faizi isə köşə janrındadır. 

“Bakı-Xəbər” qəzetində isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc etdiyi məqalələrin 46 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 26 faizi analitik-araşdırma, 19 faizi köşə, 9 faizi müsahibə tipli olub.

Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın məsələyə yanaşmasındakı dəyişikliklər diqqətdə saxlanılacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi