Modern.az

Karlaq -150 min azərbaycanlının basdırıldığı sürgün düşərgəsi…

Karlaq -150 min azərbaycanlının basdırıldığı sürgün düşərgəsi…

20 Dekabr 2014, 01:49


...83 il bundan əvəl ötən əsrin 1931-ci ilinin 19 dekabrında Qazaxıstanın qarlı-tufanlı səhralarında islah əmək düşərgəsi yaradıldı. Qısaldılmış adı Karlaq oldu. (Rus dilindən tərcümədə Karaqandinskiy laqer). Sonralar bu sıralamalara başqa düşərgə adları da əlavə olunacaqdı. Karaqanda düşərgəsi ölkəmizin qanlı repressiya tarixində xüsusi yer tutur. NKVD-nin (SSRİ Daxili İşlər Nazirliyinin Xalq Komissarları Soveti) dəyirman daşı heç kəsə məhəl qoymurdu, sovet ərazisində yaşayan qazax, alman, rus, rumın, macar, polyak, belorus, yəhudi, çeçen, inquş, fransız, gürcü, italyan, qırğız, ukrain, yapon, fin, litov, latış, estoniyalı,azərbaycnalı millətindən olan hər kəsi üyütdü. Bu dəyirmanın avarçəkəni, fırladanlarından biri Stalinin silahdaşı Beriya, digəri isə Levon Mirzəyan idi.

Levon Mirzəyan repressiyanın ilk illərində fərmanı Almatı şəhərindən yazırdı. Onun Stalinə göndərdiyi NKVD məlumatları yoxlanılmadan nəzərə alınır və icra olunurdu. Bu düşərgələrin yaradılmasında Levon Mirzəyanın rolu əvəzsiz idi. 1931-ci il dekabrın 19-u Qazaxıstanın Karaqanda əyalətinin Dolinka kəndində düşərgə üçün 120 min hektar əkinə və və 41 min hektar biçinə yararlı sahə ayrıldı. 1940-ci ilə qədər isə bu sahə şimaldan cənuba qədər genişləndirilərək 300 km məsafə çərçivəsində 1 780 650 hektara çatdırıldı. Hamısı İslah Əmək Düşərgəsi üçün nəzərdə tutulan sahələr.

...1930-cu ildə sovet İqtisadiyyatını yüksəltmək üçün Nazirlər Kabineti Mərkəzi Qazaxıstanın yeraltı ehtiyatlarından istifadə etmək üçün yeni layihə işləmişdi. Bu layihəyə görə, Qzaxıstanın şimalında yerləşən Karaqanda əyalətində metallurgiya sənayesini, Balxaş və Jezkazqan rayonları ərazisində isə metaləritmə kombinatlarının tikilməsi nəzərdə tutulmuşdu. İşçi qüvvəsinə qalanda isə...
Bəli bu problem yaradırdı. Heç kəs öz xoşu ilə qar tufanları ilə qucaqlaşan, çarpışan bu səhralara gəlməyəcəkdi.

Əvvəlcə, 1930-cu ildə “Qiqant” sovxozu yaradıldı. Onun bazasında isə Karaqanda islah əmək düşərgəsi tikildi. Burada əsasən məhkumlar, zəmanəyə və ya dövrə etiraz edənlər, və ya elə bir nəfərin güdazına gedən bir rayonun, bir kəndin əhalisi sürgün olunurdu. Onların içərisində dövlət qulluqçusu kimi fəaliyyət göstərənlərin 50-yə yaxın ailəsi var idi ki, bu siyahıda dəmiryolu çəkən mühəndislər, mütəxəssislər, hakim və prokurorluq, milis ,bank, poçt işçiləri və s. istisna idi. Bu məqsədlə də NKVD əvvəlcə Rusiyanın Volqaboyu sahillərindən, Tambov, Kursk, Orlov, Voronej vilayətlərində yaşayan kəndliləri kütləvi surətdə həbs etməyə başladı. Sorğu-sual edilmədən 5 saatın içərisində onları at arabalarına doldurub üzü Qazaxıstana göndərdilər. Yollarda ölən öldü, qalanları isə Karlaq gözləyirdi. Bu yerlərə o zaman heç dəmir yolları da yox idi. Gələcəyin yüksək sənaye mərkəzi olan Karaqandaya mütləq dəmir yolu lazım idi. Elə ilk dəfə sürgün olunan kəndçiləri də bu yerlərə dəmir yolu çəkməyə gətirdilər. İlk dəmir yolu çəkənlər əslində 1931-ci ilin may ayında işə başladılar , elə həmin ilin sonunda Akmolladan Karaqandaya uzanan dəmir yolu istifadəyə verildi. Dəmir yolu işi asanlaşdırdığından, artıq Karaqandanın Oskarovskiy (əslində Əsgərov olmalıdır) rayonuna 1931-ci ilin payızında 52 min ailəni mal-davar, heyvan daşınan vaqonlara doldurub, bu kimsəsiz düzəngahlara gətirdilər. Vaqonlarda ölən ölür, hamilə qadınlar antisanitar şəraitdə dünyaya uşaq gətirirdilər. Hətta ölən adamları belə, vaqondan çıxarıb yollarda basdırmaq üçün icazə yox idi. Ölən kəsin meyiti nəzərdə tutulan stansiyalarda insanlarla birlikdə endirilirdi.



Təbii ki, uzaq Rusiyadan başlanan üzücü yolçuluqda vaqonlara doldurulmuş insanlar taqətdən düşmüş, xəstələnmişdilər. Onların içərisində nisbətən sağlam görünənləri, həmən vaqondan endirib, Karaqandadan Balxaş dəmir yolunun tikintisini başa çatdırmağa təhkim edirdilər. Qarlı, soyuq qış günündə dəmir yolu çəkməyə məhkum olunmuş kəndlilər əzablı və ağır iş metoduna tab gətirməyərək ölürdülər. Ölənləri isə, fəhlələr yol üçün qazdıqları dərələrə atıb, üzərini qrunt torpaqla torpaqlayırdılar. Sonra kəndçilərinin, qohumlarının yatdıqları torpağın üzərində yol çəkirdilər. Qısa bir zamanda Karlaq sistemi ilə işləyən Osoblaq (xüsusi düşərgə), Spasslaq (hərbiçilərin düşərgələri), ALJİR (vətən xainlərinin arvadlarının düşərgələri), Steplaq (Ukrayna, vlasovçular və pribaltlar düşərgəsi) kimi düşərgələr də öz məhkumlarını “qoynuna aldı”.
26 məntəqədən ibarət olan Karlaqda artıq strateji obyektlər poçt və teleqraf qurulmuş, düşərgə o zamanın müasir nəqliyyat vasitələri ilə təmin olunmuşdu. Nəqliyyat vasitəsi burada ona görə vacib idi ki, Karlaqın qanun və nizamnaməsini pozan sürgünləri və məhkumları tez –tez mühakimə edirdilər. Mühakimə edən hakimlər isə əraziyə avtomobillərlə daha tez gəlirdilər. Səyyar kollegiya ən azı hər həftə və ya hər həftənin iki günü Karlaqda hökm icra edirdi. Məhkumları diz üstündə oturdub, başlarına güllə ilə atəş açıb, digər həbsxana yoldaşının əli ilə qazılmış quyu və ya çökəyə atırdılar. Güllələnmiş “qanunpozanları” “Öldü” qrifi ilə siyahıya alır, şəxsi işlərini məhv edir və ya yandırırdılar.

Qazaxıstanın şimal soyuğu qədər insanı üşüdən və titrədən tarix.



1941-ci ildə Karlaqda artıq 17 belə islah əmək düşərgəsi var idi. Bu düşərgələrdə saxlanılan insanlar əsasən heyvandarlıqla məşğul olur, mal-qaranın sayının artırılmasında və heyvandarlıqda yüksək nəticə hasil edilməsi üçün canlarından keçirdilər. Geriyə qalan sovxozun sədri ya güllələnməli, ya da ağır cəzaya məhkum olmalı idi. Mal-heyvanın qiyməti insandan baha idi. Sovet üsul idarəsinin iqtisadiyyatına keyfiyyət və kəmiyyət lazım idi.

NKVD katibliyinin yazışmasındakı maraqlı bir sənəd diqqəti cəlb edir: “Məhkum və məhbusların yaşadıqları torpaq evlər, baraklarda temperatur çox aşağıdır, buralar çox nəmişlikdir, içəridə hava çatmır, işıq yoxdur, yoldaşlar yataq ləvazimatları ilə təmin olunmayıblar. Buna görə də onların içərisində xəstələnənləri çox olur. Həkimlər isə yuxarıda qeyd etdiyimiz şərait nəticəsində xəstələnən insanları işdən azad edir, nəticədə əmək məhsuldarlığı aşağı düşür. ( 3 fevral 1941-ci il AKT ından )”.
Sürgün olunanlar üçün nə məişət zəminində, nə də iş yerlərində şərait yaradılmışdı. Bu fakt Karaqanda Şəhər İcraiyyə Komitəsinə məxsus olan 1 yanvar 1933-cü il tarixli protokolda da öz əksini tapır: “... İş yerlərini özbaşına tərk edənlər, iş günü buraxanlar, tənbəllik və digər məsuliyyətsizlik edənlər 5 gündən 15 günədək gündəlik paydan (yemək və ərzaq payı nəzərdə tutulur) özləri və ailə üzvləri məhrum edilirlər. Həmin müddət başa çatana kimi isə onları daha az maaşlı işə göndərmək ,pay pulu da həmin iş gününün hesabına əlavə edilir, işlədiyi günlər ərzində isə payı 400 qrama qədər azaldılır. İşə çıxmayan məhbusların yemək payları mütləq şəkildə işə çıxıb, iş gününü başa vurandan sonra özlərinə və ailə üzvlərinə verilir. Bu qaydaları kobud surətdə pozanlar isə konslagerlərə göndərilsin”.



Bu o zamanlar idi ki, Sovet İttifaqı həm də Dünya Müharibəsinin başlanmasından ehtiyat edirdi. Stalin rejimi insanları QULAQ damğası vuraraq, onları olduqları yerdən sürgün etməklə əslində öz siyasətinə əks təbliğatın qarşısını alırdı, sərhədlərini qoruyurdu. Bu məqsədlə də özü ilə müttəfiq olan polşalılara da əl atmışdı, yüzlərlə polyak ailəsini Qazaxıstanın susuz səhralarına sürgün etdi. Müharibə başlayanda isə, yəni 1941-ci ildən sonra, bu proses daha da geniş miqyas aldı. Öz sərhədlərini düşməndən qorumaq üçün gözə bir balaça şübhəli görünən insanları əsilli-nəsilli yaşadıqları sərhəd zonalarından Karlaq və Sovet İttifaqında olan yüzlərlə digər belə düşərgələrə sürgün etdi. Alman əsilli sovet vətəndaşları, yəhudilər də bu siyahıda idilər. Onlara öz aralarında “inter vətəndaş ” da deyirdilər.

“Qanunpozan”, “Sözəbaxmayan” insanlar öldükcə və öldürüldükcə, Karlaqda təsərrüfat inkişaf edirdi. Tezliklə Karlaq repressiya olunan ziyalıların, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin, din xadimlərinin, bir sözlə üzdə olan işıqlı insanların, dövrdən kiçik narazılıq edən vətəndaşların son mənzilinə çevrildi. Artıq NKVD-nin siyasi kursu ilə müəyyənləşdirilib, həbs edilən insanların hamısını demək olar ki, ölkədə sayı çoxalan belə düşərgələrə göndərirdilər. Mütəxəsislərin hesablamalarına görə, təkcə Karlaq düşərgə kimi fəaliyyət göstərdiyi dövrdə 1 milyondan çox adamın son dayanacaq yeri, həbs düşərgəsi oldu. Bu gün tarixçilər, mütəxəssislər həmin arxivləri nə qədər araşdırsalar da, açsalar da, o qanlı qadalı repressiya illərində buraya əslində nə qədər insanın sürgün olunduğu rəqəmini dəqiq hesablayıb, son nəticəyə gələ bilmirlər.

Qırmızı sovet bayrağı altında kommunizmə yol tutan sovet adamlarının əslində bir çoxunun xəbəri olmayan, xəbəri olanların isə susmağa üstünlük verdikləri Karlaqda qanunlar “Xalqın atası” İosif Stalin ölənə qədər işləyirdi. Bu düşərgədə yaşayan, məhkum olan insanların qanı, həyatı bahasına yollar, şaxtalar ,zavodlar, tarixi abidələr tikilirdi. Monument daşlarla ucaldılan tribunalardan hər yeni tikilinin təhvil verilməsi şadyanalıqla, sevinclə elan edilir, bayrama çevrilirdi. O şadyanalıq edənlərin içərisində gizli göz yaşları tökənlər daha çox idi. Çünki belə düşərgələrdə onların da qohumları, doğmaları can qoyub, tər töküb, zəhmət çəkmişdilər. Göz yaşları insanların qəlbinə axırdı. Üzdə isə hər kəs özünü xoşbəxt göstərməyə çalışırdı.

1959-cu il iyulun 27-də isə Karaqandadakı Karlaq İslah Əmək düşərgəsi bağlanaraq, yerində Karaqanda Vilayəti DİN-in saxlama məntəqəsi fəaliyyətə başladı. Tam olmayan rəsmi hesablamalara görə, 1931-1959-cu ilə qədər Karlaqa 6 milyon Sovet vətəndaşı sürgün edilib, onlardan 1 milyonu elə Karaqandada dəfn olunub.



Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə 1997-ci il “Ümumimilli həmrəylik və repressiya qurbanlarının xatirəsi” ili adlandırıldı. Sabiq SSRİ-nin hər yerindən sürgün olunan repressiya qurbanlarından o illərin və əzabları əvəzinə sanki üzr istənilirdi. Bu məqsədlə Karaqandanın Spassk qəsəbəsindəki adsız məzarlıqda abidə kompleksləri ucaldılmağa başladı. O vaxtdan etibarən hər il 31 mayı Qazaxıstanda yaşayan xalqlar Repressiya Qurbanlarının Xatirə günü kimi qeyd edirlər. Spassk Xatirə məzarlığındakı digər memorial abidələrlə yanaşı, buraya sürgün olunmuş minlərlə azərbaycanlının da şərəfinə abidə ucaldılıb. Üzərində isə yazılıb ki, Karlaqda 150000 azərbaycanlı uyuyur. Qazaxıstanın şimal bölgəsi sayılan Akmola şəhəri, indiki Astanadan 30 kilometr uzaqlıqda ALJİR düşərgəsi də var. Bu düşrəgədə də Qazaxıstanda kompakt yaşayan azərbaycanlılar xatirə memorialı ucaldıblar. Ötən il ölkəmizin Qırğızıstandakı səfiri cənab Hidayət Orucov Azərbaycan tarixində ilk dəfə olaraq vətənimizdən Mərkəzi Asiya Respublikalarına sürgün olunanların beynəlxalq konfransını keçirdi. “Küldən oda çevrilənlər 80 il” adlı konfransda 1931-59-cu illərə qədər sürgünlərdə olmuş azərbaycanlılarla bərabər, acı çəkmiş digər xalqların da sağ qalan nümayəndələri və ziyalıları və ya onların xələfləri iştirak edirdilər.

Sovet rejiminin repressiya dəyirmanında uyudulən ailələrin hər birinin həyatı bir kitabdır: oxumalı, öyrənməli, ibrət götürməli. İnşallah sevimli oxucularıma, yeni ildə o insanlarla olan görüşlərim, onların xatirələri barədə qələmə aldığımı maraqlı söhbətləri bölüşəcəyəm.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?