Modern.az

Atəşkəs dövründə həlak olan xeyli hərbçiyə şəhidlik statusu verilib

Atəşkəs dövründə həlak olan xeyli hərbçiyə şəhidlik statusu verilib

Ölkə

7 Oktyabr 2009, 15:21

Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli sərəncamı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə də şəhidlik statusu veriləcək. Artıq atəşkəs dövründə həlak olan hərbçilərin ailələrindən müvafiq dövlət qurumlarına müraciətlər var. Qeyd edək ki, atəşkəs sazişinin imzalandığı 1994-cü ildən bəri xeyli hərbçimiz döyüş tapşırığını yerinə yetirərkən həlak olub və indiyədək onlara şəhidlik statsusu verilməmişdi.

Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmiləri həlak olmuş hərbçilərə şəhidlik statsusunun verilməsi üçün onların yaxınları və qohumlarının bu qurumda yaradılan müvafiq komissiyaya müraciət etmələrini vacib sayırdılar.

Nazirlik bu yaxınlaradək adı çəkilən qurumun müvafiq komissiyasına atəşkəs dövründə həlak olan hərbçilərin yaxınları və qohumlarından hər hansı müraciət daxil olmadığını bəyan etmişdi. Modern.az-a məlum olub ki, artıq Müdafiə Nazirliyinə belə müraciətlər daxil olmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev əməkdaşımızla söhbətdə faktı təsdiqləyib. O, bildirib ki, əslində həlak olmuş şəxslərə şəhdilik statusunu birbaşa Müdafiə Nazirliyi vermir. Şəhidlik statusunun verilib-verilməməsi məsələsini yerli icra orqanları, sosial müdafiə mərkəzləri birgə həll edir: «Döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş şəxslərə şəhdlik statusunun verilib-verilməməsini vətəndaşlarla birgə yerli icra orqanları və sosial müdafiə mərkəzləri araşdırır. Müdafiə Nazirliyinə isə həmin qurumlardan həlak olmuş şəxslərlə bağlı sorğu göndərilir. Nazirlik digər sorğular kimi bu sorğuları da, araşdıraraq cavablandırır».

T.Abdullayev deyib ki, son bir neçə gündə Müdafiə Nazirliyinə məsələ ilə bağlı yerli icra orqanlarından çoxlu sorğu göndərilib. Həmin sorğular həlak olmuş hərbçilərlə bağlıdır. Hazırda nazirlik sorğulara cavab verilməsi üçün araşdırmalar aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov isə Modern.az-a bildirib ki, şəhidlik statusu alan şəxslərin ailələrinə müavinətləri bu qurum təyin edəcək: «Şəhid statusunun verilməsi müxtəlif dövlət strukturlarında müəyyənləşdirilir. Həlak olmuş gizir və zabit heyətinə şəhidlik statusunun verilməsini Müdafiə Nazirliyi müəyyənləşdirir. Həlak olmuş sıravi əsgərlərə isə belə statusun verilməsi yerli icra orqanları və hərbi komissarlıqlar tərəfindən həyata keçirilir. Bizə isə şəhidlik statusu alan şəxslərlə bağlı arayışlar təqdim olunur.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhidlik statusu almış şəxlərin ailələrinə müavinət verilməsini təmin edir. Qeyd edim ki, Nazirlər Kabinetinin son sərəncamından sonra müvafiq qurumlar həlak olmuş xeyli hərbçiyə şəhidlik statusu verib. Artıq onların ailələrindən bizə müavinət almaq üçün xeyli müraciət daxil olub».

Xatırladaq ki, ölkə başçısının 2006-cı il dekabrın 19-da imzaladığı fərmanla Qarabağ müharibəsində həlak olan hərbi və mülki şəhidlərin ailələri üçün prezident təqaüdü təsis edilib. 2007-ci il yanvarın 1-dən başlayaraq hər bir şəhid ailəsinə ayda 100 manat prezident təqaüdü verilir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi «Şəhid ailəsi üçün prezident təqaüdünün təyin olunması və ödənilməsi qaydaları»na əsasən şəhid ailəsi üçün prezident təqaüdü şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezident təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Rəsmi məlumata görə, indiyədək 14 mindən çox şəhid ailəsinə prezident təqaüdü təyin olunub.

Yeri gəlmişkən, ölkə başçısının 19 yanvar 2006-cı il tarixli digər fərmanı ilə «20 Yanvar» şəhidlərinni ailələrinə də prezident təqaüdü verilir. Bu kateqoriyadan olan şəhidlərin ailələrinə aylıq olaraq 300 manat məbləğində prezident təqaüdü təsis edilib. Ümumilikdə 140 nəfər «20 Yanvar» şəhidinin ailəsinə hər ay prezident təqaüdü verilir.

  

Aqil LƏTIFOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir