Bu gün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş məktəblilərarası I fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Səbail və Xətai rayon icra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin üzvləri, məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadalarının final mərhələsi Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilib. Eyni zamanda nəticələr ciddi təhlil edilib və araşdırılıb. Ceyhun Bayramov bildirib ki, təhlillər bir sıra istiqamətlərdə, xüsusilə təbiət elmləri sahəsində bəzi təkmilləşdirmələr və yeniliklərə ehtiyac olduğunu üzə çıxarıb.
Nazir müavini ümumilikdə, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini deyib. İstedadlı şagirdlərlə işin düzgün qurulması üçün məktəblərə zəruri dəstəyin göstərilməsi isə 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.
Milli Məclisin üzvü Fuad Muradov şagirdlərinin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. Millət vəkilinin fikrincə, belə bilik yarışları şagirdlərin beynəlxalq səviyyədə keçirilən olimpiadalarda yüksək səviyyədə iştirakına zəmin yaradır.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev fənn müsabiqəsi barədə məlumat verib. E.Əmrullayev qeyd edib ki, müsabiqə riyaziyyat və təbiət elmləri (kimya, biologiya, fizika) olmaqla, iki istiqamətdə aparılıb. Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 nəfərlik komandalarla təmsil olunub. Üç mərhələdə aparılan bilik yarışında 600-ə yaxın şagird iştirak edib.
Emin Əmrullayev riyaziyyat və informatika fənləri üzrə olimpiadalara hazırlaşanlar üçün xüsusi tərcümə olunaraq çap edilmiş vəsaitləri də təqdim edib. Bu vəsaitlərdən biri riyaziyyat fənni üzrə keçirilmiş respublika fənn olimpiadalarında müxtəlif illərdə istifadə olunmuş məsələlər və onların həlli, o cümlədən beynəlxalq riyaziyyat olimpiadası məsələlərinin Azərbaycan dilində tərcüməsindən ibarət kitabdır. Bundan əlavə, aşağı sinif şagirdləri üçün qeyri-standart riyazi məsələləri özündə əks etdirən beynəlxalq “Kenquru” müsabiqəsinin sualları da Azərbaycan dilinə tərcümə olunaraq ayrıca vəsait kimi buraxılıb. Üçüncü kitab informatika olimpiadaları ilə bağlıdır.
Mərasimdə fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib.
Məltəm TALIBZADƏ