Modern.az

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

Media

27 Avqust 2010, 12:15


Modern.az
xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki qonağımız İsveç vətəndaşı ilə ailə quran jurnalist xanım Könül Həsənovadır.

Könül Həsənova 1975-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1993-cü ildə Bakı Sosial İdareətmə və Politologiya İnstitutuna daxil olub və 1997- ci ildə oranı bitirib. 1997-ci ildə "Elita" qəzetində işləməklə jurnalist fəaliyyətinə başlayıb. Sonralar "Demokratik Azərbaycan", "İntibah", "Ulus", "Baki xəbər", "Aydınlıq" qəzetlərində çalışıb. Daha sonra bir müddət AVCİYA-da və “Azərbaycan Yolu” Siyasi Hərəkatında mətbuat xidmətinin rəhbəri olub.

Dörd il öncə Azərbaycanı tərk edən Könül xanım hazırda İsveçdə İran İslam Respublikasından olan azərbaycanlı Yaşar bəylə ailə həyatı yaşayır. Onların iki övladı var.  
Modern.az-a müsahibəsində Könül Həsənova Azərbaycanı tərk etməyinin səbəbini xarici ölkə vətəndaşı ilə ailə qurmasıyla əlaqələndirib.
“Necə oldu ki, xarici vətəndaşla ilə ailə həyatı qurdunuz” sualına keçmiş həmkarımız belə cavab verib:

- 2006-cı ildə işimlə əlaqədar kompüter arxasında cox olurdum. O zaman internetdə “paltalk” söhbətlər çox dəbdə idi. Mən də ara-sıra ora daxil olurdum. Bir dəfə internetdəki Azərbaycan otaqlarının birində “Bütöv Azərbaycan” ismli bir şəxslə tanış oldum. Ara-sıra söhbətləşirdik. Söhbətimizin də mövzusu əsasən Elcibəylə bağlı, Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi, millətçilik məsələlərindən olurdu. Tanışlığımızdan bir müddət keçəndən sonra öyrəndim ki, onun əsl adı Yaşardı.
Sonra mən “Azərbaycan Yolu” Siyasi Hərəkatında çalışmağa başladım. Həmin müddətdə hərəkat xarici dövlətdə mitinqlər təşkil etməyə başladı. O zaman Yaşar mənim xahişimlə təşkilat tərəfindən İsveçin paytaxtı Stokholmda kecirilən mitinqlərlə bağlı telekanallara məlumatlar verirdi. Ondan sonra aramızda səmimiyyət yarandı və üc ay sonra doğum günümdə Bakıya gəldi, görüşdük. Çox səmimi və olduqca dürüst bir insan təəssüratı bağışladı mənə. Ona kimi aramızda bu münasibətin ciddiləşəcəyinə inanmırdım.
Onu ailəmlə tanış etdim və nişanlandıq. Atama söz verdi ki, bir aydan sonra toy etmək ücün təkrar Bakıya dönəcək. Düzü atamla anam cox narahat idilər. Onlar Yaşarın dönəcəyinə şübhəylə yanaşırdılar. Xüsusən də atam. Amma o dediyi vaxtda gəldi və biz evləndik. 
İndi də düşünürəm ki, seçimimi düz etmişəm. Mənim kaprizlərimə heç kim onun kimi reaksiya verməzdi. Onun sakitliyi, səbri məni utandırdı və nəhayət onun qəlibinə düşdüm. Toyumuzdan bir il sonra İsveçdən Bakıya dönəndə məndəki dəyişikliyə hamı heyrət edirdi. Hər şeyə anında reaksiya verən emossional insandan əsər-əlamət qalmamışdı. Buna həm də İsveçdəki mühit də təsir etmişdi.
- İsveçə köçəndən sonra hansı cətinliklərlə üzləşmisiniz?
-
Yad bir ölkəyə gəlirsənsə, təbii ki, problem də olacaq. Ən böyük problemim əsasən dillə bağlı idi. Hec nə anlamırdım. Hec kiminlə kəlmə belə kəsə bilmirdim. Ən çox da tərcüməçi xidmətindən istifadə edəndə problemim olurdu. Tərcüməçilər ya Güney Azərbaycan tərərfdən olurdu, ya da Türkiyədən. Hər iki tərəfi başa salana qədər mənimki mənə dəyirdi. Bir müddət sonra oğlum Göktürk dünyaya gələcəkdi deyə, dil kursuna da getməm ləngidi. Televiziya verilişlərindən də bir şey anlamırdım. Beləcə bir il lal və kar kimi yaşadım.
Ondan sonra çox sürətlə və israrlı şəkildə dili öyrəndim.
İlk çətinliklərimdən biri də oğlum dünyaya gələndə oldu. Düzdür, çox sevincli günümüz idi. Amma bu sevinci bölüşməyə kimsə tapa bilmirdik. 
8 ay öncə atam vəfat etdi. Onun acı xəbərini alanda dünya başıma fırlandı. Sadəcə Yaşarla bir-birimizə sarılıb ağlamaqdan başqa bir şey edə bilmədik. Gücümüz hec nəyə catmırdı. Nə qədər tez gəlsəydim, ən azı 24 saat vaxtım gedəcəkdi. Nə təsəlli edənim vardı, nə də kimisə təsəlli edə bilirdim. Telefonlardan asılı qalmışdım. Yaşar xəbəri alan kimi bilet dalınca getdi qaldım uşaqlarla tək. Onlar qorxmasın deyə, bütün acımı icimdə boğdum. Düzdür, xəbəri esidən tanışlardan təsəlliyə gələn oldu, amma mən təsəlli tapa bilmədim. O hissləri anlatmaq cox cətindir. Buna çətinlik də demək olmaz. Tamam başqa bir şeydir. O zaman ilk dəfə qərib yerdə yaşadığımı hiss elədim.
- Əvvəllər xarici ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz?
- Hec ağlıma belə fikir gəlmirdi. Düzü xarici vətəndaş deyəndə gözümə ingilis, fransız kimi millətlər gəlirdi. Nəinki ingilis, heç rus dilini yaxşı bilmirdim ki, deyim onlarlara dil tapa bilərəm. Ona görə ağlımdan belə şeylər kecmirdi.
Amma mən Yaşarı özümüzdən sayıram. Dilimiz bir, mədəniyyətimiz bir, hər ikimiz də azərbaycanlyıq. Sadəcə airı-ayrı ölkələrdənik.   
Kim harda kiminlə xoşbəxtdirsə, onun haqqında hec vaxt mənfi fikirlər  düşünməmişəm. İndi də elə düşünürəm. Bir də hər şey qismətdən asılıdır.
- Həyat yoldaşınız hansı sahədə çalışır?
- Dediyim kimi, Yaşar İran İslam Respublikasından olan azərbaycanlıdır. İran sözünü mən onun yanında işlətmirəm, cünki o ada nifrət edir. Olduqca millətci insandır. İsveçə 20 ildir köçüb və hazırda İsveç vətəndaşıdır. Yaşar həddindən artıq çətinlik görmüş bir insandır. Buna rəğmən çox güclü iradəsi var. Onun yaşadıqlarından sonra həyata baxışı, nikbinliyi məni heyrətə gətirdi. Özünün kiçik şəxsi biznesi var.
İki övladımız var: oğlumuz Göktürk və qızımız Asena. Oğlumun 3, qızımın 2 yaşı var.
- Özünüz hazırda haradasa bir işlə məşğulsunuz?
-
Mən hazırda oxumaqla məşğulam. İxtisasım politoloq olduğu üçün burada heç nəyə yaramır. Ona görə məcburi başqa bir ixtisas seçməliyəm. Bu üzdən bütün qüvvəmi oxumağa vermişəm. Bu məsələdə də ən cox Yaşar mənə dəstək verir. İşdən nə qədər yorğun gəlsə də, uşaqlarla vaxt kecirir ki, mən oxumağa zaman ayıra bilim.

Könül xanımın sözlərinə görə, artıq İçveçdə yaşamanın şərtlərinə alışıb:

“Qətiyyən cətin deyil. Mənə elə gəlir burda yaşamaq heç kimə çətin olmaz. Heç kimin heç kimlə işi yoxdur. Ara-sıra bəzi kicik problemlər olur, amma yoluna qoyuruq. Burda Bakıdan tanıdığım bir-iki ailə yaşayır ki, onlarla gediş-gəlişimiz var. İsveçə gələndən sonra tanış olduğum azərbaycanlılar da var, cox yaxşı münasibətlərimiz yaranıb. Təbii ki, belə də olmalıdı. Yad yerdə bir-birimizə mənəvi dəstək verməliyik. Burda adam daha çox ailəsinə konsentrə olur. Usaqlara daha çox zaman ayırmaq lazımdır. Günümüz o qədər dinamik keçir ki, zamanın necə ötdüyünü hiss etmirik.

- Həyat yoldaş
ınız və siz: adət - ənənələrlə bağlı hansı fərqlər, hansı oxşarlıqlar var?
- Yaşar Güney Azərbaycanın Biləsuvar şəhərindəndir. Təbii ki, yaşadığımız ortamlara görə bəzi fərqlər var. Bir də Yaşarın indi 43 yaşı var, İranı tərk edəndə 17 yaşı olub. Onda iki mədəniyyət cəmləşib. Bizim və avropalılara məxsus müsbət nə varsa, özündə cəmləşdirib. O, uzun müddət tək yaşadığı ücün ev işləri görmək alışqanlığı yaranıb. Evdə çox işdə mənə kömək edir. Mənim evdə ən çox gördüyüm iş gündə bir dəfə yemək bişirməkdir.
Bizim mətbəxt olduqca zəngindir. Yaşarın damaq dadı isə elə də zəngin deyil. Cox az yemək var ki, onu yeyir. Mən də ona uyğun edirəm hər şeyi. Həftənin 4 günü evimizdə ancaq düyü bişir. Çünki onun iştahla yediyi yeganə yeməkdir. Mən paxlava bişirəndən sonra onu bəyəndi.
Onlarda şirniyyat ceşidi də azdır. Bir dəfə onların ailəsinə gedəndə xəngəl bişirdim hec biri yemədi. Xətrimə dəyməsin deyə təriflədilər, amma yeyə bilmədilər. Başqa adət-ənənələrimizdə demək olar ki, fərq yoxdur. Amma şirniyyatlarımızı cox bəyənirlər.

Müsahibimizn sözlərinə görə, Avropada yaşasalar da, övladlarını milli ruhda, azərbaycanlı kimi böyüdür, tərbiyə edirlər:

“İsveçdə uşaqlar cox sərbəst və azad böyüyürlər. Məsələn, oğlan uşaqları var ki, 5-6 yaşından qulaqlarını deşdirib sırğa salırlar. Saçlarını rəngləyən oğlanlar da var. Onlar böyüyəndə də eyni qaydayla hərəkət edirlər. Mən belə şeylərə qarşıyam və elə indidən nəyin kişilərə aid olub-olmadığını oğluma öyrədirəm ki, böyüyəndə ətrafındakılara baxıb deməsin ki, o da sırğa istəyir, yaxud da sacçnı uzatmaq, rəngləmək istəyir. Biz Azərbaycan türküyük və uşaqlarımız da əsl türk övladı kimi böyüməlidirlər. Uşaqlarımın ikisi də Azərbaycan dilində əla danışırlar. Mən anama “mama”, atama “papa” demişəm, amma onlar “ata”, “ana” kəlməsini işlədirlər. Burda milli ruhda usaq böyütmık bir az cətindir. Bizə xas olan müsbət dəyərləri onlara aşılamağa calışırıq, amma başqa seylərdə secimləri təbii ki, azad olacaq.

- Həyat yoldaşınız sizinlə evlənəndə onun ailəsində bunu necə qəbul ediblər?
- Biz evlənəndə Yaşar valideyinlərinə heç nə deməmişdi. Baxmayaraq ki, tez-tez onlarla telefonla danışırdı, amma 20 il imiş ki, görüşmürmüşlər. Durum elə tələb edirmiş. Düzü mən əvvəl elə bilirdim ki, bizim onun ailəsiylə münasibətimiz olmayacaq. Toyumuzdan iki ay sonra atasına Quzey Azərbaycandan olan bir qızla evləndiyini dedi. Onda ilk dəfə onlarla telefonda danışdım. Sonra İrana getdik. Bütün qohumları məni qarşılamağa çıxmışdı. Bu cox xoşuma gəldi. Elə ilk görüşdə onlar da məni bəyəndilər. Ora gedəndə iki gün qalacagımı düşünürdüm, amma bir də baxdım artıq 20 gündür ordayam və onların əhatəsində heç darıxmıram. İndi hər il Bakıya getdiyimizdə onlar da mütləq gəlirlər. Onları tanıdığım 4 ildir, ancaq o qədər səmimi münasibətlərimiz var ki, bir həftə səslərini eşitməyəndə darıxıram. İndi bizmikilər də onlara gedib-gəlir arada.
Hər yay gələndə elə bil kürkümüzə birə dolur. Usaqlarda vətən hissi, anlayışı yaratmaq ücün mütləq Azərbaycana getməliyik. Çünki Azərbaycan onların da vətənidir.
- Nə vaxtsa Azərbaycana dönüb birdəfəlik burada yaşamaq planlarınız ola bilərmi?
- Vətən mənə doğmadır, əzizdir, amma bunu düşünmürük. Tezliklə İsveç vətəndaşlığını qəbul etməyi planlaşdırıram. Mənə burda daha rahatdır.
Bir şeyi də qeyd etmək istərdim. Vətənə gedib-gələrkən Bakı aeroportunda qarşılaşdığımız sayğısızlığa görə utanıram. Görəsən hava limanında sərnişinlərlə normal davranış qaydalarına nə vaxtsa əməl olunacaqmı...
- Bəs həyat yoldaşınızın doğulduğu ölkəyə necə, ora daimi köçüb yaşaya bilərdinizmi?
- Orda əsla. Heç ağlımızın ucundan da keçmir.

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!