Modern.az

Bahar Muradova cəbhə bölgəsində olub

Bahar Muradova cəbhə bölgəsində olub

6 Sentyabr 2010, 16:42

Milli Məclisin sədr müavini Bahar Muradova sentyabrın 4-dən 5-dək Füzuli rayonunda səfərdə olub.
Milli Məclisin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Bahar Muradova rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov və aidiyyəti qurumların rəhbərləri ilə birlikdə cəbhə xəttində dislokasiya olunmuş N saylı hərbi hissədə olub, şəxsi heyətlə görüşüb.

Görüşdə ölkə rəhbərliyinin ordu quruculuğu və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasət və bundan irəli gələn vəzifələr haqda söhbət aparılıb. Şəxsi heyətin nəzərinə çatdırılıb ki, qələbənin əldə olunması yalnız büdcə və texniki imkanların artırılması ilə deyil, həm də daha çox Azərbaycan zabitinin və əsgərinin psixoloji durumundan, ruh yüksəkliyindən, vətənpərvərliyindən, eyni zamanda ordu-xalq münasibətlərindən asılıdır.
Görüşün sonunda vitse-spiker hərbi hissəyə 3 ədəd generator hədiyyə edib.

Səfər çərçivəsində Müqəddəs Ramazan ayı ilə əlaqədar rayon rəhbərliyinin, ictimaiyyətin, dindarların, əlil və şəhid ailələri üzvlərinin iştirakı ilə millət vəkilinin adından 220 nəfərlik iftar süfrəsi açılıb. Bahar Muradova tədbirdə çıxış edərək Milli Məclisin rəhbərliyi və deputatları adından qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bölgə əhalisini təbrik edib.

Millət vəkili Prezident İlham Əliyevin xüsusi göstərişi əsasında rayon ərazisində inşa olunan və yaxın zamanlarda istifadəyə veriləcək obyektlərin - Horadiz şəhərində Muğam Mərkəzinin, Olimpiya Mərkəzinin, Böyük Bəhmənli kəndində Diaqnostika Mərkəzinin tikintisi ilə maraqlanıb. Diqqətə çatdırılıb ki, hal-hazırda bu obyektlərdə son tamamlama işləri görülür. Ümumiyyətlə, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq cəbhə bölgəsində yerləşən rayonlarda, o cümlədən Füzuli rayonunda bir sıra sosial, mədəni-məişət obyektlərinin tikintisinə xüsusi diqqət yetirir. Rayonun təbii qazla təmin olunması ilə əlaqədar görülən tədbirlər də bu qəbildəndir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi