Modern.az

Parlament jurnalistləri deputat Fuad Muradovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Fuad Muradovu necə xarakterizə edirlər?

6 Sentyabr 2010, 17:42

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Fuad Muradov barədə fikirlərini bildiriblər. Fuad Muradov 29 saylı Səbail seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bitərəfdir. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Fuad Muradov mənim son beş ildə tanıdığım prespektivli, gənc millət vəkillərindən birincisidir deyərdim. İşguzar bir insandır, öz üzərində çalışır. Həm Milli Məclisdə, həm də seçiciləri ilə fəal işləyir. Ondan qat-qat yaşlı deputatlar on beş illik fəaliyyətində heç on beş seçici ilə görüşməyib. Amma Fuad Muradov yüzlərlə, minlərlə seçici ilə görüşüb, onların problemi ilə maraqlanıb, mənəvi dəstəyini həmişə göstərib. Öz dairəsindən olan kimsəsizlərə həftədə üç dəfə pulsuz yemək verir. Vallah mən istiyərdim ki, belə gənc millət vəkillərindən çox olsun. Gənc kimi gənclərlə münasibət qurur. Jurnalistlərlə açıq deputatdır”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Fuad Muradov Milli Məlisdə qanunvericiliklə bağlı yaxşı təklifləri ilə yadda qalıb. Xüsusən də gənclərlə bağlı qanun məsələlərində fəallıq göstərir. Gənclərin sosial problemlərinin həllində fəal iştirak edir. Bundan əlavə, Fuad Muradov Azərbaycanının beynəlxalq aləmdə tanınması sahəsində çox işlər görüb. Beynəlxalq təşkilatlarda Azərbaycanının maraqların müdafiə edir. Həmçinin, Qarabağ məsələsinin beynəlxalq aləmdə tanınması sahəsində çox işlər görüb. Jurnalistlərə açıq deputatdır. Seçiciləri ilə də necə işləməsi haqqda dolğun məlumatım yoxdur”. 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Belə demək olar ki, Milli Məclisdə gəncliyin təbliğ edir. Onun fəaliyyətini qənaətbəxş hesab edirəm. Həmişə mətbuata açıqdır, aktual mövzularla bağlı fikirini bildirir. Seçiciləri nücə işləməsindən məlumatım yoxdur”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Fuad Muradov Milli Məclisin ən gənc üzvüdür. Yəni mənim onun haqqında deputat seçiləndən sonra məlumatım oldu. Mən onu aktiv deputatlardan hesab etmirəm. Seçiciləri ilə də münasibəti necədir, deyə bilmərəm, amma onu deyə bilərəm ki, jurnalistlərə açıq deputatdır. Onun seçicilərinin məsələsini Milli Məclisdə qabartdığını görməmişəm”.

 

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Fuad Muradov səhf etmirəmsə, ən gənc deputatlardan biridir. O, özündən yaşca böyük olan deputatlardan daha fəal işləyir. Daha aktivdir. Parlamentdə əksər məsələlərin müzakirəsində yaxından iştirak edir. Seçicilərin ilə də yaxın münasibətdədir. Seçicilərinin bütün problemlərinə qayğıyla yanaşır. Eyni zamanda beynəlxalq məsələlərdə də fəallıq göstərir. Qarabağ məsələsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxmasına çalışır. Azərbaycan Avropa İttifaqı parlamentlərarası komitəsinin üzvü kimi xarici səfərlərdə olur. Gənclər Təşkilatları Milli Şurasının sədri kimi də fəallıq göstərir. Jurnalistlərlə çox yaxşı münasibəti var”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Fuad Muradov gənc deputatdır, gənc siyasətçidir. Fəaliyyətini bəyənirəm. Milli Məclisdə çıxışlarını, gəncləşdirmə siyasətini bəyənirəm. O, seçiciləri ilə maraqlanan bir deputatdır. Onun parlamentdə dəfələrlə çıxışlarının şahidi olmuşuq. Jurnalistlərlə münasibətləri çox yaxşıdır. Seçicilərinin problemləri ilə maraqlanan deputatdır. Uğurlar arzulayıram, istərdim ki, o, yenidən deputat olsun”.

 

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Daha çox gənclərlə bağlı məsələlərə meyillidi. Milli Məclisdə çıxış edəndə, daha çox gəncləri müdafiə etdiyini eşitmişəm. Deputat kimi mənim xoşuma gəlir, deyərdim ki, aktivdir. Onun kimi gənc deputatların çox olmasını istərdim. Jurnlistlərlə çox yaxşı münasibəti var. Seçicilərilə yaxşı işləyir”.

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Gənclər Təşkilatları Milli Şurasının sədri kimi, eləcə də deputat kimi çox fəaldır. Bir çox məsələlərdə deputat kimi aktivdir. Gəncləri bir yerə yığması, tez-tez gənclər arasında müsabiqələr elan etməsi, onun gənclərə olan diqqətindən irəli gəlir. İnanıram ki, gələcək seçkilərdə də fəaliyyətinə davam edəcək, seçilərinin inam və etimadını doğruladacaq. Jurnalistlərlə çox yaxşı münasibətdədir”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Fuad Muradov gənc deputatlarımızdan biridir. Onun gənc yaşında uğur qazanmasını çox yaxşı irəliləyiş hesab edirəm. Onu da deyim ki, Fuad Muradov gənclərlə işləyir, onların problemləri ilə də maraqlanır. Azərbaycanı da digər ölkələrdə təmsil edir. Millət vəkili kimi biz onun çıxışlarını parlamentdə az eşidirik. Çox nadir hallarda çıxış edir. Halbuki onun potensialı imkan verir ki, parlamentdə məsələləri qaldırsın. Səbail rayonundan olan bəzi tanışların dediklərinə görə, seçicilərilə yaxşı işləyir”

 

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Milli Məclisin ən gənc deputatıdır. Hami gözləyirdi ki, o, parlamentdə gənclərin səsi olacaq. Ancaq, məncə, o, bu ümidləri tam doğrultmadı. Əlbəttə ki, bəzən onun gənclərlə bağlı çıxışlarının da şahidi olmuşam. Ancaq bu çıxışlar daha effektiv ola bilərdi. Fuad Muradovun parlamentdəki ümumi fəaliyyətinə gəlincə, orta səviyyəyə yaxın qiymətləndirərdim. Seçiciləri ilə münasibətinin şahidi deyiləm, ona görə də bu məsələyə münasibət bildirə bilmərəm. Jurnalistlərlə münasibəti normaldır”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Fuad Muradov Milli Məclisin aktiv və iş görən deputatlarındandır. Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəlidir, beynəlxalq hüquq normalarını, beynəlxalq qaydaları yaxşı bilir. Fuad Muradovun özünə məxsusluğu ondandır ki, gördüyü işlərin ictimailəşməsində maraqlı deyil. Ən əsası odur ki, deputat hər bir insana, vəzifəsindən, peşəsindən asılı olmayaraq insani münasibət göstərir. Seçicilərinin problemləri ilə daim maraqlanır. Jurnalistlərə ən yaxın deputatlardandır”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Mən Fuad Muradovu Qubada olarkən tanıdım. Ona qədər Fuad Muradova olan münasibətimlə, bu günkü münasibətim çox dəyişdi. Həmin o tədbirdə gördüm ki, Fuad Muradov  çox səbrli insandır. Seçicilərinin problemləri ilə də imkan daxilində maraqlanır, onları həll etməyə çalışır. Bir sıra maraqlı layihələrin müəllifidir. Müxtəlif məsələlərdə Azərbaycan gəncliyi adından çıxış etməyə çalışır. Nə dərəcədə nail olur, deyə bilmərəm, amma çalışır. Parlamentdə gəncliyi təmsil etdiyindən, ona hörmətim böyükdür. Jurnalistlərlə münasibəti yaxşıdır”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Onun parlamentdənkənar fəaliyyətindən o qədər də məlumatlı deyiləm və informasiyalarım yalnız mətbuatdan əldə etdiklərimlə məhdudlaşır. Ancaq Fuad Muradovun Azərbaycan parlamentinin tarixinə düşmüş ən gənc millət vəkili kimi fəaliyyətindən razı qalmadım. Nəzərə alsaq ki, o, parlamentdə təkcə məhdud sayda seçicilərini deyil, həm də çoxsaylı sosial, humanitar, mənəvi problemlər məngənəsində var- gəl edən, bəlli səbəblərdən bu məmləkətdə özünə yer tapa bilməyən, vətənində vətənsizə çevrilməkdə olan yüz minlərlə gənclər ordusunun təmsilçisiydi, ona görə də gərək o ötən dövr ərzində parlamentin ən məhsuldar deputatlarından olaydı. Düşünürəm ki, ya zəlzələdən, ya vəlvələdən o bu missiyanı yerinə yetirə bilmədi. Əlbəttə, ola bilsin ki, seçicilərinin problemlərini həll etmək baxımından həmkarlarından da öndə olub, ancaq mənim gördüyüm budur ki, o, Azərbaycan gəncliyinin problemlərini, acılı- şirinli həyat tərzini parlament tribunasına daşıya bilmədi. Ancaq hələ gəncdir və ümid edək ki, ona növbəti dəfə belə şans verilsə, bu istiqamətdəki fəaliyyətində olan kəm- kəsirini düzəldəcək”. ”525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Fuad Muradov Azərbaycan gəncliyinin, Azərbaycan siyasəti və  parlamentinin ən parlaq simalarındandır. Fuad bəy siyasətə atıldığı ilk günlərdən - 90-cı illərin ortalarından bu yana daim çoxsaylı uğurlara imza atıb və bu gün də atmaqdadır. Onun rəhbərlik etdiyi  Gənclər Təşkilatları Milli Şurası ötən illər ərzində Azərbaycanda fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatları arasında daha öncül mövqelərə çıxmaqla yanaşı, həm də beynəlxalq arenada tanınan bir quruma çevrilib. Məhz Fuad bəyin fəaliyyəti nəticəsində bu qurum Avropanın ən nüfuzlu beynəlxalq gənclər təşkilatı olan Avropa Gənclər Forumuna üzv qəbul olunub ki, bu təşkilat da Avropa Birliyi və Avropa Parlamenti ilə sıx əlaqədədir. Fuad bəy öz seçicilərinin parlamentdə uğurla təmsil etməklə yanaşı, Azərbaycanı da beynəlxalq arenada, beynəlxalq təşkilatlarda layiqincə təmsil etməkdədir. Onun təmsil olunduğu Azərbaycanın Avropa Parlamentindəki nümayəndə heyətinin fəaliyyəti nəticəsində, nəhayət, bu qurum Avropa Şurasının Parlament Assambleyasından sonra Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən qətnamə qəbul etdi. Bundan başqa, Fuad Muradovun üzv olduğu Milli Məclisin Azərbaycan-Almaniya, o cümlədən Azərbaycan-İtaliya Parlamentlərarası Döstluq Qruplarının qarşılıqlı fəaliyyəti, birgə səyləri nəticəsində Almaniya Bundestaqı və İtaliya Senatı Avropa ölkələri arasında Ermənistanın işğalçılıq siyasətini pisləyən ilk Avropa ölkələri parlamentləri oldu. Bu qətnamələrin qəbul olunmasında Fuad bəyin xidmətləri əvəzsizdir. Fuad bəy, ümumiyyətlə, Azərbaycan siyasətçiləri, millət vəkilləri içərisində özünün dünyagörüşü, savadı, intellekti, mədəniyyəti və bir sıra digər keyfiyyətləri ilə seçilən azsaylı siyasət adamlarındandır. O, istər Milli Məclisin plenar, istərsə üzv olduğu İnsan hüquqları komitəsinin iclaslarında, istərsə də cari məsələlərin müzakirələrində aktivlik, fəallıq göstərməyə çalışır və buna da nail olur. Fuad bəy kənardan kosmopolit insan təsiri bağışlasa da, əslində, millətçi, vətənpərvər bir gənc siyasətçidir. Bütün bu sadaladığım və sadalamadığım keyfiyyətlər, hərəkətlər imkan verir ki, Fuad bəy növbəti seçkilərdə də iştirak etsin və qalib gəlsin. Buna onun tam haqqı çatır, eyni zamanda, onun kimi gənc, istedadlı siyasətçilərə, parlamentarilərə Azərbaycan parlamentində ehtiyac var. Mən ona növbəti seçkilərdə də uğurlar arzulayıram”. Vüqar Ağamalıoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir