Modern.az

Ağdamda arxeoloji terror

Ağdamda arxeoloji terror

13 Sentyabr 2010, 12:23

İşğal olunmuş rayonumuzda bədnam qonşularımızın vəhşicəsinə apardığı arxeoloji qazıntılar Azərbaycan tarixinin saxtalaşdırılmasına yönəlib

Ermənilər Azərbaycanın işğal olunmuş Ağdam rayonunda arxeoloji qazıntılar aparırlar. Aparılan qazıntılar zamanı qədim Azərbaycan tarixi, o cümlədən Qafqaz Albaniyası ilə bağlı maddi-mədəniyyət nümunələri və tarixi abidələr vəhşicəsinə dağıdılır.
Erməni arxeoloqlarının Ağdamda apardıqları qazıntıların məqsədi qondarma "Arsax"ın, guya, e.ə. I əsrdə Ermənistanın tərkibinə daxil olması barədə mifi təsdiq etmək cəhdi durur. Məlumat Rusiyanın elmi saytında (www.vkired.org) əksini tapıb.

Modern.az-ın məlumatına görə, erməni arxeoloqları Ağdamda apardıqları qazıntılar nəticəsində, guya, erməni dövlətçiliyinin qədimliyini təsdiq edən yazılı və arxeoloji sübutlar əldə etdiklərini bildiriblər. Buna əsasən də, guya, "böyük" Tiqranın "Artsax"da əsasını qoyduğu Tiqranakert şəhərini müəyyən edə biliblər. Erməni alimləri iddia edirlər ki, hazırkı Ağdam şəhəri keçmiş Tiqranakertin xarabalıqları üzərində bərqərar olub.

"Ağdamda bu yaxınlarda apardığımız təhqiqatlar nəticəsində orada məbədin qalıqları, V-VII əsrə aid xristian memarlıq nümunələri, yüzlərlə digər əşyalar tapılıb. Analoji olaraq Ermənistandakı qazıntılarda eyni tapıntılar üzə çıxıb. Tiqranakert e.ə. I əsrdən XIII-XV əsrlərə qədər mövcud olub", - deyə bu sayıqlamada qeyd olunur.

Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasəti təzə deyil. Tarixçilər bildirirlər ki, ermənilərin bu gün də davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq məqsədi daşıyır. Qarabağın işğal altında olan şəhər və qəsəbələrində, o cümlədən Şuşada abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, "arxeoloji qazıntılar" pərdəsi altında "erməniləşdirilməsi" bu ərazilərin və abidələrin Azərbaycana məxsusluğuna dair bütün əlamətlərin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir.

1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 16 ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı abidələrin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayından çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa, Laçın, Ağdam muzeyləri və başqaları dağıdılıb, onların eksponatları dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb.

Məsələn, Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq sonradan Gürcüstanda satışa çıxarılmışdı və Azərbaycan hökuməti bunları 500 min dollara alıb Bakıya gətirmişdi. Londonda Sotbi hərracında Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus eksponat 80 min dollara satılıb. İşğal olunmuş ərazilərdə ermənilərin vəhşiliklərindən biri də ondan ibarətdir ki, onlar həmin abidələrdə və ayrı-ayrı tikililərdə yazıları erməni xaçı və yazıları ilə əvəz edirlər.

Tarixi faktları saxtalaşdırmağa adət etmiş ermənilər indi də Qafqaz Albaniyası dövlətinin erməni etnosu tərəfindən yaradılması və deməli həmin dövrə aid xristian abidələrinin də ermənilərə mənsub olması kimi sərsəm təbliğatla məşğuldurlar.
Azərbaycan tarixçiləri mənbələrə və mötəbər sənədlərə əsaslanaraq bildirirlər ki, Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində dağlıq və düzən Qarabağda heç bir erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmayıb.
Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalanpantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Sərxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik dövrə və ilk orta əsrlərə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilib.

Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul ediblər.
Mədəniyyət Nazirliyinin Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyanla bağlı açıqladığı rəsmi arayışda dəhşətli faktlar öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, milli üslubda inşa edilimiş əksər yaşayış evlərini, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıdıblar.

Rəsmi arayışda bildirilir ki, işğal zonalarında maddi mədəniyyət abidələrinin dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji abidə) tarix və mədəniyyət abidələri qalıb.

Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa ölkəmizə dəymiş ümumi zərərin məbləği 6 milyard 71 milyon ABŞ dolları təşkil edir (dəymiş ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablanıb).

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalıqları, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.  

Xaqani Səfəroğlu 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər