Modern.az

Millət vəkillərinə fəxri diplomlar verilib

Millət vəkillərinə fəxri diplomlar verilib

Mədəni̇yyət

16 Sentyabr 2010, 23:29


Sentyabrın 16-da  Bakıda "YES" Qlobal Gənclər Şəbəkəsinin yaranmasının 8 illiyi qeyd olunub. YES-in Azərbaycan üzrə regional koordinatoru Rövşən Muradov təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə YES qlobal təşkilatının regional bölməsi fəaliyyət göstərir.

Tədbirdə Bakıda səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freybe də iştirak edib. O, Azərbaycanda gənclərə göstərilən qayğını və "YES" təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Eks-prezident Avropada hazırda mövcüd olan ən böyük problemin doğum hallarının azalması və ölüm hallarının artmasında olduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva isə çıxışında bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi həyatına çox aktiv qoşulurlar. Bu işlərin görülməsi Azərbaycan Prezidenti    İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına dəstəyi ilə aparılır. Bu gün Azərbaycanın gənclər təşkilatlarının fəaliyyəti ölkənin hüdudlarından kənara çıxır. Millət vəkili "YES" kimi gənclər təşkilatının sayının çox olmasını və onların fəaliyyətinin daha da genişlənməsini arzulayıb. Onun sözlərinə görə, gənclərin təşəbbüslərinin həyata keçməsinə hər kəs dəstək verməlidir.

Tədbirdə çıxış edən millət vəkili Gülər Əhmədova deyib ki, Azərbaycanda kifayət qədər geniş potensiala malik gənclər var. Onun sözlərinə görə, "YES" təşkilatı Azərbaycanda sağlam gəncliyin inkişafına böyük töhfə verib. Millət vəkili fəal gənclərin gələcəkdə Azərbaycan parlament seçkilərində namizədliyini irəli sürməsini tövsiyə edib: "Sizə Azərbaycanın tarixini yazmaqda uğurlar arzulayıram".

Millət vəkili Gültəkin Hacıbəyli tədbir zamanı Azərbaycan gənclərini qətiyyətli, prinsipial görmək istədiyini bildirib. "Azərbaycanın xoşbəxt gələcəyini qurmaq məhz belə gənclərin əlindədir", - o deyib.

Tədbirdə gənclər sahəsində aparılan işlərə görə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, "Azercell Telekom" şirkətinin prezidenti Əli Ağan, mügənni Tünzalə Ağayeva, həmçinin Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqaya fəxri diplomlar təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub