Modern.az

Media parlament seçkilərinə hazırdırmı?

Media parlament seçkilərinə hazırdırmı?

20 Sentyabr 2010, 11:31



Bütün dünyada «cəmiyyətin güzgüsü» sayılan medianın rolu yüksək qiymətləndirilir. Xüsusən, seçki dövründə dünyanın hər bir ölkəsində KİV-ə böyük üstünlük verilir. Siyasilər hər zaman öz təbliğatlarının istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrində aparılmasında maraqlı olurlar. Deməli, müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən rəngarəng KİV-lərin olması tələb olunur. Bu da bütövlükdə media qurumları arasında rəqabət yaradır.

Amma seçkilərdə digər diqqət çəkən məqamlardan olan plüralizm, redaksiya müstəqilliyi və jurnalist peşəkarlığı ilkin zəruri şərt kimi qeyd edilir. 

Azərbaycanda indiyədək 12 seçki keçirilib ki, bunlardan 6-sı prezident, 3-ü parlament və 3-ü bələdiyyə seçkiləri olub. Bu seçkilərin hər birində ölkə mediası daha mütəşəkkil şəkildə iştirak edib. Müstəqilliyin ilk illərində seçkilərin mediamızda işıqlandırılması əlbəttə ki, bu sahədə daha təcrübəli olan Qərb ölkələrinin KİV-lərindən geri qalırdı. Amma bu gün Azərbaycan KİV-i kiçik çatışmazlıqları nəzərə almasaq, kifayət qədər təcrübəyə malikdir.

Seçkilərin mediada işıqlandırılması peşəkarlığını redaksiyalarla yanaşı, ayrı-ayrı jurnalistlərə də şamil etmək olar.
Bir sıra xarici ekspertlərin fikrincə, print mediada seçkilərin iışqlandırımasını tənzimləyən normatik aktlar konkret deyil. Ümumi azadlıqlar və həmin azadlıqlara qoyulan məhdudiyyətlər tətbiq edilir. Bütövlükdə söz azadlığı ölkə konstitusiyalarında və beynəlxalq müqavilələrdə (İnsan hüquqları haqqında Ümumi Bəyannamə; BMT-nin Mülki və siyasi hüquqlar haqqında Beynləxalq Paktı; İnsan hüquqları haqqında Avropa Konvensiyası) yer alıb.

Azərbaycanda fəaliyyət göstərən KİV-lər də yerli və beynəlxalq qanunlara uyğun şəkildə seçki prosesinin işıqlandılmasında və vətəndaşların maarifləndirilməsində əsas rol oynayırlar. Media üzrə ekspertlərin fikrincə, bu il noyabrın 7-də keçiriləcək parlament seçkiləri öncəsi mətbuat çox aktivdir. Həmçinin KİV-lərin bu sahədə aktivliyini seçkiləri işıqlandırılması ilə bağlı yerli və beynəlxalq təşkilatların keçirdiyi tədbirləri də vurğulamaq yerinə düşər.

Xarici ölkələrdə medianın seçkilərə hazırlığı prosesin başlanmasından bir müddət əvvəli əhatə edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra print media orqanları və informasiya agentliklərinin parlament seçkilərinə hazırlığı ən azından seçicilərdə maraq oyadır. Bəs media orqanları seçkilərə necə hazırlaşır?

«Həftə içi» qəzetinin baş redaktorunun müavini Vüqar Bektaş: «Bizim qəzetdə parlament seçkiləri ilə bağlı hazırlıqlar davam etdirilir. Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə yardımı əsasında qəzetin texniki imkanları yaxşılaşdırılıb. Həmçinin parlament seçkiləri ilə bağlı qəzet tərəfindən yeni layihələr hazırlanır, lakin bu sahədə işlər başa çatmadığı üçün ictimaiyyətə açıqlanmayıb. Ötən seçkilərdə olduğu kimi, bu il keçiriləcək parlament seçkilərində də mövcud qanunvericilikdə nəzərdə tutulan səviyyədə iştirak edəcəyik».

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı: «Parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlamamış mediada aktivlik müşahidə olunur. Rəhbərlik etdiyim mətbu orqan seçkilər sahəsində geniş təcrübəyə malikdir. «Şərq» qəzeti uzun illərdir fəaliyyət göstərir və keçirilən seçkilərdə öz təcrübəsi və aktivliyi ilə seçilib. Bu il keçiriləcək parlament seçkilərinə də redaksiya hazırlıq işləri görür. Təbliğat və təşviqat kampaniyasında qəzetimizdə yer alacaq siyasi reklamların tarifləri müəyyən olunub və biz onu Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Seçkilərlə bağlı hansısa yeni layihələrimiz olmayacaq. Ötən parlament seçkisində olduğu kimi bu ilki seçkilərdə də qəzetimizin Azərbaycanda fəaliyyət göstərən partiyalarla müqavilələr əsasında təbliğat işləri aparmaq imkanı var. Biz bu zaman həmin partiyanın platformasını, şüarlarını çap etməklə yanaşı, seçkiyə aid bütün məlumatlarını qəzetimizdə yerləşdiririk. Belə layihələr eyni zamanda ayrı-ayrı namizədlərlə də həyata keçirilə bilər».

«Mərkəz» qəzetinin baş redaktorunun birinci müavini Nicat Sadıxlı: «Gündəlik çıxan mətbu orqan kimi parlament seçkilərinə hazırlıqla bağlı məlumatlar dərc edilir. Bu məlumatlar əsasən, dairə seçki komisiyyalarının formalaşdırılması, seçki hazırlığı və digər bu kimi məsələlərlə bağlıdır. Parlament seçkiləri ilə bağlı yeni layihələrimizin olacağını güman etmək olar. Amma qeyd etməliyəm ki, artıq bir ilə yaxındır «Hesabat» rubrikası adı altında millət vəkillərinin fəaliyyətini əhatə edən materiallar qəzetimizdə dərc olunur. Bir məqamı qeyd edim ki, təbliğat dövründə siyasi reklamların qəzetdə gedib-getməyəcəyi ilə bağlı rəhbərlik tərəfindən hələlik hansısa qərar qəbul edilməyib».

«Ekspress» qəzetinin siyasət üzrə redaktoru Qalib İbrahimoğlu: «Bu il keçiriləcək parlament seçkilərinə digər media qurumları kimi fəal yanaşırıq. Təbliğat və təşviqat kampaniyasına start verilən gündən başlayaraq, seçki prosesi, namizədlərin təbliğatı ilə bağlı materiallara geniş yer veriləcək. Həmçinin qəzetimizin əməkdaşları seçki günü ayrı-ayrı məntəqələrdə müşahidələr aparacaqlar və eyni zamanda «exit-poll» keçirəcək təşkilatlardan mütəmadi məlumatlar alacaqlar. Bir məqamı da qeyd edim ki, siyasi reklamların qəzetlərdə verilməsi ilə bağlı qərar açıqlandıqdan sonra biz də bu məsələ ilə əlaqədar öz tariflərimizi müəyyənləşdirib Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik».

«Üç nöqtə» qəzetinin redaktoru Şahin Əliyev: «Ötən parlament seçkilərində olduğu kimi bu il də qəzet fəallıq nümayiş etdirəcək. Seçki marafonu başlanmadığı üçün qəzet hazırlıqla bağlı gündəlik məlumatlara üstünlük verir. Əsasən, Mərkəzi Seçki Komissiyasının və digər bu kimi seçki ilə bağlı materiallar qəzetdə işıqlandırılır. Seçki marafonu başlandıqdan sonra namizədlərin təbliğatı, seçki günü komissiyaların fəaliyyəti və bu kimi materiallara üstünlük veriləcək. Qeyd edim ki, siyasi reklamların tariflərinə seçkilərə start verildikdən sonra yenidən baxılacaq və müəyyən olunacaq».

«Exo» qəzetinin baş redaktorunun birinci müavini Nair Əliyev: «Qəzetimiz ötən seçkilərdə olduğu kimi bu il keçirilən parlament seçkilərində də qanunvericilik çərçivəsində hərəkət edəcək. Adi qaydada seçkiyə aid məlumatlara qəzetdə yer veriləcək. Namizədlərin təbliğatının verilməsinə gəlincə, digər qəzetlərdə olduğu kimi, bizim qəzetdə də belə materiallar veriləcək. Parlament seçkiləri ilə bağlı hansısa yeni layihələrin keçirilməsini planlaşdırmamışıq».

«Zerkalo» qəzetinin informasiya şöbəsinin müdiri Elçin Vəliyev: «Bu il keçirilən parlament seçkilərində mövcud qanuvericiliyə uyğun işlər həyata keçriləcək. Təbliğat kampaniyasına start verildikdən sonra namizədlər haqqında gedən materiallar balanslı şəkildə yerləşdiriləcək. Eyni zamanda partiyalar, seçki blokları ilə bağlı materiallar tam balanslı şəkildə qəzetdə dərc olunacaq. Bir məqamı da qeyd edim ki, hazırda «Zerkalo» qəzeti ilə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə birgə seçki ilə bağlı layihə həyata keçirir. Bu gün Azərbaycanda fəaliyyət göstərən digər qəzetlər kimi aktiv şəkildə parlament seçkiləri ilə bağlı prosesi yaxından izləyirik və qeyd etməliyəm ki, ölkə mətbuatında fəallıq müşahidə edilir».

«Kaspiy» qəzetinin baş redaktorunun müavini Kənan Quluzadə: «Bizim qəzetdə seçkilərlə bağlı xəbərlərə və digər ümumi məlumatlara yer veriləcək. Parlament seçkiləri ilə bağlı mətbu orqanda hansısa bir layihə reallaşdırılmayacaq. Eyni zamanda namizədlərin təbliğat işində də iştirak etməyəcəyik. Demək olar ki, siyasi reklamlarla bağlı hazırlıqlar yoxdur, çünki qəzet bu prosesləri kənardan izləyəcək və iştirak etməyəcək».

«Bizim Yol» qəzetinin əməkdaşı Nemət Hüseynli: «Təmsil olunduğum mətbu orqanda parlament seçkiləri ilə bağlı yeni layihələr olacaq. Təbliğat kampaniyası dövründə namizədliyi irəli sürülən şəxslərin vətəndaşlarla keçirdiyi görüşlər və bütövlükdə gördüyü işlər işıqlandırılacaq. Bu iş əsasən paytaxt rayonlarında olacaq. Burada əsas məqsəd namizədlərin gördüyü işlərin əhaliyə verdikləri mesajlarla müqayisəsini aparmaqdır. Hesab edirəm ki, belə reportajlar seçicilərin marağına səbəb olacaq. Eyni zamanda digər qəzetlərdə olduğu kimi «Bizim Yol» qəzetində də seçkiyə aid materillar üstünlük təşkil edəcək. Qəzet həmçinin namizədlərin təbliğatı ilə də məşğul olacaq».

Azəri-Press Agentliyinin (APA) baş direktorunun birinci müavini Nurşən Quliyev: «İnformasiya agentlikləri ölkədəki digər KİV-lər kimi aktiv şəkildə parlament seçkilərinə hazırlaşır. Bizdə də Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq, parlament seçkiləri ilə bağlı məlumatlara geniş yer veriləcək. Həmçinin, deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyası dövründə agentlik yaxından iştirak edəcək. Beləki, istənilən namizədin təbliğatı siyasi reklam şəkilində oxuculara təqdim ediləcək. Bütün bu işlər qanunvericiliyin bizə verdiyi imkanlar çərçivəsində aparılacaq. Həmçinin APA tərəfindən parlament seçkiləri ilə bağlı yeni layihə olan deputat.az saytı yaradılıb. Mərkəzi Seçki Komissiyasının protokol və qərarları, deputatlığa namizədlərlə bağlı məlumatlar və bütövlükdə seçkiyə aid materiallar bu internet resursda yer alacaq. İnfomasiya agentliyinin parlament seçkiləri ilə bağlı texniki hazırlığı başa çatıb. Əməkdaşlarımızın bu istiqamətdə fəaliyyət göstərməsi üçün də müvafiq işlər görülüb».

«Səs» İnfomasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev: «Xəbər agentliyi olaraq parlament seçkilərinin işıqlandırlması istiqamətində hazırlıq işləri aparılır. Təbliğat və təşviqat kampaniyasına start verildikdən sonra Seçki Məcəlləsi, KİV haqqında Qanuna və digər müvafiq qanunlara uyğun olaraq işlər həyata keçiriləcək. Parlament seçkisi ilə bağlı materiallara yer verilməklə yanaşı, deputatlığa namizədlərin təbliğat və təşviqat işlərinin aparılmasında da iştirak edəcəyik. Bununla əlaqədar olaraq infomasiya agentliyində müəyyən hazırlıqlar aparılır. «Səs» İnformasiya Agentliyi parlament seçkiləri ilə bağlı yeni layihə həyata keçirmək niyyətindəyik. Hansı partiyanın və ya namizədin bu seçkilərdə daha çox seçicilər tərəfindən dəstəklənməsi ilə bağlı sorğu həyata keçiriləcək. Bu heç də sorğu təşkilatlarının fəaliyyət istiqaməti kimi olmayacaq. Burada əsas məqsədimiz seçicilərin rəyini öyrənməklə, hansı namizədin daha şanslı olması ilə bağlı dəqiq proqnoz verməkdir. Bu sorğunun keçirilməsi ya təşviqat kampaniyası başlamamışdan öncə, ya da başlandıqdan sonra ola bilər. Sorğunun keçirilməsi ilə bağlı hələ konkret qərar qəbul edilməyib».

«Trend» İnfomasiya Agentliyi: «Ötən seçkilərdə olduğu kimi, bu il keçirilən parlament seçkilərində agentlik avtiv fəaliyyət göstərəcək».

Bəxtiyar MƏMMƏDLİ

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?