Modern.az

Jurnalist Aqil Aslan imza vərəqələrini DSK-dan götürüb

Jurnalist Aqil Aslan imza vərəqələrini DSK-dan götürüb

21 Sentyabr 2010, 20:23

Deputatlığa iddialı həmkarımız nikbindir

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bu gün imza vərəqələrini Dairə Seçki Komissiyasından götürüb. Modern.az-a açıqlamasında Aqil Aslan bildirib ki, hazırda seçki qərargahını formalaşdırır və sabahdan etibarən imzaların toplanmasına start veriləcək.

Xatırladaq ki, 97 saylı dairədən YAP-ın namizədi İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədovadır.

Aqil Aslan isə bildirib ki, G.Məmmədova ilə mübarizədən çəkinmir: "Mən Gülçöhrə Məmmədovanın yenidən deputat olmaq istəyinə hörmətlə yanaşıram. Lakin hamı bilir ki, Gülçöhrə xanımın 97-ci dairəyə heç bir bağlılığı yoxdur. Yəni yerli adam deyil. Mən isə bu dairənin ərazisində anadan olmuşam, Goranboyun və Tərtərin kəndlərində jurnalist kimi kifayət qədər tanınıram. Təkcə Xan Qərvənd kəndində və Goranboy və Tərtərin qonşu kəndlərində seçki hüququ olan 2000-dən çox qohum-əqrabam, dost-tanışım var. Ağdamlı seçicilərim isə respublikanın 20 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşıblar. Goranboy, Gəncə, Naftalan, Tərtər, Yevlax və Sumqayıtdakı ağdamlı seçicilərlə əlaqələrim var. Allah qoysa namizədliyim qeydə alınsa, seçkilərin təşviqat-təbliğat mərhələsində digər rayonlardakı ağdamlı seçicilərimlə də görüşəcəm və inanıram ki, onların da etimadını qazanacam. Mən seçkilərə ciddi hazırlaşmışam və odur ki, ədalətli, demokratik seçkilər keçiriləcəyi təqdirdə istənilən rəqibimə qalib gələcəyimə əminəm".

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı