Modern.az

YAP iki müxalifət liderinə qarşı əsas namizədlərini niyə geri çəkdi?

YAP iki müxalifət liderinə qarşı əsas namizədlərini niyə geri çəkdi?

26 Sentyabr 2010, 19:10

Əhməd Vəliyevin ardından Gülər Əhmədovanın da dairəsi dəyişdirildi




Hakim Yeni Azərbaycan Partiyasından (YAP) vahid siyahı ilə parlament seçkilərinə namizədliyi irəli sürülən tanınmış simalarla bağlı sürpriz qərarlar verilməkdədir.
Maraqlıdır ki, YAP-ın bu gözlənilməz qərarları müxalifət liderlərinin namizəd olduğu dairələrdə baş verir. Hakim partiya özünün AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərə rəqib olan tanınmış, həm də hazırda deputat mandatı daşıyan namizədlərini geri çəkdi.

Dünən YAP-ın 31 saylı Suraxanı II seçki dairəsindən vahid namizədi, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin oradan namizədliyini rəsmən geri götürdüyünü xəbər vermişdik. O, Əli Kərimlinin əsas rəqiblərindən sayılırdı.
Bu gün isə hakim partiyanın 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Gülər Əhmədovanın da namizədliyini geri götürdüyü məlum oldu.
Bu dairədən deputatlığa namizədliyini irəli sürən şəxslər arasında ən güclüsü Müsavat Partiyasının başqanı İsa Qəmbərdir.

Modern.az məsələ ilə bağlı Gülər Əhmədovanın özü ilə əlaqə saxlayıb. Deputat faktı dolayısı ilə təsdiqləsə də, bu barədə mətbuata sabah məlumat verəcəyini bildirib.

G.Əhmədovaya yaxın dairələr isə saytımıza bildiriblər ki, millət vəkili bu dəfə namizədliyini 34 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürəcək. Saytımıza onu da deyiblər ki, artıq həmin dairədə G.Əhmədovanın seçki qərargahı da yaradılıb. G.Əhmədova sentyabrın 27-də namizədliyini 34 saylı Xətai dördüncü seçki dairəsindən rəsmən irəli sürəcək və onun sənədləri DSK-ya təqdim olunacaq.
Saytımıza verilən məlumatda o da bildirilir ki, G.Əhmədova dairəsinin dəyidriliməsini dünən YAP rəhbərliyinin namizədlərlə keçirdiyi görüşdən sonra bilib. Partiyadan deputata deyilib ki, o, daha 15 saylı dairədən namizəd olmayacaq.

Qeyd edək ki, G.Əhmədova YAP-ın ən güclü namizədlərindən biri sayılır. 15 saylı Yasamal birinci seçki dairəsindəki nüfuzunu, eyni zamanda hazırda deputatı olduğu bu ərazidə kifayət qədər işlər gördüyünü nəzərə alaraq, G.Əhmədovanın yenidən deputat seçilməyə ən şanslı namizədlərdən olduğunu vurğulamaq olar.
Əlavə etmək lazımdır ki, YAP-ın deputatlığa namizədləri ilə bağlı bir müddət öncə rayonlar üzrə keçirdiyi sorğunun nəticələrində də G.Əhmədovanın ön yerlərdən birini tutduğu vurğulanır.

Belədə YAP - ın bundan sonra 15 saylı Yasamal birinci seçki dairəsinə göndərəcəyi istənilən namizədin G.Əhmədovadan zəif olacağını da qeyd etmək yerinə düşər. Bu isə həm də o deməkdir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər artıq 15 saylı dairənin ən şanslı namizədinə çevrildi.

Maraqlıdır, YAP niyə müxalifət liderlərinin namizəd olduğu dairələrdən özünün əsas namizədlərini geri çəkdi?

Bəzi mənbələr iki müxalifər liderinə qarşı belə addımın atılmasında xarici amillərin təsirinin oluğunu istisna etmirlər. Güman olunur ki, ölkə başçısının ABŞ səfərinin ardından hakim partiyanın belə bir addım atması təsadüfi sayıla bilməz.

Bizi bilgiləndirən mənbələrin məlumatına görə, YAP Əli Kərimli və İsa Qəmbərin dairəsindən yeni namizəd irəli sürməyə bilər. Bununla da hakimiyyət həmin dairələrdə müxalifət liderlərilə mübarizəni özünün deyil, ayrı-ayrı siyasi qüvvələri təmsil edən namizədlərin aparmasına şərait yaradacaq. Və Qərb də şahidi olacaq ki, seçki zamanı həmin dairələrdə mübarizə hakim partiyanın nümayəndəsinin iştirakı olmadan gedib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir