Modern.az

Azərbaycan qəzetçilərinin Türkiyə-Ermənistan yaxınlaşmasına münasbəti

Azərbaycan qəzetçilərinin Türkiyə-Ermənistan yaxınlaşmasına münasbəti

12 Oktyabr 2009, 17:24

Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair razılaşma protakollarının imzalanması Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılanıb. Bundan sonrakı situasiyanın hansı istiqamətdə inkişaf edəcəyi hamını düşündürür. Azərbaycanda Türkiyə və Ermənistanın bu yaxınlaşmasına birmənalı münasibət yoxdur. Neçə gündür politiloqlar məsələyə dair fərqli fikirlər söyləyirlər. Bəs qəzetçilər nə düşünürlər? Modern.az media kapitanlarının rəyini öyrənib.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı prosesləri diqqətlə izlədiyini bildirib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı müzakirələrlə eyni vaxtda aparılsaydı, bu, daha məqsədəuyğun olardı: «Artıq Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların müddəaları bəllidir. Burada Azərbaycanın maraqlarını müdafiə edən heç bir məqam yoxdur. Bu, bizi narahat edən başlıca məqamdır. Lakin bizə qardaş ölkə olan Türkiyənin bundan sonra atacağı addımların maraqlarımıza xidmət edəcəyinə ümidliyik. Türkiyənin hökumət rəhbərləri də öz açıqlamalarında Azərbaycanın maraqlarına zidd addım atmayacaqlarını bildirirlər. Ancaq biz yenə də narahatıq».

A.Aşırlı hesab edir ki, bundan sonra Türkiyə tərəfdən elə addımlar atılmalıdır ki, iki qardaş ölkə arasında münasibətlər ziddiyyətli məqam almasın: «Fikrimcə, artıq Türkiyə tərəfdən bir dəfə Azərbaycan qardaşlığına kölgə salacaq addım atıldı. Qardaş ölkələr arasında münasibətlərin daha da soyuqlaşmasına imkan yaratmamaq üçün Türkiyə bundan sonrakı addımlarını ciddi şəkildə plçüb-biçməlidir. Əgər Türkiyə rəhbərliyi verdiyi vədin üzərində durmasa, bizim üçün böyük faciə yaşanacaq».

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Türkiyə ilə Ermənistan arasında protokolun imzalanmasının gözlənilən addım olduğunu qeyd edib: «Lakin bununla yanaşı, iki ölkə arasında protokolun imzalanması digər vətəndaşlarımız kimi məni də sarsıdıb. Hesab edirəm ki, Türkiyə tərəfi sözünün üstündə durmayacaq və Böyük Millət Məclisi bu protokolu ratifikasiya edəcək. Biz sadəcə həmrəyliyimiz istiqamətində təbliğat aparmalıyıq. Bu məsələdə bizim də üzərimizə böyük iş düşür. Çünki torpaqlarımızı yalnız özümüz azad edəcəyik. Nə hərbi müttəfiq, nə də qardaş ölkə bu məsələdə bizə yardım etməyəcək. Çalışmalıyıq ki, Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış etsin».

Protokolun imzalanmasının Azərbaycanda ciddi narahatlıq yaratdığını qeyd edən «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyənin tələskən addım atdığını vurğulayıb. Onun qənaətincə, Türkiyə tərəfi protokolun imzalanmasını Azərbaycan torpaqlarının işğaldan azad olunmasına qədər gecikdirməliydi: «Düşüncəmə görə, Türkiyə dövləti ən azından Ermənistan tərəfinin işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı bəyanatlarını gözləməli idi. Çünki iki ölkə arasında protokolun imzalanması Ermənistanın vəziyyətini xeyli yaxşılaşdırıb. Bu protokolun imzalanması ilə Ermənistan beynəlxalq izolyasiyadan çıxıb».

A.Quliyev Türkiyə Böyük Milət Məclisinin gec-tez bu protokolu təsdiqləyəcəyinə inanır. Onun sözlərinə görə, bunun üçün hər bir şərait var: «Ola bilər ki, protokolun ratifikasiya olunması müəyyən qədər gecikdirilsin. Amma bu məsələ Türkiyə parlamentində mütləq təsdiqlənəcək. Çünki Böyük Millət Məclisində iqtidarın təsirində olan və onu dəstəkləyən deputatlar çoxluq təşkil edir. Qorxulu məqam isə Qarbağ münaqişəsinin həll olunmasından tez, Türkiyə parlamentinin bu protokolu təsdiq etməsi olar. O zaman doğurdan da, faciə yaşanar».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu qorxduğu hadisənin baş verdiyini söyləyib. O, bundan sonra atılacaq addımların daha dərindən düşünülməsinin zəruriliyini deyib: «Bundan sonra çalışmalıyıq ki, iki qardaş ölkənin xalqı arasında soyuq münasibət yaranmasın. Çünki ba addımı Azərbaycana qarşı Türkiyə xalqı deyil, iqtidarı atıb. Çalışmaq lazımdı ki, iki ölkənin qeyri-hökümət təşkilatları, mediası həmrəy olsun. Türkiyə mediası ilə bərabər Azərbaycan mətbuatı da qardaş ölkənin iqtidarına verdiyi sözə əməl etməməklə bağlı təzyiq göstərməlidir. Türkiyə ilə Ermənistan istər-istəməz yaxınlaşacaq. Və bu yaxınlaşma Azərbaycan cəmiyyətini qıcıqlandıracaq. Belə bir məqamda Azərbaycan iqtidarının üzərinə daha böyük iş düşür. Hazırda Azərbaycan hakimiyyəti xalqla həmrəy olduğunu göstərməlidir. Hakimiyyət ictimaiyyətlə daha çox işləməlidir. Çünki beynəlxalq aləmlə təkbaşına mübarizə aparmalı olacaq».

Aqil Lətifov

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu