Modern.az

Faiq Ağayevə vurulan bıçaq yaralarından yalnız biri təhlükəli olub

Faiq Ağayevə vurulan bıçaq yaralarından yalnız biri təhlükəli olub

Ölkə

27 Sentyabr 2010, 14:31

Xəbər verildiyi kimi, Azərbaycanın xalq artisti  Faiq Ağayev ötən gecə, keçmiş “Kubinka” adlanan ərazidə bıçaqlanıb, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayevə də  naməlum şəxslər tərəfindən xəsarət yetirilib.
F.Ağayevə 6 bıçaq zərbəsi vuran şəxslər onu kürək nahiyəsindən, budundan , qarın nahiyəsindən yaralayıblar.
Hadisənin kimin tərəfindən hansı məqsədli törədildiyi hələlik məlum deyil, polis araşdırma aparır.
”Azadlıq” radiosuna Klinik Tibbi Mərkəzdən (KTM) baş həkiminin müavini Adil Salahov deyib ki, F.Ağayevin üzərində əməliyyat keçirilib, onun səhhəti normaldır, ona vurulan bıçaq yaralarından yalnız biri təhlükəli olub.

Daxili İşlər Nazirliyi xalq artisti Faiq Ağayevin bıçaqlanması ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Nəsimi rayonu ərazisində xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub.

O. Mansurzadə, həmçinin bildirib ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat qrupu törədən şəxslərin qısa zamanda müəyyənləşərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi digər məlumata görə, hadisəni törədən şəxslərin kimliyi məlumdur. Lakin istintaqla əlaqədar hələlik onların adı açıqlanmır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü